Bəzi insanlarda yanlış təfəkkür forması mövcuddur

Müqəddəs Ramazan ayı artıq başa çatmaq ərəfəsindədir. Bir qayda olaraq Ramazan ayının sonuncu günü, yəni bayram namazı qılınan müddətə qədər kasıblara, imkansız ailələrə, ailə başçısını, valideynlərini itirmiş şəxslərə fitrə zəkatı verilir.

Hacı Samir Əzizov: "Onlar ilin bütün gününü eyş-işrət içərisində, kef məclislərində keçirib bayram günü müəyyən miqdarda fitrə zəkatı verərək günahlarının yuyulduğunu zənn edir"

Müqəddəs Ramazan ayı artıq başa çatmaq ərəfəsindədir. Bir qayda olaraq Ramazan ayının sonuncu günü, yəni bayram namazı qılınan müddətə qədər kasıblara, imkansız ailələrə, ailə başçısını, valideynlərini itirmiş şəxslərə fitrə zəkatı verilir. Ancaq maraqlısı və təssüflüsü odur ki, Ramazan ayının başlama tarixi kimi fitrə zəkatının miqdarının müəyyən edilməsində də ziddiyətli fikirlər səslənib. Fitrə zəkatının verilməsi ilə bağlı müxtəlif qiymətlər səsləndirilib. Bəziləri adam başına fitrə zəkatının 5 manat müəyyən edildiyini, bir başqaları isə onun 3 kiloqram buğda, xurma və s. məhsulların qiymətinə bərabər şəkildə müəyyənləşdirildiyini deyir. Bəs görəsən dinimizdə fitrə zəkatının miqdarı barədə müəyyən bilgilər yer alıbmı?

İlahiyyatçı Hacı Samir Əzizov əvvəlcə fitrə zəkatının mahiyyəti barədə məlumat verərək bildirib ki, fitrə zəkatı Müqəddəs Ramazan ayının bitməsi münasibətilə verilən vacib zəkatlardan biridir. Onun sözlərinə görə, elə bununla əlaqədardır ki, əslində Ramazan bayramının adı islami termin olaraq "eyd-ul fitr " yəni Fitr Bayramı anlamına gəlir: "Maddi baxımdan imkanı çatan hər bir müsəlmanın özü və öhdəsində olan kəslər üçün fitrə zəkatı verməsi vacibdir. Adətən fitrə zəkatı dolanışıq səviyyəsi yaxşı olmayan ailələrə verilir. Yaxşı olar ki, bu zəkatı hər bir imkanı çatan müsəlman yaxınlarında olan fəqirlərə versin. Ancaq onu da qeyd edim ki, bu imkana sahib olmayan müsəlmanlar fitrə zəkatını verməkdən azaddır. Fitrə zəkatının miqdarının müəyyən edilməsinə gəlincə bu zəkat növü hicri tarixinin 2-ci ilində, Ramazan ayının sonunda, Hz.Mühəmməd (s.ə.ə.s) tərəfindən müsəlmanlara elan edilmişdir: " Fitrə zəkatın bir növüdür. Zəkat insanın təmizlənməsi anlamına gəlir. Qurani Kərimdə Əla surəsinin 14-cü ayəsində Allah təala (c.c) buyurur: Həqiqətən özünü təmizləyərək pak edən, təkamülə yetişən və zəkat verən şəxs nicat tapmışdır. Amma fitrə zəkatının miqdarı xüsusi olaraq Quranda qeyd olunmamışdır. Nəql olan rəvayətlərdən bizə məlum olur ki, Cəfəri fiqhinə əsasən fitrə zəkatının miqdarı həmin bölgədə daha çox istifadə edilən aşağıdakı ərzaq növlərinin birindən adambaşına bir sa, yəni 3 kiloqram olmaqla hesablanır. Həmin ərzaq məhsulları isə bunlardır. Buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı. Vacib deyil ki, yalnız həmin ərzaq fitrə zəkatı kimi verilsin. Bu qeyd edilən ərzaq məhsullarının qiymətinə uyğun olan məbləğdə pul da verilə bilər. Əhli sünnə məzhəblərinə görə isə bütün ərzaq növləri üçün adambaşına 1 sa, yəni 3 kiloqram miqdarda verilməlidir. Hənəfi fiqhində isə buğda üçün adambaşına yarım sa (təqribən 1,5 kiloqram) müəyyən edilib. Qalan ərzaq növləri üçün ölçü isə 3 kiloqramdır. Göründüyü kimi burada elə bir ixtilaflı məsələ yoxdur". Hacı Samir Əzizov onu da diqqətə çatdırıb ki, fitrə yalnız cana görə deyil, eyni zamanda mala-mülkə görə də verilməlidir. Onun sözlərinə görə, ancaq mal-mülkə görə verilən fitrə fərqlidir və eyni zamanda vacibdir: " Amma bu zəkata həm də fitrə zəkatından əlavə, zəkatul-əbdan, yəni bədənlərin zəkatı deyilir. Ona görə də can zəkatı anlamına gəlir". Hacı Samir Əzizov qeyd edib ki, fitrə zəkatını Ramazan ayının son günündə, məğrib azanından sonra ayırmaq və Fitr bayramı günü bayram namazı qılmazdan əvvəl öz ünvanına çatdırmaq müstəhəbdir: "Əgər bu mümkün olmazsa, bayram namazı qılınandan sonra mümkün olan ən qısa vaxt ərzində ödənməlidir. Yəni burada mütləq bu vaxt verilməlidir deyə yanaşmaq olmaz. Ancaq bütün halda fitrə hər bir müsəlman şəxsin öhdəsində olan vacib hökmlərdən biridir. Bu hökm də başqa hökmlər kimi yerinə yetirilməlidir". İlhaiyyatçının sözlərinə görə, bəzi insanlar ilin bütün gününü eyş-işrət içərisində, kef məclislərində keçirib bayram günü müəyyən ağırlıqda, miqdarda fitrə zəkatı verərək günahlarının yuyulduğunu zənn edir: "Təssüflər olsun ki, bəzi insanlarda belə bir yanlış təfəkkür forması mövcuddur. Mən bəzi işləri görməklə başqa günahlarımı sığortalayım, yəni fitrə verim, günahlarım bağışlansın, sonra da başqa günahlarıma davam edim. Bu eynilə orta əsrlərdə keşişlər tərəfindən satılan "cənnət qəbzləri" mahiyyətindədir. İmkanı olanlar "cənnət qəbzləri" alıb, cənnətə "düşürdülər". Hər bir əməldə olduğu kimi bunda da qəsdi qürbət, Allaha yaxınlaşmaq məqsədi olmalıdır. Bu əməl insanı Allaha yaxınlaşdırmalıdır. Əgər belə olmazsa, məqbul sayılmır. Ona görə də həmin fikrə düşən insanlara təssüf edirəm. Onların doğru yola gəlmələrini arzulayıram. İnsanın günahlarını yalnız Allah bağışlayar və Allahın buyurduqlarına nə qədər əməl etsək, pis işlərdən, vərdişlərdən uzaq olsaq onun savabı, xeyri ilə də daha tez-tez rastlaşarıq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00