Əbülfəs Qarayev Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb
30 İyun 2016 11:54 SosialMədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu York şəhərinə səfəri çərçivəsində ABŞ-da Etnik Anlaşma Fondunun prezidenti Rabbi Mark Şnayer ilə görüş keçirib. Nazirlikdən "OLAYLAR"-a bildirilib ki, görüşdə Etnik Anlaşma Fondu ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri və gələcək perspektivlər müzakirə olunub. Rabbi Şnayer Mədəniyyət və Turizm Nazirliyi ilə Fond arasında imzalanmış müqaviləyə istinad edərək bildirib ki, müqavilə çərçivəsində Anlaşma Fondu ABŞ konqresində ilk dəfə müsəlman və yəhudi icmalarını bir araya gətirərək Azərbaycanı multikultural model kimi göstərməyə nail olub. Əbülfəs Qarayev isə öz növbəsində Fondun fəaliyyətinin Azərbaycanda maraqla izlənildiyini və həmçinin ABŞ-da yaşayan müsəlman və yəhudi icmalarının Azərbaycanda yüzilliklər boyu mehriban birgə yaşama ənənələrinə malik olan müsəlman və yəhudi icmalarının təcrübəsindən faydalanmasının vacibliyini qeyd edib. Görüşün sonunda cənab Əbülfəs Qarayev və Rabbi Şnayer 2017-ci ildə keçiriləcək 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində birgə layihələrin həyata keçirilməsini, həmçinin yeni fəaliyyət planının hazırlanması barədə razıliğa gəliblər.