İran sərhəddinə qədər yeni dəmir yolunun 7 kilometrində torpaq yatağının işlənməsi başa çatıb
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq.
4 İyul 2016 15:26 Sosial"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisinin reallaşdırılması istiqamətində mühüm addımların atılması, Azərbaycanın tranzit potensialının artırılmasında, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynayacaq. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Sərəncam imzalayıb. "OLAYLAR"-ın Dövlət Dəmir Yoluna istinadən verdiyi xəbərə görə, həmin Sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməli qoyulub, 1 mart 2016-cı ildən Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda yeni dəmir yolu xəttinin tikintisinə start verilib. Aradan keçən qısa zaman ərzində Astara çayı üzərində tikiləcək dəmir yolu körpüsün aşırımında 24 ədəd 32 metr dərinliyində özül qoyulub, iki aşırımın dayağı tikilib. Astara stansiyasından İran İslam Respublikası dövlət sərhəddinə qədər birxətli 8, 3 km uzunluğunda dəmir yolu xəttinin 7 kilometrində torpaq yatağının işlənməsi başa çatdırılıb. Relyefi mürəkkəb olan əraziyə 100-ə yaxın texnika cəlb olunub. Bu günə kimi 280000 kub-metr qum, qaya daşı, çınqıl döşənib və köhnə dəmir-beton məmulatı döşənib. Ərazidə çirkab sularının axıdılması üçün 14 ədəd suötürücü qurğu tikilməlidir. Bunun 7 ədədi artıq hazırdır. Eyni zamanda dəmir yolu xəttinin çəkildiyi ərazıyə düşən elektrik və qaz xətlərinin köçürülməsi davam etdirilir. Bu işlər yaxın vaxtlarda başa çatacaq. Bütövlükdə bu ərazıdə köçürülməli olan 315 obyekt var. Bunun da 10-u yaşayış evidir. Artıq 60 yaxın obyektin, o cümlədən 3 evin köçürülməsi başa çatıb. Digərlərinin sənədləşməsi aparılır. Həm körpünün, həm də dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır.