Qazaxda sönmüş əhəng istehsalı zavodu tikilir
30 İyun 2016 16:20 Sosialİyunun 30-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qazax rayonunun Qazaxbəyli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, 90-a yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qazax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market", kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, ət kəsimi və pendir istehsalı müəssisələrinin və 3 ulduz otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır. İşgüzar forum çərçivəsində Qazax və ətraf rayonlardan olan 65 sahibkara 8 milyon manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, çörək və un məmulatları, tikinti materialları, sönmüş əhəng, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 400-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Forum çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində güzəştli kredit ayrılmış və ildə 91 min ton sönmüş əhəng istehsalı etmək gücündə olan zavodun tikinti işlərinə baxış keçirilmişdir. Zavod fəaliyyətə başlayanda burada 350 nəfər işçi çalışacaq.