Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
1 İyul 2016 12:15 SosialƏdliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin Kollegiya iclası keçirilib. Kollegiyada ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tərəqqiyə nail olunması vurğulanıb, dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması daim diqqətdə saxlanılaraq, qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən ötən il "Vətəndaşların müraciətləri haqqında" yeni Qanunun qəbul olunması qeyd edilib. Bildirilib ki, ölkə Prezidentinin 23 iyun 2016-cı il tarixli fərmanları ilə vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması və nəzarətin həyata keçirilməsinə dair yeni Qaydalar təsdiq edilib. Eyni zamanda, Qanunun tələblərinin pozulmasına görə inzibati məsuliyyət tədbirləri müəyyən edilib. İclasda yeni normativ aktların icrası üzrə tədbirlər müzakirə edilib, qeyd olunan vacib sənədlərin ədliyyə işçiləri tərəfindən dərindən öyrənilməsi, mütəşəkkil və dürüst icrası, onların tələblərinə dönmədən əməl olunması üzrə konkret tapşırıqlar verilib. Bildirilib ki, yeni qanunvericiliyin tələblərinə uyğun olaraq nazirlikdə vətəndaşların müraciətlərinə baxılması və qəbulu işi təkmilləşdirilir, cari ildə daxil olmuş 24.000 müraciətə baxılıb. Həmçinin, nazirliyin rəhbərliyi tərəfindən 1.000-dək vətəndaş, o cümlədən səyyar qaydada qəbul olunub. Kollegiyada növbəti yarım il üçün əsas prioritetlər, o cümlədən regional və yerli ədliyyə qurumlarının işinin səmərəliliyinin artırılması, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə əlavə tədbirlərin görülməsi, vətəndaşların daha çox təmasda olduğu ədliyyə qurumlarında məmnunluğun yüksəldilməsi, beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi, ədliyyə işçilərinin peşə hazırlığının artırılması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi üzrə və digər konkret tədbirlər müəyyən edilib.