Azərbaycanlılar bir əsrdə dörd dəfə etnik təmizləməyə məruz qalıblar

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Moskvada keçirilən 47-ci sessiyasında iqtisadiyyat, siyasət və mədəniyyət komitələrinin iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvləri fəal şəkildə iştirak ediblər.

Əflatun Amaşov: " QDİƏT regionda sülh, sabitlik və inkişafa yönəlik fəaliyyətini gücləndirilməlidir"

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının Moskvada keçirilən 47-ci sessiyasında iqtisadiyyat, siyasət və mədəniyyət komitələrinin iclaslarında Azərbaycan nümayəndə heyətinin üzvləri fəal şəkildə iştirak ediblər. "Olaylar" xəbər verir ki, Komitələrin iclaslarında əsasən QDİƏT PA-nın üzv dövlətlərində qaçqın və məcburi köçkün məsələsi müzakirə edilib. Bu barədə Azərbaycanın QDİƏT Parlament Məclisi Baş Assambleyasındakı nümayəndə heyətinin və qurumun mədəniyyət komitəsinin üzvü, Milli Məclisin deputatı Jalə Əliyeva məlumat verib. O, bildirib ki, komitələrdə əsasən qaçqınların və məcburi köçkünlərin problemləri qaldırılıb. Üzv ölkələrin qaçqınlarla bağlı problemlərinin həlli və onların iqtisadi, sosial, siyasi məsələlərinə dair müzakirələr aparılıb. Millət vəkili Azərbaycan nümayəndə heyətinin qaldırdığı əsas məsələnin Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində doğma yurd-yuvalarından məcburi köçkün düşmüş soydaşlarımızın hüquqları ilə bağlı olduğunu söyləyib. O əlavə edib ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində azərbaycanlıların bir əsr ərzində dörd dəfə etnik təmizləməyə məruz qalmaları nümayəndə heyətimizin üzvlərinin çıxışlarında xüsusi vurğulanıb. J.Əliyeva üzvü olduğu Mədəniyyət komitəsinin iclasında Dağlıq Qarabağdakı erməni vandalizmi məsələsini qaldırdığını deyib. O, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşdüyünü qeyd edib. Bildirib ki, erməni işğalı nəticəsində doğma yurdlarından qovulmuş soydaşlarımızın uzun illər çadır şəhərciklərində yaşadığı, orada doğulub boya-başa çatan uşaqların ağır şərtlər altında təhsil aldıqları, acınacaqlı günlər yaşadıqları parlamentarilərin diqqətinə çatdırılıb. İclasın son günündə təşkilatın ayrı-ayrı qurumlarının hesabatları dinlənildi və qəbul edildi. Toplantıda vurğulanan məsələlərdən biri də bu oldu ki, 12 ölkəni birləşdirən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionda sülh, sabitlik və inkişafa yönəlik fəaliyyətini gücləndirilməlidir. Mövcud xüsusda qaçqınlarla əlaqədar problemlərə hüquqi, mədəni və sosial aspektdə yanaşılmasının zəruriliyi önə çəkildi". Azərbaycan nümayəndə heyətinin digər üzvü, millət vəkili Əflatun Amaşov isə bildirib ki, iclasda Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə Parlament Assambleyası Türkiyədə baş vermiş terror aktını pisləyən qətnamə qəbul edilib: "Azərbaycan nümayəndə heyətinin fəal dəstəyi ilə irəli sürülən növbəti təklif isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tərkibində fəaliyyət göstərən Parlament Assambleyasının ayrıca qurum kimi formalaşdırılması ilə bağlı oldu. Məsələnin reallaşması üçün müvafiq prosedur fəaliyyətin həyata keçirilməsi və üzv təşkilatların rəylərinin nəticələrinə əsasən yekun qərarın verilməsinə dair razılığa gəlindi. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi Baş Assambleyasına sədrlik Rusiyadan Serbiyaya keçdi və assambleyanın növbəti toplantısı bu il noyabrın sonunda Belqradda olacaq".


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00