Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb
Dövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etdiyi məlumata əsasən ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarının ilkin nəticələri məlum olub.
4 İyul 2016 15:04 SosialDövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etdiyi məlumata əsasən ölkə üzrə IX və XI siniflərin buraxılış imtahanlarının ilkin nəticələri məlum olub. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır. XI siniflər üzrə imtahanlarda 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. XI sinif buraxılış imtahanları üzrə ötən ilki nəticələrlə müqayisədə əsaslı dəyişiklik qeydə alınmamışdır. Qeyd edək ki, ötən il buraxılış imtahanlarına xarici dil (və ya kimya) fənni üzrə kafi qiymət almaq üçün 6 suala doğru cavab verilməsi tələb olunurdusa, cari ildə bu tələb 7 doğru cavaba qədər artırılmışdır. IX sinif imtahanlarının nəticələri son 4 ildə davamlı olaraq yaxşılaşmaqdadır. Bütün fənlərdən müsbət qiymət alan məzunların faiz göstəricisi 2012-ci il ildə 50,3 idisə, 2016-cı ildə bu göstərici 67,3 faizə qədər yüksəlib. IX sinif buraxılış imtahanlarının nəticələrinin illər üzrə dinamikası aşağıdakı qrafikdə göstərilib. Buraxılış imtahanlarında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylər, özəl təhsil müəssisələri və hərbi liseylərin, həmçinin Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir şəhərlərinin, o cümlədən Abşeron, Qax, Oğuz, Qubadlı, Xızı, Şahbuz, Şərur rayonlarının ümumi təhsil məktəblərinin göstəriciləri yüksək olub.