Elçin Hüseynbəyli yazır... Əliş, Vəliş və “ortamənzərəli qadın...”

Yazıçılar Birlyində, öz otağımda oturmuşam. Başım yazıma qarışıb. Birdən qulağıma səs-küy gəlir. Dəhlizə çıxıram. Yaxşı tanıdığım iki ahıl yazarımız mübahisə edir, daha doğrusu mübahisə tərəflərindən biri dəhlizin o başına çatıb, indi pillələrlə üçüncü mərtəbəyə düşəcək. Dəhlizin o başındakı pəncərədən günəş parlayır, axşama yaxındır.

Elçin Hüseynbəyli

Əliş, Vəliş və "ortamənzərəli qadın..."

Belə söz eşitmisiz: "Ortamənzərəli qadın?"

Mən "hə" deyirəm...

Yazıçılar Birlyində, öz otağımda oturmuşam. Başım yazıma qarışıb. Birdən qulağıma səs-küy gəlir. Dəhlizə çıxıram. Yaxşı tanıdığım iki ahıl yazarımız mübahisə edir, daha doğrusu mübahisə tərəflərindən biri dəhlizin o başına çatıb, indi pillələrlə üçüncü mərtəbəyə düşəcək. Dəhlizin o başındakı pəncərədən günəş parlayır, axşama yaxındır.

Ahıllardan biri, qoy onun adı Vəliş olsun, həmni yazarın arxasınca belə deyir:

-Get, namərd!

O biri ahıl, onun da adı Əliş olsun, gün işığında geri qanrılıb, şəhadət barmağını gicgahında fırladır: yəni sən dəlisən. Və dəhlizdən çıxır. (Lap pyesə...oxşadı).

Mən Vəlişdən soruşuram. Yox, yaxşısı budu sizi öz personajlarımla yaxından tanış edim.

Vəliş bizim səmimi şairlərimizdəndi: rübailər və ithaf şeiləri yazır, onlarla da əməlli başlı öyünür. Ailəsində repressiya qurbanı olmasa da, "ov", "yev" şəkilçilərini sevmir. Onun öz sözlüyü var. Anton Çexova "Anton Çex" deyir, kontura "say", mobil telefona "çevik telefon" adı verir....

Əliş də şairdi, sərbəst poeziyadan bəhrələnir, türkçüdü, müdrikliyə meyllidir...

Deməli belə, Vəlişdən soruşuram ki, nə məsələdi?

O da əsəbi - əsəbi, paltosunun qolunu dartışdıra-dartışdıra deyir ki, bəs, ortamənzərəli bir xanımla iki həftə əvvəl poeziya məclisində tanış olub. Qadın mahnı oxuyub, o şeir söyləyib. Qadın deyib ki, sən yaxşı şairsən, şair də deyib ki, sən yaxşı oxuyursan. Beləcə səmimi ünsiyyət yaranıb, komplimentlər işə düşüb. Öz tərəfimdən sevinclə əlavə edim ki, bu ifadə mənə məxsusdur: "Kompliment həqiqətin səmimi ifadə formasıdır."

Vəliş deyir ki, ortamənzərəli həmin xanımın adı yadında qalmayıb. Ona görə də biz özümüz ona ad verək. Məsələn, Çiniş.

Deməli Vəlişin sözlərindən belə qanıram ki, Çinişlə bağlı test keçirsəydilər, cavanlar belə cavab verərdi: çox eybəcərdi, əti sallanır. Orta yaşlılar "qəşəng deyil" qiymətini verərdilər. Qocalar isə, "yaxşıdır, canı hələ suludur" deyərdilər. Mənə qalsa, Vəlişin sözündən anladım ki, həmin qadın köhnə ev kimi bir şeydi, onu təmir eləməkdənsə, söküb yenisini tikmək lazımdır.

Vəzliş əlini qarnının üstündə çarpazlayıb danışır:

-O xanım mənə zəng elədi, mən də görüş yerini təyin elədim. Sonra dedi ki, sayı (konturu) qurtarıb, mən də ona bir şirlik (şirvanlıq) say göndərdim, pulu əlinə vermədim ki, şirnikər. Bütün nazlı xanımlar kimi, o da düz 40 dəqiqə gecikdi. Oturub yemək sifariş elədik. Birdən bu gəldi (yəni Əliş). Əvvəl qulağıma pıçıldadı ki, hesabı kim verəcək? Mən də dedim ki, alman hesabı. Sonra bu kefləndi, xanımdan xoşu gəldi, başladı ona girişməyə. Axırda da təzə pullardan çıxarıb dedi ki, hesab mənlikdir. Şərəfsizliyə bax e! O qadın da suyuldu. Ondan əvvəl bu

şərəfsiz mənə nə desə yaxşıdı: Dostum, belə gözəl qadını bu ucuzxanaya yox, ona layiq ən bahalı restorana dəvət eləməliydin!?

Ortamənzərəli də qayıdır ki, düz deyir.

Onda mən acıqlandım və qadına acıqlanıb dedim:

-Dur, rədd ol burdan!

Əvvəlcə o getdi, sonra da bu (yəni Əliş).

-Eybi yox, -deyirəm, - olan şeydi. Onsuz da onun nəyi var ki, qadının xoşuna gələ.

Bu dəfə ürəkdən gülür. Sanki öz yaşını yaddan çıxarıb. Sizə deməmişəm axı, ahıl dostlarım 80-ni haqlayıblar.

Vəliş əlini təzədən qarnının üstündı çarpazlayır, məmnun halda barmaqlarını oynadır və soruşur:

-Necə deyirsən, bəy, bəlkə gedim o ortamənzərəlidən bir şirimi alım?

-Sizə yaraşmaz, ustad, -deyirəm, - siz axı centlmensiniz.

Özüm qəsdən "kişiliyə yaraşmaz" ifadəsini işlətmirəm, eləcə "centlemen" sözündən yararlanıram. Yad söz ona yapışmaz və xətrinə dəyməz.

O böyük şövqlə yenidən Əlişin dalınca danışır. "Namərd" deyə qışqırır. Bu zaman həmin ortamənzərəli xanım gəlib çıxır. Vəliş üzünü yana çevirir. Çiniş deyilən həmin ortamənzərəli qadın Vəlişin yana çevirdiyi üzündən öpür...

Siz bircə Vəlişin üzündəki sevinci və məmnunluğu görəydiniz!!!

Iyul 2016

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00