Bu başqa bazardı- MƏZAR BAZARI

Heç kim bu dünyanı tutub durmayacaq, hər kəsin əbədi dünyaya köç edəcəyi bəlli bir günü var. Hətta ölüdən pul qazanan da qazandığını qoyub gedəcək, özü ilə apara bilməyəcək.

Piştaxta üstündə məzar yerləri

Heç kim bu dünyanı tutub durmayacaq, hər kəsin əbədi dünyaya köç edəcəyi bəlli bir günü var. Hətta ölüdən pul qazanan da qazandığını qoyub gedəcək, özü ilə apara bilməyəcək. Ölüm gedənlər üçün sondu, qalanlar üçün isə yeni bir başlanğıcdı. Həmin başlanğıc ölü sahibinin qəbristanlıqdan - dəfndən döndükdən sonra yas mərasimini necə təşkil edəcəyi barədə düçüncəsindən start götürür. İmkanlı adamlarda problem yaranmır - pulu var, şəraiti var, ürəyi istədiyi kimi yas mərasimi verəcək. Amma kasıb, imkansız və orta səviyyəli adamların dərdinin üstünə elə bir dərd yüklənir ki, uzun müddət onun ağırlığının altında əzilir.

Azərbaycanda yas mərasimlərinin keçirilməsi haqqında zaman-zaman yazılır, təkliflər bildirilir, müxtəlif fikirlər söylənilir. Amma bu mövzu yenə də gündəmdən düşmür, köhnəlmir ki, köhnəlmir. Çünki deyilənlər ancaq söz olaraq qalır. Sözü deyənin səsi eşidilimir, eşidilsə də əməl edən tapılmır. Bəs, deyilənlər kimə ünvanlanır, bu işlərlə birbaşa kim məşğul olmalıdır? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, yoxsa daha başqa bir qurum? Haqq üçün demək lazımdır ki, Qafqaz Müsəlmanları İdarəsi bu sahədə fəaliyyətini ortaya qoyub. Dəfələrlə israfçılıq əleyhinə olan təşəbbüsləri dəstəkləyib, yas mərasimlərinin təşkili və keçirilməsi qaydaları, qəbristanlıq ərazilərində məzar yerlərinin satılması, dəbdəbəli qəbirüstü abidələrin ucaldılmasının İslamın əleyhinə olduğunu bildirib. Eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi zaman-zaman bu məsələyə aydınlıq gətirib. Baxmayaraq ki, onun əsas vəzifəsi Azərbaycanda dini fəaliyyət sahəsində dövlət siyasətini həyata keçirməkdi, amma bu qurum da vətəndaş mövqeyindən çıxış edərək insanları lazımsız xərclərdən çəkindirməyə çalışır.

Hər gün kimsə ölür, hansı ailədəsə göz yaşı axıdılır. Çox ağrılı bir məsələ var ki, bəzi ailələr dünyasını dəyişən doğmasını torpağa vermək üçün problemlə "qabaq qənşər oturmalı olur". Təcili yardım xidmətinin gəlişi anından tutmuş, ta il tamamına kimi ölü sahibi cürbəcür çətinlikləri aşır. Bəzən də ürəyində dövlətin rəsmi qurumları ilə "danışır, döyüşür, vuruşur" ki, yas mərasimini keçirmək üçün onun cibinə girən əli və qəbristanlıqdakı özbaşınalığı niyə kəsmirlər? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bu məsələ ilə bağlı dəfələrlə söylədiyi fikirlərini dünən yenə də təkrarlayıb: "Cəmiyyətimiz bahalı ehsan süfrələri, qəbir pulu, molla pulu altında "əzilir". İnsanlarımız dünyasını dəyişmiş yaxınlarının dəfnini, cümə axşamlarını, 3, 7, 40 və il mərasimlərini, qəbir daşlarının hazırlanmasını həyata keçirmək üçün az qala bir evin pulunu

xərcləyirlər. Özü də əksər vaxtı bu xərclər kredit və ya borcla ödənilir". Görəsən, bu məsələdə günahkar kimdi? Milli-mənəvi dəyərlər, adət-ənənə, cəmiyyət, yoxsa ayrı-ayrı fərdlər? Bütün hallarda çox azərbaycanlının içində bir qınaq guşəsi, bir "qonşudan qalma dala" həvəsi, bir də toyu-yası, ölüsü-dirisi ilə kimlərdənsə fərqlənmək ehtirası var. Bunların çox ağır zərbəsi isə bu tip insanların özlərindən çox çevrəsindəkinə dəyib onu ağrıdır.

Əslində yas mərasimlərində müqəddəs kitabımız Qurani-Kərimin qiraət olunması, başsağlığına gələnlərə daha çox mənəviyyatı zənginləşdirən, insanlara İslam dininin əsaslarını öyrədən təbliğatın yer alması, dini cəhətdən maarifləndirən söhbətlərin aparılması məqsədəuyğundur. Bu, işin bir tərəfidir, demək olar ki, qismən yerinə yetirilir. Məclisi idarə edən mollalar bildikləri dərəcədə İslam dini ilə bağlı bilgi verməyə çalışırlar. Mərasim keçirilən çadırların məbləği, tanınmış məsciddən gələn molla ilə sıradan bir məsciddən gələn mollanın qiymətləri arasındakı yüksək fərqi, məscidlərdə ölünün yuyulması zamanı yerinə yetirilən ayinlərin standart qiymətlərinin olmamasından dolayı əhalinin narazılığına səbəb olan xidmətləri də əlavə etsəm, belə bir mənzərə yaranır: əzizini itirmiş adamın müraciət etdiyi hər bir kəs çalışır ki, "ölü soymaqda" mahir olduğunu qarşısındakına göstərsin.

Dərdin daha böyüyü isə qəbristanlıqdadı. Bakıda qəbristanlıq biznesinin fəaliyyətindən hər kəsin xəbəri var. Çünki elə bir ailə, ev yoxdur ki, həmin biznesin qapısını döyməsin. Onsuz da çətinliklər, gündən-günə artan qiymətlər altında əzilən ortabab kütlə bu problemlə üz-üzə gələndə dünyasını dəyişən yaxını ilə birlikdə o da "ölür". Çünki dünyasını dəyişən adamı dəfn etmək üçün qəbristanlıqda məzar yeri tapılmır. Bəzən elə olur ki, insanlar cənazəsini torpağa basdırmaq üçün qəbristanlıqları gəzməli olur ki, görsün hardasa boş yer tapa biləcəkmi. Adam dəli olur, necə olur ki, üstündə gəzib dolaşdığın yerin bir parça hissəsi tapılmır ki, orada əbədi uyuyasan? Yox, elə düşünməyin ki, qəbristanlıqda doğrudan da yer yoxdur. Təbii ki, dəfn üçün qəbir yeri var, sadəcə söhbət ondan gedir ki, həmin əraziyə nəzarət edənlər torpağı satırlar. Öncə müxtəlif bəhanələr gətirirlər. Deyirlər ki, yer yoxdur, sıxlıqdı, ölən şəxs bu ərazidə yaşamayıb, bu qəsəbənin, bu rayonun sakini olmayıb, yaxud da sən bu qəbristanlıq üçün heç nə etməmisən, abadlaşdırılması, daş, qum, sement gətirilməsi üçün əlini cibinə salmamısan və s. Qarşısındakı adamı beləcə çıxılmaz vəziyyətə salandan sonra üstüörtülü şəkildə onu istədiyi məbləği verməyə razı salır. Adam da neynəsin? Cənazəsini ortada qoymayacaq ki? Gec-tez torpağa tapşırmalıdı. Bu gün mərkəzdə, əlçatan yerlərdə dəfn olunmaq üçün 3000 manat, kənar yerlərdə isə 500-700 manat arası qiymətlər dövriyyədədir. Pulu çox olan cənazəsini mərkəzdə dəfn edir, imkanı olmayan da başqa qəbristanlıq axtarmağa gedir. Beləliklə də bahalı qəbir yerlərində varlı insanlar, ucqar yerlərdəki ucuz yerlərdə isə kasıblar "məskən salırlar". Yaxınlarını ziyarətə getmək üçün varlı adamin ruhu da incimir, çünki həm özünün avtomibili var, ictimai nəqliyyatdan istifadə etmir, həm də ki, əzizi yaxınlıqdakı qəbristanlıqdadı. Amma ucqarlarda dəfn olunanın doğmaları min bir əziyyətlə qəbristanlığa gedib çıxırlar. Bax beləcə, təbəqələşmə varlı-kasıb məzarlarında aydınca görünür. Halbuki qanunla dəfn üçün heç bir dövlət rüsumu

yoxdur. Qəbir yerləri üçün yalnız cüzi ödəniş (qazma işləri üçün) alına bilər. Bu məbləğ isə 80-100 manatdan artıq ola bilməz. Görəsən, məzar yerlərini alver obyektinə çevirənlər öləndə son nəfəslərini necə verəcəklər? Bu məzar dəllalları xalqın ölüsündən qazandıqları pulları özləri iləmi aparacaqlar? Çinki adamın inanmağı gəlmir ki, gözü yaşlı, ürəyi dağlı atadan, əmidən, dayıdan aldıqları pulu bu dünyada rahatlıqla, ağrı-acısız yeyə bilirlər. Elə imkanlı adamlar var ki, bu dünyadakı işlərinin "yağ kimi getməyindən" istifadə edərək o biri dünyaya gedəcək "yolları" da indidən nəzarətə götürüblər. Onlar ailə üzvlərinin sayına görə bütöv bir ərazini baha qiymətə alıb hasarlayaraq oranı özəlləşdirirlər. Cəsədini gözləyən boş qəbirlər tikib bir başqasının ora daxil olmasına imkan vermirlər. Beləliklə də bu hərəkətləri ilə ölü puluna həris olan işbazlara meydan açırlar.

Bu dövlətin Konstitusiya adlı Ana Qanunu var. Həmin Qanunla Azərbaycan Respublikası vətəndaşlarının ölkənin istənilən yerində yaşamaq hüququ olduğu kimi, istənilən yerində də dəfn olunmaq haqqı var. Amma bizim məzarlıq dəllalları, ölüxana işbazları, qəbristanlıq biznesmenləri dirilərin hüqüqünü tapdaladıqları yetmir, ölülərin də ruhunu narahat edirlər. Ona görə də el arasında yarızarafat, yarıciddi deyilir ki, ölmə a kasıb, ölmə, yoxsa meyidin ortada qalacaq. Belə çıxır ki, kasıb doğrudan da ölməməlidir, torpaq ona məxsus deyil, altında da yeri yoxdu. Görəsən Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin qəbir alverindən xəbəri varmı? Bəlkə bu biznesdə onun da payı nəzərə alınıb? Yoxsa nədən məzar dəllalları bu qədər açıq, qorxub-çəkinmədən alverə girişir, insanların heysiyyatını tapdalayıb torpaq altında yatacaq ölünün ruhunu incidirlər? Dövlətin əlaqədar qurumları niyə bu biznesin geniş əl-qol açaraq fəaliyyət göstərməsinə göz yumurlar? Mən hələ eşitməmişəm ki, hansısa qəbristanlıq dəllalı, məzar alverçisi müttəhim kürsüsündə oturaraq cəza alıb.

Qəbristanlıq biznesi ilə məşğul olanlar dini nöqteyi-nəzərdən də imansızlıq, allahsızlıq edirlər. Qəbir yerlərinin satılması İslamda haram sayılır. Allah müqəddəs Kitabında insanı torpaqdan yaratdığını və daha sonra torpağa dəfn edəcəyini xəbər verib.Yəni torpağın sahibi Uca Yaradandı. Allah torpağın satılmasını əmr etməyib. Onun Quranda dediyi budur: "Nədən yaratmış onu Allah? Nutfədən yaratmış, sonra tədricən düzəltmiş onu. Və sonra ömür yolunu asan eləmiş. Axır öldürər, onu salar qəbrə" (Abasə surəsi, ayə 18-21).

Dövlətin ixtiyarında olan qəbir yerləri niyə satılır, qiymətlər niyə bu qədər yüksəkdi? İnsanın, xüsusilə də kasıbın gorunu çatladanların - xalqın ölüsündən pul qazananların isti aşına soyuq su qatmağın zamanı çatmayıbmı? Məncə, gecikdirilib. Dövlət təkcə məzar daşları haqqında deyil, həm də qəbir yerləri haqqında da təcili qanun qəbul etməlidir ki, bəlkə qanun qorxusu ölü xofundan belə çəkinməyənlərin canına vicvicə sala bilsin.

Züleyxa Nadir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00