Ordumuz qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazırdır

Silahlı Qüvvələrin keçirdiyi hərbi təlimlər bunu deməyə əsas verir Azərbaycan Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq keçirilən operativ-taktiki təlimlər başa çatıb.

Silahlı Qüvvələrin keçirdiyi hərbi təlimlər bunu deməyə əsas verir
Azərbaycan Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq keçirilən operativ-taktiki təlimlər başa çatıb. Təlimlərin planında nəzərdə tutulmuş tədbirlərin vaxtında yerinə yetirilməsi və icrasına nəzarət Silahlı Qüvvələrin Baş Qərargahı tərəfindən müasir rabitə və müşahidə vasitələrindən istifadə edilməklə həyata keçirilib. Təlimlərdə yüksək döyüşə hazırolma səviyyəsinə gətirilən idarəetmə orqanları və qoşunlar mütəşəkkil və planlı qaydada yenidən qruplaşmanı həyata keçirərək cəmləşmə rayonlarına çıxarılıb, aerodromlarda aviasiyanın, dənizdə isə gəmilərin dislokasiya yerləri dəyişdirilib.Təlimin keçirilməsində digər məqsəd mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi ilə bağlı komandirlərin bacarığını və bölmələrin idarə edilməsini praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirməkdir. Həmçinin şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı onların mənəvi-psixoloji dözümlülüyünü artırmaq da əsas məqsədlərdən olub. Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib. Bölmələr birbaşa təyinatları üzrə praktik məşğələdə iştirak edib, şəxsi heyətə xüsusi avadanlıq, mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika və vasitələr barədə məlumat verilib. Burada tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarının yeni növləri nümayiş edilib. Həmçinin ponton-körpü salmaqla su maneələrinin keçilməsi, maneələğvetmə və mühəndis yol bölmələri tərəfindən mina sahələrində əl və partlayış üsulu ilə keçidlərin açılması, məftil maneələrin dəf edilməsi və s. praktiki olaraq yerinə yetirilib. Bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib. Təlim müvəffəqiyyətlə başa çatdıqdan sonra fərqlənən hərbi qulluqçular mükafatlandırılıb. Yeri gəlmişkən qeyd edək ki, iyunun 27-dən iyulun 1-dək Varna şəhərində (Bolqarıstan Respublikası) Tərəfdaşlıq Təlim və Tədris Mərkəzlərinin işçi qrupunun toplantısı, iyunun 27-dən iyulun 8-dək Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) Maddi-Texniki Təminat üzrə mübadilə proqramı çərçivəsində hərbi yerdəyişmə və daşımalar seminarı, iyunun 27-dən iyulun 15-dək Saçxere şəhərində (Gürcüstan) təməl yay dağ hazırlığı kursu keçirilir.Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. Azərbaycanın hərbi qüvvələri bununla kifayətlənməyərək dünyanın ən nüfuzlu ordusuna malik ölkələrlə birgə hərbi təlimlərini davam etdirir. Belə ki, Azərbaycan, Türkiyə, Bolqarıstan və Gürcüstan Silahlı Qüvvələri nümayəndələrinin iştirakı ilə çoxmillətli birgə xüsusi təyinatlı qüvvələrin təlimi reallaşıb. Ancaq bütün bu tədbirlər heç bir dövlətə qarşı deyil, ölkəmizin höyüş təzrübısinin artırılmasına xidmət edir. Təsadüfi deyil ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov bildirib ki, hazırda regionda dövlət rəhbərləri səviyyəsində çox böyük birgə işlər görülür. Regionda böyük layihələr reallaşdırılır. Son vaxtlar bu istiqamətdə daha çox işlər həyata keçirilir. İqtisadi layihələrin bölgədə təhlükəsizliyinin təmin edilməsi üçün təbii ki, Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin müdafiə nazirlərinin əməkdaşlığı çox vacibdir: "Xüsusilə qeyd etmək istədim ki, bu üç dövlətin Silahlı Qüvvələrinin birgə təlimləri, təhsil sistemlərinin inteqrasiyası, hərbi texniki baxımdan əməkdaşlıq, interna adlı komanda qərargah təlimlərimiz var və biz bunu genişləndirmək istəyirik. Bu təlimlər sırf iqtisadi layihələrin təhlükəsizliyinə yönəlmiş təlimlərdir. Əgər əvvəllər biz onları komanda qərargah formasında həyata keçirirdiksə, indi qərar qəbul olunub ki, artıq bölük, tabor səviyyəsində bu təlimlərə şəxsi heyəti cəlb edək. Daha intensiv keçirək ki, biz bu problemlərin həllində çətinlik çəkməyək". Nazirin sözlərinə görə, son vaxtlar Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri arasında birgə təlimlər həyata keçirilir. Bu həm də hava qüvvələrinin, xüsusi təyinatlıların, quru qoşunlarının təlimləridir. Birlikdə keçirilən bu təlimlərdə təcrübə mübadiləsi aparılır: "Biz təklif etdik ki, bir neçə il Gürcüstan müşahidəçi qismində iştirak etsin. Bu müddət ərzində Gürcüstan təlimlərlə maraqlanacaq, təlimlərin necə həyata keçirilməsi, onun forması ilə tanış olacaq. Gələcəkdə də biz ümid edirik ki, onlar da bizə qoşulacaq. Yenə deyirəm ki, bizim üçümüzün də marağında olan bu iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi üçün bu 3 Silahlı Qüvvələrin birgə fəaliyyət göstərməsi çox vacibdir. Buna görə də birgə təlimlərdə onların da iştirakı mühümdür". Müdafiə naziri onu da bildirib ki, bu təlimlər heç də hansısa üçüncü dövlətə qarşı deyil: " Yenə deyirəm ki, bu təlimlər öz cavabdehliyi sahəsində olan layihələrin təhlükəsizliyini təmin etmək üçündür. Biz Azərbaycanda, Gürcüstan Gürcüstanda, Türkiyə isə Türkiyədə. Təbii ki, Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığının inkişafı çox önəmlidir. Türkiyə həmişə Azərbaycanın yanında olub. Eləcə də Azərbaycan Türkiyənin yanında. Azərbaycan Silahlı Qüvvələrinin inkişafında Türkiyə Silahlı Qüvvələrinin fəaliyyəti çox yüksəkdir. Dəstəyi çox önəmlidir. Bizim təhsil sistemimiz inteqrasiya olub. Yüzlərlə zabitlərimiz, gizirlərimiz Türkiyədə müxtəlif təlim mərkəzlərində, hərbi məktəblərdə, akademiyalarda təhsil alır. Bizim hərbi-texniki əməkdaşlığımız çox önəmlidir. Bu gün elə qoşun növü yoxdur ki, biz Türkiyə ilə hərbi-texniki əməldaşlıq etməyək. Təbii ki, bu əməkdaşlıqdan həm Türkiyə, həm də Azərbaycan bəhrələnir". Nazir əlavə edib ki, Ermənistanda köhnə atom elektrik stansiyası var. Bu stansiyanın vaxtı çoxdan bitib:"Biz bilirik ki, onların imkanları da yoxdur ki, stansiyaya lazımi qulluq göstərsinlər, orada bərpa işləri aparsınlar. Bu özü həm Azərbaycana, həm Ermənistana, həm də Gürcüstana, ümumiyyətlə regiona təhlükəli bir stansiyadır. Ona görə də biz dəfələrlə beynəlxalq qurumlara müraciət etmişik ki, bir tədbir görsünlər. O ki qaldı bizi hansısa atom bombası ilə qorxudurlar... Birincisi, bu, iki sual yarada bilər. Əgər sizdə belə bir silah varsa, niyə bunun adını çəkirsiniz? Mənim bu suala cavabım var. Qorxurlar! Elə buna görə də belə şayiələr yayırlar. İkincisi isə əgər sizdə belə bir silah varsa, Azərbaycanı bununla qorxurdursunuzsa, siz bunun məsuliyyətini dərk edirsinizmi? Təbii ki, mən buna ciddi yanaşmıram. İnanmıram ki, Ermənistanda belə bir bomba olsun. Digər məsələ "çirkli bomba"dır ki, bunun müxtəlif forması var. Ola bilər ki, onlar qırıntıları yığsın bir çəlləyə, atsın harasa. Sonra bəzi yerlərdə bu fon artsın. Bu məsələləri ciddi nəzarətdə saxlayırıq və digər məslələr də araşdırılır. Təbii ki, bizim dövlətin də rəsmi müraciəti var. Müxtəlif müvafiq qurumlara bununla bağlı müraciət ünvanlanıb ki, buna qiymət versinlər. Ən azından onların bu məsələni dilə gətirməsi məsuliyyətsiz bir bəyanatdır. Bunun məsuliyyətini gərək onlar hiss etsinlər və cavabını versinlər". Onun sözlərinə görə, üçüncü haldır ki, nüvə parçalarından istifadə edərək qaçaqmalçılıqla məşğul olan qurplar tutulur: "Bu, narahatedici haldır. Ona görə ki, orada əksər həbs edilənlər erməni əsillidir. Ən təhlükəlisi isə bu parçaların terrorçu qrupların əlinə keçməsidir. Onlar bundan, doğurdan da, təhlükəli bir silah hazırlaya bilərlər. Ona görə də bu məsləyə çox ciddi yanaşmaq lazımdır ki, bunların qaçaqmalçılığının qarşısı alınsın. Ancaq bu gün Ermənistanın imkanı yoxdur ki, bu parçalardan hansısa bir silah yaratsın. Mən bu imkandan istifadə edərək Azərbaycan xalqına demək istəyirəm ki, heç narahat olmasın. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, möhtərəm prezident başda olmaqla bütün əməliyyat şəraitinə nəzarət edilir. Təşəbbüs bizdədir. Bizim hərbi üstünlüyümüzü hamı görür. Mən xüsusi qeyd etmək istəyirəm ki, yadınızdadırsa bizim sizinlə bir neçə il qabaqkı müsahibəmizdə dedim ki, möhtərəm cənab prezident Silahlı Qüvvələrdə islahatlara başlayıb. Mən sizin sualınıza cavab verirəm ki, bütün bunların hamısı o islahatların nəticəsidir. İslahatlar vaxtında, düzgün, bütün istiqamətlərdə, həyata keçirilir və artıq biz onun nəticələrini görürük. Azərbaycan Silahlı Qüvvələri qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazırdır və qadirdir". Xatırladaq ki, iyunun 29-dan iyulun 10-dək Konstanta şəhərində (Rumıniya) "Avrasiya Tərəfdaşlığı" proqramı çərçivəsində dalğıc hazırlığı tədbiri keçirilir.Tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Strateji kommunikasiya və ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilir. Kurs müddətində NATO-nun nümayəndə heyəti tərəfindən şəxsi heyətə "NATO-nun hərbi strukturu", "NATO-da hərbi tərəfdaşlıq", "İctimai əlaqələr üzrə əməliyyatlar", "Strateji kommunikasiyanın hədəf auditoriyası", "İctimai əlaqənin nəticələri və vasitələri", "Strateji kommunikasiya və ictimai əlaqələr üzrə planın hazırlanması" və digər mövzulara dair mühazirələr oxunur, eləcə də işçi qruplarda müzakirələr və fikir mübadilələri aparılır. Kurs iyulun 1-dək davam edəcək.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00