Dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi əsaslı dəyişikliklərə gətirib çıxaracaq
Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqət daha da artıb. Artıq dövlət səviyyəsində bu istiqamətdə ciddi addımlar atılmaqdadır.
4 İyul 2016 13:01 SosialFikrət Yusifov: "Ənənəvi üsullarla saxlanılan yerli mal - qaranın məhsuldarlığı müasir üsullarla xidmət olunan cins mal - qaranın məhsuldarlığından dəfələrlə aşağıdır"
"Aşağı məhsuldarlıq istehsal olunun ətin və südün maya dəyərinin yüksək olmasına gətirib çıxarır"
Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsinə diqqət daha da artıb. Artıq dövlət səviyyəsində bu istiqamətdə ciddi addımlar atılmaqdadır. Kənd təsərrüfatında mühüm istiqamətlərdən birini də heyvandarlıq təşkil edir və bu istiqamətdə də məqsədyönlü addımlar atılmaqdadır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam da bu mənada xüsusi qeyd edilməlidir. Dövlət başçısı tərəfindən imzalanmış məlum sərəncamın bu sahənin inkişafına yaradacaq imkanlar, gözlənilən müsbət nəticələrlə bağlı "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovla söhbətləşdik. İqtisadçı bildirib ki, qeyri-neft sektorunun ən aparıcı istiqamətlərindən biri də kənd təsərrüfatıdır. Bu sahədə isə heyvandarlıq xüsusi yer tutur: "Heyvandarlığın ölkədə ənənəvi üsullardan fərqli - daha müasir üsullarla inkişaf etdirilməsinə yönələn addımlar bu sahədə məhsuldarlığın əsaslı şəkildə artırılmasını və bu sahənin rentabelliyinin yüksəlməsini hədəfləyir. Bu gün süd və ət istehsalı sahəsində dünyanın qabaqcıl ölkələrinin təcürbəsinin öyrənilməsi və yerli xüsusiyyətlər nəzərə alınmaqla yüksək məhsuldar mal-qaranın ölkəmizdə yetişdirilməsi məqsədilə edilən yatırımlar bir neçə ildən sonra bu sahədə əsaslı dəyişikliklərə gətirib çıxaracaqdır. Aydındır ki, ənənəvi üsullarla saxlanılan yerli mal - qaranın məhsuldarlığı müasir üsullarla xidmət olunan cins mal - qaranın məhsuldarlığından dəfələrlə aşağıdır. Aşağı məhsuldarlıq istehsal olunun ətin və südün maya dəyərinin yüksək olmasına gətirib çıxarır. Nəticə etibarilə belə məhsulları xarici bazara çıxarmaq sahəsində ciddi problemlər yaşanır. İstehsalçıya baha başa gəldiyindən, onların qiyməti yüksək olur və bu səbəbdən həmən məhsullar xarici bazarlarda başqa ölkələrin istehsalçıları tərəfindən gətirilmiş eyni məhsullarla rəqabət apara bilmirlər. Ona görə də ölkədə heyvandarlığın inkişafında
əsaslı dönüş etməyi nəzərdə tutan, yeni süni mayalanma mərkəzinin yaradılması və bu mərkəzə müasir avadanlıqların alınması üçün ehtiyat fondundan əlavə vəsaitin ayrılması, dövlət başçısı səviyyəsində sahənin inkişafına diqqətin təsdiqidir".
İqtisadçı Rusiya-Türkiyə münasibətlərinin normallaşmasının Azərbaycanm iqtisadiyyatına mümkün təsirləri barədə də danışıb. Bildirib ki, Rusiya ilə Türkiyə arasında son aylar yaşanan gərginlik hər bir Azərbaycan vətəndaşını rahatsız edirdi: "Türkiyə bizə qardaş, Rusiya isə dost bir ölkədir. Bu baxımdan onların arasında baş verən hər hansı bir gərginlik bizim xeyrimizə deyildi. Bu gərginliyin mövcud olduğu müddətdə Türkiyənin yük avtomobillərinin Orta Asiya ölkələrinə yollanmasına yaradılan süni əngəllər, türk meyvə və tərəvəz məhsullarının Rusiya bazarlarına girişinə qadağa qoyulması səbəbindən bəzən Azərbaycan məhsullarının Rusiya bazarlarına daxil olmasında yaradılan problemlər (onların türk malı oması şübhəsi ilə) və s başqa çətinliklərlə üzləşmək bizə müsbət heç nə vermirdi. İş o yerə gəlib çatmışdı ki, öz biznes fəaliyyətində həm Rusiya və həm də Türkiyə ilə əlaqəli olan azərbaycan iş adamı Tükiyəyə gedib oradan Rusiyaya qayıdarkən onu kifayət qədər incidir və bəzən də Rusiyanın ərazisinə buraxmırdilar". Fikrət Yusifovun qənaətincə, Rusiya kimi böyük və güclü bir qonşu ilə qardaş Türkiyə arasında gərgin münasibətlər regionda reallaşdırılan və reallaşdırılması bundan sonra nəzərdə tutulan transmilli layihələrə də müəyyən əngəllərin yaradılmasına gətirib çıxara bilərdi: "Gərginlik olan yerdə investorlar da region ölkələrinə bir o qədər ürəklə yatırım etmirlər. Çünkü regionda gərginlik varsa, onun nə vaxtsa silahlı toqquşmaya çevrilməsi ehtimalları da mıvcuddur. Ona görə də Azərbaycanın Prezidenti bu gərginliyin mövcud olduğu müddətdə onun aradan qaldırılması üçün bütün mümkün imkanlardan, öz nüfuzundan istifadə edərək problemin aradan qalxmasında öz sözünü dedi. Azərbaycanın Dağlıq Qarabağ kimi bir probleminin çözülməsi real olaraq yaxınlaşdığı bir dönəmdə, bu iki ölkə arasında münasibətlərin gərginləşməsi məsələnin həllinə yalnız mənfi təsir edə bilərdi. Bütün bu səbəblərdən çox yaxşı haldır ki, artıq gərginlik aradan qaldırıldı".
Süleyman