Azərbaycan Mətbuat Şurası ahıl jurnalistin 70 yaşını qeyd etmişdir

Azərbaycan Mətbuat Şurası bu gün Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist, yazıçı-publisist və naşir Oqtay Əliyevin (Ərgünəş)in anadan olmasının 70 və yaradıcılığının 50 illiyi münasibəti ilə yubiley toplantısı keçirmişdir.

Azərbaycan Mətbuat Şurası bu gün Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist, yazıçı-publisist və naşir Oqtay Əliyevin (Ərgünəş)in anadan olmasının 70 və yaradıcılığının 50 illiyi münasibəti ilə yubiley toplantısı keçirmişdir.

Mərasimi giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov Oqtay Əliyevin jurnalist, naşir kimi fəaliyyətindən danışmış, bədii yaradıcılığını səciyyələndirmişdir. Şura sədri yubilyarı təbrik etmiş, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulamışdır.

Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov,şairlərdən Oqtay Rza və Ramiz Məmmədzadə, əməkdar jurnalist Tahir Aydınoğlu, Füzuli Rayon İcra Hakimiyyətinin əməkdaşı Vidadi Tağıyev, yazıçı-publisistlərdən Fazil Abbasov, Yəhya Əliyev, İmaməddin Zəkiyev və digər çıxış edənlər Oqtay Əliyevin mənalı ömür yolundan, yaradıcılığının diqqəti çəkən məqamlarından söhbət açmışlar.

Bildirilmişdir ki, Oqtay Bəndalı oğlu Əliyev Füzuli rayonunun İkinci Mahmudlu kəndində anadan olmuş, Peraqoji İnstitutda və Tibb Texnikumunda təhsil almışdır. 1973-cü ildə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsini bitirmişdir. Sumqayıt şəhərində bir sıra tikinti və tibb müəssisələrində işləmişdir. 1966-cı ildə "Sosialist Sumqayıt"ı şəhər qəzetində jurnalist fəaliyyətinə başlayan Oqtay Əliyev 1968-ci ildə Füzuli rayonunda yenidən nəşrə başlayan "Araz" qəzetinə işə göndərilmişdir. O az sonra redaktor müavinliyinə irəli çəkilmiş və 1985-ci ilədək həmin vəzifədə işləmişdir.

Həmkarımız 1985-ci ildən Respublika Mətbuat və İnformasiya Nazirliyi nəzdində Füzuli rayonlararsı birləşmiş mətbəələr birliyinin baş direktoru vəzifəsində çalışmış, 1997-ci ildə isə yeni nəşrə başlayan "Qayıdış" qəzetinin redaktoru, "Nigar-Ə", "Vüqar-Ə" nəşriyyat-poliqrafiya müəssisələrinin direktoru olmuşdur. Hazırda "Ərgünəş" FM-nəşriyyat-poliqrafiya müəssisəsinin direktorudur.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü olan Oqtay Bəndalı oğlu Əliyev "Qızıl qələm" və Rəsul Rza mükafatları laureatıdır.

Yazıçının 70 illik yubileyi ərəfəsində seçilmiş əsərlərin ikicildliyi, yaradıcılığı barədə monoqrafiya və həyat fəaliyyətindən bəhs edən "Çinarlaşan ömür" xatirə kitabı çap olunmuşdur.

Yazıçı-jurnalist Oqtay Əliyevin minlərlə məqalə, oçerk və felyetonu respublika mətbuatında nəşr edilmişdir. Bir sıra sənədli və bədii kitabın müəllifidir.

Mərasimin sonunda Oqtay Əliyev həyat və yaradıcılığına verilən dəyərə görə Mətbuat Şurasına minnətdarlığını bildirmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00