UNEC-də “Məzun Günü” keçirilib
30 İyun 2016 15:35 SosialAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təntənəli "Məzun Günü" qeyd edilib. Təhsil ocağından "OLAYLAR"-a bildirilib ki, Heydər Əliyev adına İdman-konsert kompleksində təşkil olunan tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, ali məktəb rəhbərləri, özəl qurumların qurumların nümayəndələri, UNEC-in fəxri məzunları, valideynlər və digər qonaqlar iştirak edib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatlarının qarşısını alarkən göstərdikləri mərdlik və qəhrəmanlıqlarından danışılıb. Bildirilib ki, bu döyüşlərdə 2 UNEC məzunu da şəhid olub. Torpaqların müdafiəsi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. UNEC-in fəxri məzunu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tələbəlik illərindən söz açaraq, müəllimlərini görməkdən məmnun olduğunu bildirib. Nazir son illərdə UNEC-də həyata keçirilən yenilikləri yüksək qiymətləndirib: "Ölkəmizin bilikli və bacarıqlı gənclərə daim ehtiyacı var. UNEC bu günkü tələblərə cavab verən yüksək ixtisaslı kadrlar hazırlayır. Mən əminəm ki, UNEC məzunları əmək bazarlarında özlərinə layiqli yer tapacaqlar". UNEC-in Ağsaqqallar Şurasının sədri, professor Əli Həsənov, valideynlər və digər qonaqlar məzunları təbrik edib, gələcək həyatlarında uğurlar arzulayıblar. Sonda çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov tələbələrin özəl gününə toplaşan qonaqlara minnətdarlığını bildirib. Rektor ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, Azərbaycan Prezidenti İlham Əliyevin İqtisad Universitetinə göstərdiyi diqqətdən danışıb. Tədbirdə UNEC-in ən yüksək bal toplayan məzunu Sevinc Əliyevaya hədiyyə təqdim olunub.