Daşınmaz əmlak üzərində mülkiyyət hüququ sadələşdirilir

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq və digər daşınmaz əmlaklar üzərində mülkiyyət hüququnun qeydiyyatının sadələşdirilməsi, daşınmaz əmlakların sənədləşdirilərək leqallaşdırılması, eləcə də əmlak sahiblərinin hüquqlarının qorunması ilə bağlı yeniliklərin tətbiqini davam etdirir. Komitədən "Olaylar"a verilən məlumata görə,  hazırda Komitə Azərbaycanın daşınmaz əmlak sektorunda əhəmiyyətli inkişafa səbəb olacaq növbəti böyük layihəni reallaşdırır. Belə ki, Azərbaycan və Almaniya hökumətləri arasındakı müqaviləyə uyğun olaraq Gəncə və Şəkidə "Kadastr və Daşınmaz Əmlakın Qeydiyyatı" Layihəsi həyata keçirilir və yekunlaşmaq üzrədir. 2013-cü ildə start verilən layihə Gəncə və Şəkinin bütün ərazisi üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur. Göründüyü kimi, komitə alman təcrübəsinin Azərbaycana gətirilməsinə və uğurla reallaşdırılmasına nail olub. Bu nailiyyət daşınmaz əmlakın kadastrı və qeydiyyatında elektron idarəetmənin və vahid bazanın formalaşmasında mühüm təkandır. Qeyd edək ki, layihə Gəncə və Şəkinin bütün ərazisini, yəni 250 min hektarı əhatə edib. Hazırda layihə çərçivəsində bütün çöl-ölçmə işləri tamamlanıb və 220 minə yaxın əmlak üzrə ölçmələr aparılıb. Əhaliyə məxsus olan bütün daşınmaz əmlaklar - ev, mənzil, həyətyanı və pay torpaqları və kommersiya obyektilərinin sərhədləri dəqiqləşdirilib, sənədləri öyrənilib. Hazırda toplanan məlumatların emalı və elektron xəritələrə yerləşdirilməsi işləri aparılır. Məlumatların bir hissəsi artıq emal olunaraq yeni xəritələrdə əksini tapıb, eləcə də vahid elektron kadastr sistemlərinə oturulub. Bununla da, həyata keçirilən Layihə əmlakın qeydiyyatının qat-qat sadələşməsinə və vətəndaşların vaxt itkisinin azalmasına imkan verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00