Fanatik düşüncə İslam dünyasını təsir altına alıb

Bu gün İslam dünyasını təsiri altına almış fanatik düşüncə gözəlliyin, bərəkətin, inkişafın, rifahın qarşısında ən böyük maneədir. Kor-koranə şəkildə təlqin edilən bu düşüncə radikalizmin yayılmasını təmin edir. Səmimi və ağıllı müsəlmanlar əgər radikalizm probleminə həll yolu tapmaq istəyirlərsə, mütləq bu təhlükənin fərqinə varmalı, buna qarşı elmi mübarizə aparmalıdırlar. Bu mübarizə önəmlidir. Çünki sülh dini İslamın adı haqsız olaraq zorakılıqla birlikdə çəkilir, İslamın lənətlədiyi terror daim İslam dini ilə əlaqələndirilir. Belə ki, 2015-ci ildə 53 ölkədə radikal qruplardan irəli gələn 2.863 hücum olub. 27.618 nəfər bu hücumlarda həyatını itirib, 26.143 nəfər yaralanıb. 2014-cü ildə ölü sayı 32.658, 2013-cü ildə isə 18.111-dir. Bu ölümlərin 80%-i yalnız 5 ölkədə baş verib. Bunlar əhalisinin demək olar ki, hamısı müsəlman olan İraq, Suriya, Pakistan, Nigeriya və Əfqanıstandır. ABŞ hökumətinə bağlı Milli Qarşı Terror Mərkəzi [National Counter-Terrorism Center (NCTC)] 2011-ci il hesabatında terror hadisələrindən zərər çəkənlərin 97%-nin yenə də müsəlmanlar olduğunu ortaya qoyub. İraq və Əfqanıstan vətəndaş müharibələrində şəhid olanların sayı 1 milyondan çoxdur. Suriya vətəndaş müharibəsində bu rəqəm 500.000-ə çatıb. Həlak olanların 400.000-i birbaşa zorakılıq hadisələrində can verərkən 100.000-i müharibə şəraitindən irəli gələn səhiyyə xidməti çatışmazlığı və ya yoluxucu xəstəliklər nəticəsində həyatını itirib.1 Liviya vətəndaş müharibəsində 20.000-dən çox müsəlman həyatını itirib. Yəməndə isə son 50 ildə 10-dan artıq üsyan və vətəndaş müharibəsi baş verib. Bu gün hələ də davam edən müsəlmanların müsəlmanları öldürdüyü qarşıdurma şəraitində 200.000-ə yaxın müsəlman can verib. Bu ölkələrə Somali, Nigeriya, Sudan və Pakistanı da əlavə etsək, dünyada davam edən böyük miqyaslı 11 vətəndaş müharibəsinin 9-u İslam ölkələrindədir. Bu vətəndaş müharibələrinin nə vaxt başa çatacağı isə məlum deyil. Görünən odur ki, hər keçən il daha çox müsəlman müsəlmanlar tərəfindən öldürülür. Öldürən də, ölən də namaz qılan, Allaha səcdə edən, məscidə gedən müsəlmanlardır. Bu nifaq mühitini sona çatdırmaq bütün dünya müsəlmanlarının üzərinə düşən ən mühüm vəzifədir. İraq Küveyti işğal edərkən, ya da İranla müharibəyə girərkən səbəb heç vaxt din olmayıb. Liviya-Misir müharibələri region neftinə və Süveyş kanalına nəzarəti əldə etmək üçün başlayıb. Əfqanıstan, Sudan, Əlcəzair vətəndaş müharibələri ölkədəki hakimiyyətə kimin nəzarət edəcəyi ilə bağlıdır. Şiə-sünni münaqişələri kimi göstərilən bir çox münaqişə iqtisadiyyat və ya irqə əsaslanır. Hafiz Əsəd Hamada qətliam edərkən, Səddam Hələbçədə müsəlmanları kimyəvi silahla öldürərkən yeganə məqsədləri hakimiyyətlərini möhkəmləndirmək olub. Yaxın Şərqin heç bir müharibəsi dinə əsaslanmayıb, amma bu müharibələr zamanı çox vaxt dinə söykənən bəhanələrdən istifadə edilib və müharibə şəraitinə təkan verəcək amillər dövrəyə girib. Bunlar əsasən fanatlardır.

Siyasi təhlilçi Aysel Vəlizadə deyir ki, bu gün müsəlmanlar müsəlman gülləsindən xilas olmaq üçün Qərbə sığınmağa çalışırlar ki, bu da uğurlu nəticə vermir:

"Türkiyə və Avropa İttifaqı ölkələrinin qapıları, sərhədləri, limanları bəzi müsəlmanların şiddətindən qaçmağa çalışan məzlum müsəlman qadın və uşaqlarla dolub daşır. Milyonlarla müsəlman miqrant, həyatda qalmaq üçün evlərindən, yurdlarından ayrı yaşamağa razı olub. Təhlükəsizliyə qovuşmaq üçün yollarda can verənlərin sayını hesablamaq isə qeyri-mümkündür. Bu gün İslam adına ortaya çıxdığını iddia edənlər, müsəlmanların haqlarını müdafiə etdiklərini deyənlər 5-10 il kimi qısa müddət ərzində axan müsəlman qanının səbəbkarı olublar. Halbuki İslamın əsası müsəlmanların birliyinə əsaslanır. Müsəlmanlar İslamda, sülhdə, sevgidə birləşməklə məsuldurlar. Belə ki, Peyğəmbərimiz hz.Muhəmməd (səv) müsəlmanlara bir növ vəsiyyət olaraq qoyduğu vida xütbəsində müsəlmanların bir-birilərinin qardaşları olduğunu bütün İslam aləminə xatırladıb. Müsəlmanların tətbiq etməli olduqları yol da budur. Xülasə, dünyanın əsas problemi zorakılıq bataqlığı və bunu meydana gətirən ideyalardır". Aysel əlizadə deyir ki, fanatizm İslamın yanlış başa düşülməsindən irəli gələn, bir qisim müsəlmanların Qurandan uzaqlaşmasının dəhşətli nəticəsi olaraq ortaya çıxan və xurafatlarla qidalanan yanlış inanc sistemidir: "Bu yanlış inanc minlərlə, milyonlarla müsəlmanın həyatını itirməsinə səbəb olur və getdikcə daha qorxunc hala gəlir. Bunun həll yolu Quranla aparılacaq maarifləndirmə ilə mümkündür. Müsəlman olsun və ya olmasın radikalizmə qarşı mübarizə aparmaq istəyən hər bir insanın tutacağı yol bu olmalıdır. Zehniyyəti dəyişdirməyi qarşısına məqsəd qoymayan heç bir üsul bu fəlakətə son qoya bilməz".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00