İmtahan həyəcanı yaxınlaşır

Artıq orta məktəblərin buraxılış imtahanları başa çatıb. Qarşıdan isə tələbə olmaq arzusu ilə yaşayanlar üçün növbəti mərhələ, qəbul imtahanları gəlir.

Abituriyentlərə necə yardımçı olmaq olar?

Artıq orta məktəblərin buraxılış imtahanları başa çatıb. Qarşıdan isə tələbə olmaq arzusu ilə yaşayanlar üçün növbəti mərhələ, qəbul imtahanları gəlir. Bu aydan başlayacaq qəbul imtahanlarınn hələlik əvvəlki illərdə olduğu kimi keçiriləcəyi bildirilir. Düzdür, zaman-zaman qəbul imtahanlarının keçirilməsi qaydalarının dəyişəcəyi bildirilsə də, reallıq ondan ibarətdir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğvm edilib əvəzində yeni bir qrumun yaradılmasına baxmayaraq hələlik qəbul imtahanlarının prosesində radikal dəyişikliklərin həyata keçirilməsi günün mövzusu deyil. Ancaq gələcək illərdə bunun baş verəcəyi də istisna edilmir. Hələlik isə diqqəti qəbul imtahanı zamanı abituriyentlərin imtahan prosesi zamanı keçirə biləcəkləri həyacanı aradan qaldırmağın yollarına diqqət yetirək. Bu bir danılmaz faktdır ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin mütləq əksəriyyəti həyəcan keçirir. Yaranmış həyəcan isə abituriyentin bildiklərinin yadından çıxmasına səbəb olur.

Psixoloq Elvira Kərimova deyir ki, uşaqların bilik səviyyələrinin ölçülməsi üçün aparılan imtahanlara uşaqlar xarakterik xüsusiyyətlərindən asılı olaraq, bir-birlərindən fərqli şəkildə reaksiya verir: "Uşaqları imtahan stressindən uzaqlaşdırmaq üçün tək öhdəlik onların boynuna düşmür. Eyni zamanda ailələrə və müəllimlərə də böyük öhdəlik düşür. Uğursuzluq qorxusu yaşayan uşaqlarda imtahandan əvvəl, imtahana hazırlaşarkən və imtahan vaxtı çox fərqli əlamətlər özünü göstərə bilər. Bu əlamətlər psixoloji və ya fizioloji ola bilər. Valideyn və müəllimlərin əvvəlcədən bu əlamətləri görməsi, bu sıxıntıların aradan qaldırılması üçün böyük əhəmiyyətə malikdir. Çünki uşaqlar sıxıntıları ifadə etməkdə böyüklərə nisbətən çətinlik çəkirlər". Bəs uşaqların yüksək səviyyədə imtahan stressi yaşadığını hardan anlaya bilərik? Elvira Kərimovanın sözlərinə görə, əgər, uşaqlarda düşüncələrini toplaya bilməmə və ifadə edəməmə. öyrəndiklərini unutmaq və yaza bilməmək, diqqətini verə bilməmək, sualları başa düşməkdə çətinlik. ürəyin sürətlə döyünməsi. əllərin titrəməsi, istilik basması və baş fırlanması. mədə bulantısı və baş ağrısı. gərginlik və əsəbilik, inamsızlıq və mənfi düşünmə və qorxu hissi.varsa, deməli uşaq imtahan stressini həddindən artıq çox yaşayır. Bəs bu əlamətlərdən bir neçəsi mövcuddursa, bunu necə aradan qaldırmaq lazımdır? Valideynlər uşaqlarına necə kömək edə bilərlər? Psixoloq deyir ki, birinci növbədə uşaqlarda bu həyəcanı tam ortadan qaldırmaq lazım deyil: "Əsas olan onlara bu həyəcanı idarə edə bilməyi öyrətməkdir. Əgər uşaq bir işə qarşı heç bir həyəcan keçirmirsə, demək ki, heç o işi önəmsəmir. Bu halda o işə motivasiya olmaq da qeyri-mümkündür. Bir işə qarşı məsuliyyət və həyəcan duymaq o işi yaxşı görməyimiz üçün bir səbəbdir. Uşaq bir işə qarşı həyəcan duyursa, deməli, bu işə qarşı daha çox istək və önəm verir və bu da şagirdin bu işi daha yaxşı yerinə yetirməyinə səbəbdir. Bizə düşən öhdəlik onların bu həyacanını bacardığımız qədər azaltmaqdır. İkinci, zamanı düzgün istifadə etməkdə uşağa köməklik göstərin. Şagirdlər bəzən verilən zamanın onların yazacağı imtahan suallarınayetməyəcəyini düşünür və özlərini panikaya salırlar. Zamanı düzgün bölmək üçün ilk əvvəl düşünülməlidir ki, verilən vaxt elə hesablanıb ki, bütün sualları sona qədər oxuyub və həmin suallara cavab vermək üçün kifayət etsin. Bu qanunla, uşaqların bilik səviyyəsi nəzərə alınaraq uyğunlaşdırılıb. Sadəcə vaxtı düzgün bölməklə tam rahat şəkildə yerinə yetirmək mümkündür. Üçüncü, imtahan şagirdin xarakterini deyil, savadını ölçər. Əgər uşaq bu imtahanın savadının yox xarakterinin ölçüldüyünü və bu imtahan nəticəsinə görə dəyərləndiriləcəyini düşünürsə. onun həyəcanı daha da artar. Özünü imtahan nəticəsinə görə "dəyərsiz və yetərsiz" görən uşaq özünə güvənini itirəcək və imtahana qarşı qorxu artacaq. Burada da məsuliyyət yenə də valideynə düşür. Valideyn nəticədən asılı olmayaraq uşağın əziyyəti mütləq dəyərləndirilməlidir. Çünki, əlindən gələni edən lakin aşağı nəticə verən uşaq ətrafı tərəfindən danlanılırsa, özünü çox çarəsiz hiss edər. İlk əvvəl uşağın əziyyəti dəyərləndirməli sonra yaranan problemin həllinə yönəlilməlidir".

Kamal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00