Məktəbli paltarını çıxarıb gəlinlik geyinənlər
“Apokalipsis” deyilən bir termin var – dünyanın sonu, bəşəriyyətin məhvi deməkdi. Hər dəfə insanlığa sığmayan, mənəviyyatdan kənar hadisələri gördükcə, eşitdikcə bu sözün tutumu divara mismar vuran çəkic taqqıltısı kimi beynimdə səslənir. İstər dünya çapında, istərsə də bizim məmləkətdə baş verən qanlı hadislər, əxlaqsızlıqlar apokalipsisə işarə deyil, bəs nədir?
4 İyul 2016 13:12 Sosial"Apokalipsis" deyilən bir termin var - dünyanın sonu, bəşəriyyətin məhvi deməkdi. Hər dəfə insanlığa sığmayan, mənəviyyatdan kənar hadisələri gördükcə, eşitdikcə bu sözün tutumu divara mismar vuran çəkic taqqıltısı kimi beynimdə səslənir. İstər dünya çapında, istərsə də bizim məmləkətdə baş verən qanlı hadislər, əxlaqsızlıqlar apokalipsisə işarə deyil, bəs nədir?
Elə bir gün yoxdu ki, ən azı, əsəbilərimizə toxunacaq bir hadisə baş verməsin. Kriminal xəbərlər fonunda elə hadisələr eşidirik ki, qanımız damarımızda donur. Bıcaqlanma, güllələnmə kimi qətllər, yol qəzaları, oğurluq hadisələri, qız qaçırma, itkin düşmə və s. cinayətlər bu gün az qala, adi məişət hadisəsinə çevrilib.
Yazıda bu sadaladıqlarım haqqında daha geniş fikir söyləməyəcəm. Başqa bir nəsnə - erkən nikahlar, onları doğuran səbəblər və bunun fəsadları haqqında düşüncələrimi paylaşacam. İlk cümlələri isə ona görə elə başladım ki, 13-14 yaşlı qızın ərə gedib uşaq doğması da digər cinayətlər kimi apokalipsisə - sona gedən yolun başlanğıcıdı.
Azərbaycan SSRİ kimi nəhəng bir imperiyanın tərkibində olanda qızlar ərə getməkdən çox ali təhsil haqqında düşünürdülər. Özü də zaman o zaman idi ki, elmi-texniki tərəqqi bu günkü kimi inkişaf etməmiş, dünyaya internet vasitəsi ilə birbaşa çıxış haqqında primitiv təsəvvür belə yox idi. Sual oluna bilər: yoxsa bu gün yeniyetmə qızların erkən nikahlanmasının səbəbi internetdi? Təbii ki, internet deyil, təbii ki, elmi-texniki tərəqqi deyil. Səbəb bu inkişafdan geri qalan ailə başçılarının cahilliyi, avam düşüncəsi, həyata kor-korana baxışlarıdı. Ağrılı səbəbdi. XXI əsrin ikinci onilliyində insanların cahil düşüncələrlə ilə yatıb-durması, fikir yürütməsi, öz avam hərəkətlərinə uyğun planlar qurmasından ağrılı nə ola bilər ki?
Övlad qəlbin meyvəsidi, qız övladı isə bu meyvələrin ən dadlısı, ən ləzzətlisidi. Amma "Azərbaycan ailələrinin çoxunda bu gün qız övladına qarşı bir antipatiya yaranıb" desəm yəqin ki, məni qınamazlar. Ona görə də həmin cahil ailələrdə qız övladları 13-14 yaşlarına çatanda onu ərə verməyin planı üzərində çalışırlar. Bu hal kənd rayonlarında az qala kütləvi hal kimi müşahidə edilir, xüsusilə də cənub zonasında daha qabarıq görünür. Valideynlər qızlarının məktəbli formasını əynindən tam çıxarmamış gəlinlik geyindirməyi şərəf işi hesab edirlər və bunu övladlarına da təlqin etməyə çalışırlar.
İki gün əvvəl saytlarda bir xəbər yer aldı: Quba rayonu Barlı qəsəbə sakini, 14 yaşında nişanlı olan Güldanə Tağıyeva itkin düşüb, özü də bu gün yox, üç ay əvvəl yoxa çıxıb. Üç aydı itkin düşmüş bu qızcığaz tapılmır, taleyin oyunu onu hansı tərəfə atıb bilinmir. Və belə bir ehtimal üzərində daha çox dayanırlar ki, görəsən, Güldanənin nişanlısı ilə aralarında problem olubmu? Valideynlər isə nişanlılar arasında problemin olması ehtimalını sıfıra endirirlər. Halbuki bu ehtimal üzərindən keçərək demək lazımdır ki, əziz valideynlər, ən böyük günah sizdədir. Qızınıza oxumaq, elmi başa salmaq, gələcəkdə öz ayaqları üzərində sərbəst durmağın yolunun ali təhsildən keçdiyini öyrətməmisiniz. Onu inandırmısınız ki, "əl çörəyi yox, ər çörəyi yeməlidi". Yox, əgər nişanlısı ilə aralarında bir-söz-söhbətin yaranma ehtimalı olubsa belə, yenə bunun məsuliyyəti sizin boynunuza düşür. Orta məktəbi başa vurmamış, 8-ci sinif şagirdini məktəbdən ayırmaqda hansı doğru hərəkətə imza atdığınıza əminsiniz? Yoxsa qızınızın qəlbində sevgi baş qaldırdığını söyləyəcəksiniz? Bunu inkar etmirəm. O yaşda sevgi ola bilər, amma bu, ötəri bir hissdi, davamlı ola bilməz. 14 yaşında qızın qəlbindəki sevgi qığılcımını onun barmağına taxdığınız dəmir parçası - üzüklə alovlandırdığınızı düşünürsünüz. Bəs, sabah toydan sonra onun ər evində hansı problemlərlə qarşılaşa biləcək ehtimalını niyə heçə sayırsınız?
Evlənmək üçün insan özünü hazır hiss etməlidi, kənardan onu buna məcbur etmək olmaz. 14 - 15 yaşlı yeniyetmə hələ ailənin nə olduğunu, qarşıya cıxacaq problemləri, hər gün üzləşəcəkləri çətinlikləri necə həll edəcəklərini bilmirlər. Bu yaş gəncliyə doğru gedən yolun hələ bitməyən pilləsidi. Bu pillənin üzərində duran yeniyetməni valideyn oradan zorla qoparır. Həyat adlı universitetə heç bir imtahan verməmiş onu həyatın amansız burulğanlarının qoynuna atır. Bu problem ildən-ilə kəskinləşir.
Bəzən valideynlər bunu maddi vəziyyələ əlaqələndirirlər. Ali məktəbdə oxuda bilmək üçün pullarının olmadığını bildirirlər. Ya da deyirlər ki, onun təhsilinə filan qədər pulu havayı verməkdənsə, həmin məbləğə cehiz alıb ərə verərik. Halbuki təhsilə verilən pul heç vaxt havaya uçmur, gec-tez öz bəhrəsini verir. Bunu görməyən valideyn kordur. Amma bir həqiqət də var. Heç kimə sirr deyil ki, indi Azərbaycanda həm orta məktəblərin, həm də ali məktəblərin çoxunda təhsil səviyyəsi elə də yüksək deyil. Ona görə də həm valideynlər, həm də qızlar birtəhər təhsili başa vurub diplom alandan sonra iş tapmaq problemi ilə qarşılaşıb işsiz qalmaqdansa ərə getməyə üstünlük verirlər. 14 yaşlı qızlar diplomlu qohumlarında, tanışlarında buna şahid olurlar və oxumaqdan çəkinirlər. Amma savadlı, elmli, sabaha açıq gözlə baxan valideyn qızının ali təhsil alması üçün hər varianta əl atır.
Bəzən də erkən nikahlara səbəb kimi din faktorunu önə çəkirlər. Halbuki İslam dini VII əsrdən bəri qızların diri-diri basdırılmasının qarşısını aldığı kimi, onların cəmiyyətdə daha üstün yerdə dayanmasının vacibliyini də dönə-dönə vurğulayır. Amma bu gün İslamın bu gözəl tərəfinə göz yumub müxtəlif dini cərəyanlara qoşulanlar üçün qızlarını erkən yaşdan, həm də dini nikahla ərə vermək sərf edir. Bu dini qruplaşmalarda Quranı, İslam dinini doğru-düzgün izah etmirlər. Guya müqəddəs Kitabda 13 yaşda ailə qurmaq haqqında Allahın xüsusi göstərişi olduğuna inandırırlar. Belə cəfəngiyyatı beyinlərinə hopduran cahil "dindarlar" da qızlarını məktəbə qoymur, erkən yaşdan ailə qurmağa məcbur edirlər. Hətta vəziyyət o dərəcəyə çatır ki, məktəblərdə qızların nişanlanması uğrunda rəqabət gedir. Bax bu, faciədi... sondu.
Belə halların qarşısının alınmasında məktəblə ailə arasında yaranan birliyin faydası çoxdu. Bu iş birliyi sinif rəhbərinin fəaliyyətinin ən mühüm hissəsi olmalı, eləcə də məktəb direktoru kənarda qalmamalıdır. Çünki məktəbdə baş verən belə neqativ hallara hamıdan çox o,
cavabdehdi. Yeri gəlmişkən deyim ki, "məktəb-ailə birliyi"ni özündə ehtiva edən təhsil ocaqları var. Orda çalışan pedoqoji kollektiv erkən nikahların qarşısının alınması üçün gücünü sərf edir. Amma belə məktəblər həm barmaqla sayıla biləcək qədər azdı, həm də müəllimi, direktoru dinləməyən, onların söylədiklərini qulaqardına vuran valideynlər istənilən qədərdi. Əgər məktəb direktoru valideynlə bacara bilmirsə, hüquq-mühafizə orqanları bu məsələdə daha kəskin mövqe bildirməlidirlər.
Təəccüblü də olsa 13-14 yaşlı qızların çoxu hələ də gəlinciklə, "mişka" ilə oynayır. Doğrudu, 20-30 il əvvəlin qızlarından fərqli olaraq onlar toy gecəsi haqqında daha məlumatlıdırlar. Həmin gecə ərə getdiyi oğlanla münasibət qurmağın yollarını da bacarırlar. Çünki illərlə dərs kitablarının ağzı açılmayıb, əvəzində anaları "ərə getmək" kitabını necə oxumağı öyrədiblər. Amma düşünməyiblər ki, erkən yaşdan ərə verdiyi qızı bir-iki ildən sonra dünyaya gətirdiyi uşağına mükəmməl ana ola biləcəkmi? Təcrübə göstərir ki, bir evin gəlini olsa da, qadınlığın yükünü çiyinlərində daşımağı bacarmayan, hələ də "mişka" ilə oynayan, özü uşaq olanlar uşağının tərbiyəsini hansı yönümdə verə biləcəyini bilmirlər. Körpə ilə məşğul olmaq ona çox çətin olur. Uşaq xəstələnəndə, yaxud bir yeri ağrıyanda ana olaraq ona diqqət göstərmək, səbrli olmaq kimi hiss və duyğu erkən yaşda inkişaf etmədiyi üçün əsəbləri tez sıradan çıxır. Amma 25-26 yaşlı gəlin dünyaya gətirdiyi uşağının "üstündə əsir", ona münasibətdə təmkinli olur, hər cür nazına dözür, qayğısını can-başla çəkir. Birincilər uşaqlarının tərbiyəsində, dünyaya baxışlarında da yanlışlığa yol verirlər. Çünki gözlərini açdıqları evdə analarından aldığı tərbiyədən kənar heç nə bacara bilmədikləri üçün onlar da sbah qızlarını eyni yaşda ailə qurmağa təhrik edəcəklər. İkincilərin verdiyi tərbiyə isə daha bütöv olur.
Erkən yaşda nikaha girib ərə gedən qızların ailə münasibətlərinə daxil olması qanunla cinayətdi. Amma nə yazıqlar ki, yerlərdə hüquq-mühqfizə orqanları buna göz yumurlar. Hətta az yaşlı qızların toyunda qol götürüb oynayanlar da var. Bəs, çıxış yolu nədi? Erkən nikahların qarşısını necə almaq olar? Zənnimcə, bu məsələdə maarifçiliyə çox böyük ehtiyac var. Televiziyalarda hər gün göstərilən şou-proqramların sayını minimuma endirib cəmiyyətdəki bu cür tərbiyəsizliyə qarşı ciddi təbliğat aparmağın vaxtıdı. Əminəm ki, bu yolla azyaşlı qızların ərə getməsinin qarşısını almaq olacaq. Əks halda gözəlliyi ilə öyündüyümüz Azərbaycanımızın mənəvi dəyərləri tamamilə sıradan çıxıb çürüyəcək.
Ki... bu da apokalipsisə gedən yolun bir başqa başlanğıcıdı...
Züleyxa Nadir