Suriya və İraqdakı türkmənlər böyük faciələrlə üz-üzədir

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında birbaşa Azərbaycanla bağlı məsələ müzakirəyə çıxarılmasa da nümayəndə heyətinin üzvləri gündəliyə salınan məsələlərə münasibətlərini bildiriblər.

Millət vəkili AŞ-ın katibinə çağırış edib
 

Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında birbaşa Azərbaycanla bağlı məsələ müzakirəyə çıxarılmasa da nümayəndə heyətinin üzvləri gündəliyə salınan məsələlərə münasibətlərini bildiriblər. Hətta bir az da irəli gedərək Azərbaycanın məlum problemləri ətrafında da danışıblar. Yaranmış stuasiyadan istifadə edən deputatlarımız ölkəmizlə əlaqəsi olan bir sıra məsələləri qaldırıblar. Belə ki, AŞ-nın baş katibi T.Yaqland AŞ PA sessiyasında Lideral Qrupun toplantısında millət vəkillərinin suallarını cavablandırdığı zaman millət vəkili Qənirə Paşayeva baş katibə Suriya və İraq Türkmənlərinin çağırışını çatdırıb və onların taleyinə biganə qalmamağa çağırıb. Qənirə Paşayeva Suriya və İraq Türkmənlərinin ağır vəziyyətindən, üzləşdiyi problemlərdən və Avropanın onlara qarşı duyarsızlığından danışıb, köçkün Türkmənlərin AŞPA, Avropa ölkələrinə və AŞ baş katibinə çağırışını səsləndirib: "Cənab baş katib mən bir neçə gün əvvəl Türkiyədə İraq və Suriya Türkmənlərinin təmsilçiləri ilə yenidən görüşdüm. Eyni zamanda Türkiyə-İraq və Türkiyə-Suriya sərhəddində İraq və Suriyadan köçkün düşmüş türkmənlərlə görüşüdüm və onlar səslərini, sizə söyləmək istədiklərini, çağırışlarını sizə çatdırmamızı istədilər. Çox çətinliklər içərisindədirlər. On minlərlə Suriya və İraq Türkməni evini tərk etmək məcburiyyətində qalıb. Suriya və İraqdakı türkmənlər çox böyük faciələrlə üz-üzədir. Amma Suriya və İraqdakı Türkmənlər Avropadan və təşkilatımızdan heç bir ciddi dəstək görmürlər. Suriya və İraq Türkmənlərinin fəryadını, acılarını sizə çatdırmaqla yanaşı onların çağırışlarını da səsləndirmək istəyirəm. Suriya və İraq Türkmənləri AŞPA-dan, Avropa qurumlarından və Avropa ölkələrindən daha çox dəstək gözləyirlər. Mən sizi onlara dəstək verməyə çağırıram. Onlara hər cür maddi dəstəklə yanaşı siyası dəstəyin də artmasına ehtiyac var. Onlar AŞ-dan və bir baş katib kimi sizdən onları köçkün salan səbəblərlə mübarizədə səylərinizi daha da artırmağa çağırırlar. Bu səbəblərlə mübarizə artmasa köçkün insanların sayı daha da artacaq. O insanlar Avropa Şurası da daxil olmaqla Avropa qurumlarını bu qədər laqeyid olmamağa və köçkünlərə dəstəyi daha da artırmağa çağırırlar". Millət vəkili Qənirə Paşayeva Suriya Türkmənlərinin ağır vəziyyəti, yaşadıqları faciələr, minlərlə türkmənin köçkün düşməsi, köçkün türkmənlərin üzləşdiyi problemlərdən də danışaraq Avropanın onlara laqeyid münasibətini tənqid edib və AŞPA-nı, Avropa qurumlarını və üzv ölkələri onlara daha çox yardım göstərməyə və evlərindən köçkün salan səbəblərlə daha sərt mübarizəyə çağırıb: "Cənab baş katib onlar sizdən dəstək gözləyirlər. İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan ortaya çıxan ağır vəziyyəti, faciələri önləmək mümkün deyil. Bu səbəblərlə mübarizə sərt olmalıdır. Mən də köçkünlərin çağırışlarına qoşularaq Avropa Şurasını, AŞPA-nı, bütün üzv ölkələri Suriya Türkmənlərinə yardım etməklə yanaşı onların öz evlərinə dönə bilməsi istiqamətində də daha çox dəstək göstərməyə, daha fəal çalışmağa çağırıram". AŞ baş katibi T.Yaqland millət vəkili Q.Paşayevanın fikirləri ilə razılaşıb. O deyib ki, AŞ, bütün Avropa qurumları, ölkələrinin, bütün beynəlxalq təşkilat və ictimaiyyətin Suriya və İraqdan köçkün düşmüş insanlara dəstəyinin daha da artmasına ehtiyac var. Eyni zamanda insanları köçkün salan səbəblərlə mübarizə də ciddi güclənməlidir. AŞ baş katibi təşkilat rəsmisi kimi bu məsələlərlə bağlı səylərini daha da artıracağını söyləyib.
Xatırladaq ki, millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi İrak Türkman təşkilatları ilə ortaq layihələr həyata keçirir. Millət vəkili bildirib ki, rəhbəri olduğu "Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu" İctimai Birliyinin həyata keçirdiyi tədbirlər qardaşları daha da doğmalaşdırır. O qeyd edib ki, "İraq bizim "İraqlı azərbaycanlılar" dediyimiz türkmanlar vəsiləsi ilə Azərbaycana doğma ölkələrdəndir. Son günlər İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı bizi də dərindən narahat edir: "Bu hadisələr zamanı qətlə yetirilmiş türkman qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr, yaralılara qısa zamanda sağalmalarını diləyir, bu cür insanlıqdan kənar cinayətləri pisləyirik. Bu kimi halların təkrarlanmamasını istəyirik. Evlərini tərk etmək məcburiyyətində qalan qardaş-bacılarımız da bizi ciddi narahat edir. Biz İraq mərkəzi hakimiyyət orqanlarının hər bir İraq vətəndaşı kimi, türkmanların haqq və hüquqlarını müdafiə etməyə borclu olduğunu, bununçün beynəlxalq güclərin, İraqa qonşu ölkələrin, Türk Dünyasının da mənəvi məsuliyyət daşıdığını bilir, daha böyük faciələr yaşanmadan vəziyyətin nəzarət altına alına biləcəyinə ümid edirik. İraq türkmanlarının son 60 ildə yaşadıqları acılar və onların getdikcə daha da artması, onları evlərindən didərgin salan səbəbləri Türk dünyasının yaxşı bilməli və qardaş-bacılarımıza dəstək olmalıdır. Hər zaman İraq türkmanları qardaşlarımızın yanındayıq və bütün Türk dünyasını İraqdakı soydaşlarımıza dəstəyə çağırırıq". Q. Paşayeva Azərbaycanın hər zaman Türk dünyası, İraq türkmanları ilə bağlı məsələlərə həssaslıqla yanaşdığını deyərək, Türk dünyası, Türk dövlət və toplumlarının İraq türkmanlarına dəstək istiqamətində qeyri-hökumət təşkilatlarının da üzərinə böyük məsuliyyət düşdüyünü deyərək onların da dəstək və səylərini artırmalarının vacibliyini vurğulayıb.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00