Silahlı Qüvvələrimizin şanlı tarixi gənclərdə vətənpərvərlik hisslərini artırır
28 İyun 2016 16:26 SosialGənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına müsbət təsir göstərən amillərdən biri də Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı, Vətən uğrunda canından keçən həmvətənlərimizin adının əbədiləşdirilməsidir. Bu istiqamətdə təkcə Müdafiə Nazirliyi deyil, eləcə də müvafiq icra strukturları məqsədyönlü addımlar atır, tədbirlər həyata keçirirlər.
Bu günlərdə Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasında Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin bir qrup məzunu ilə görüş keçirilib. Müdafiə Nazirliyinin, xüsusi təyinatlı təhsil müəssisələri rəhbərlərinin və bir qrup məzunun iştirakı ilə keçirilən tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsinin yad edilməsi ilə başlayıb.
General-leytenant Nizam Osmanov 2016-cı il məzunlarının keçdiyi kursların əhəmiyyəti, hərbi təhsilin daha da təkmilləşdirilməsi məqsədilə son dövrlərdə aparılan islahatlar və tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə qısa məlumat verib. O, hərbi təhsil sahəsinə göstərilən diqqətə görə Ali Baş Komandana və nazirliyin rəhbərliyinə minnətdarlığını bildirib. Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənov məzunlar qarşısında çıxış edib. Nazir əvvəlcə növbəti buraxılışın məzunlarını ilk zabit rütbələri almaları münasibətilə təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən orduda aparılan son islahatlar, hərbi təhsil sistemində həyata keçirilən vacib tədbirlər, təşkilat-ştat strukturunun təkmilləşdirilməsi, Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş, texniki və mənəvi-psixoloji hazırlığında qarşıda duran mühüm vəzifələrdən danışıb. Döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası və hərbi təyinatlı vasitələr qəbul edilir, planauyğun müxtəlif səviyyəli təlimlər keçirilir, yeni poliqonlar tikilir, şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması üçün mülki vətəndaşların işə cəlb olunması, döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin təyin edilməsi prosesi sürətlə həyata keçirilir. Müdafiə naziri bildirib ki, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi davam edir.
Aprel ayında cəbhə xəttində baş verən hadisələrə toxunan nazir Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş hazırlığının yüksək səviyyədə olmasını bir daha vurğulayıb. General-polkovnik Z.Həsənov qeyd edib ki, hadisələr dövlətimizin, xalqımızın qüdrətini, Azərbaycan əsgərinin silahının gücünü, onun döyüş və mənəvi-psixoloji hazırlığını bir daha nümayiş etdirdi. Qısa müddətdə həyata keçirilən əks-həmlə nəticəsində işğal altında olan vacib əhəmiyyətə malik yüksəkliklər azad edildi. Bu döyüşlərdə Silahlı Qüvvələrimizin şəxsi heyətinin fəaliyyətinə ən yüksək qiyməti Ali Baş Komandan cənab İlham Əliyev verdi.
Çıxışını gənc zabitlərə müraciətlə davam edən nazir qeyd edib ki, Azərbaycan ordusunun hər bir zabiti rəhbərlik etdiyi kollektivə şəxsi nümunə olmalıdır.
"Silahlı Qüvvələrin hərbi qulluqçusu dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi, düşmənə nifrət hissi ilə xidmət etməlidir. Dövlətimiz və xalqımızın etimadını doğrultmaq üçün durmadan peşəkarlıq səviyyənizi, bilik və bacarığınızı artıraraq düşməndən üstün olmalı və torpaqlarımızın işğaldan azad edilməsi üçün silahınızı daim hazır saxlamalısınız" - deyə general-polkovnik Z.Həsənov vurğulayıb. Müdafiə naziri çıxışının sonunda zabitlərə hərbi xidmətlərində uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, hər bir zabit üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfələr verəcəkdir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunları adından çıxış edən leytenant Rəşad Cəlalov təhsil müddətində dəyərli hərbi vərdişlərə yiyələndiklərini qeyd edərək qarşıya qoyulan tapşırıqları əzmlə yerinə yetirəcəklərinə söz verib.
Görüşün sonunda şəxsi heyət Silahlı Qüvvələrin Baş Qərargahının binasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzeyi ziyarət edib, eləcə də xidməti otaqlarda yaradılan şərait və Mərkəzi Komanda Məntəqəsi ilə tanış olublar. Silahlı Qüvvələr Günü münasibətilə Tərtər rayonunda yerləşən hərbi hissələrdə də rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bayram tədbirləri keçirilib.Tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, keçmiş döyüşçülər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Hərbi hissələrin şəxsi heyyəti qarşısında çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitlərini təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb. Bildirilib ki, ordu quruculuğu sahəsində dövlət siyasətinin nəticəsi olaraq son illərdə Silahlı Qüvvələrimiz bütün qoşun növləri üzrə inkişaf edərək möhkəmlənib, ordumuzun maddi-texniki bazası gücləndirilib və döyüş qabiliyyəti artıb: " 1-5 aprel döyüşləri bir daha sübut etdi ki, Möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi Azərbaycanın güclü ordusu var. Ordu və xalq birliyi vəhdət təşkiledir. Məhz bu birliyin nəticəsində aprel döyüşlərində düşmənə qalib gəldik, bir neçə strateji əhəmiyyətli yüksəklikləri ələ keçirdik. Bu gün Azərbaycan əsgərlərinə bizə qələbə sevincini yaşatdıqları üçün "çox sag olun",-deyirik. İnanırıq ki, tezliklə Azərbaycan bayrağı işğal altında olan ərazilərimizdə də dalğalanacaqdır". Rayon rəhbəri Respublika Prezidentinin öz xanımı ilə Tərtərə səfərinin, səfər çərçivəsində hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər keçirməsini, 200 metrlik təmas xəttində əhali ilə görüşərək dağılmış evlərə baxmasının orduda və əhalidə yüksək əhval ruhiyyə yaratdığını, onları qələbəyə daha da ruhlandırdığını bildirib. Sonra bir qrup hərbi xidmətdə fərqlənən əsgər və zabitə Fəxri Fərmanlar, qiymətli hədiyyələr və hərbi hissələrə bayram sovqatı təqdim olunub. Tədbirlər rayon mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam edib.Nümayəndə heyəti sonra Talış yüksəkliyində yerləşən postda olub, ön xəttə xidmət edən hərbçiləri bayram münasibəti ilə təbrik ediblər. Burada da xidməti vəzifəsini yerinə yetirən bir qrup əsgər və zabitə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub, hərbçilərə bayram sovqatı verilib.
Nümayəndələr üzbəüz düşmən mövqelərini müşahidə ediblər. Bu günlərdə həmçinin Tərtər şəhərindəki küçələrdən birinə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuş həmyerlimiz, "Azərbaycanın Bayrağı" ordenli Mehrac Mahmudovun adı verilib.Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qəhrəmanın ömür yolundan söhbət açıb. Bildirib ki, Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olub: "Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri başlayan vaxt isə Tərtər İctimai İaşə Birliyində işləyirdi. Erməni işğalçılarına qarşıv uruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi "Tərtər özünümüdafiə batalyon"una gəlir. 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər özünümüdafiə batalyonu Seysulan və Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt M.Mahmudov batalyona rəsmi qəbul edilmədiyi halda belə bu faciəyə dözə bilməyib, hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərib. Sonradan 02 aprel 1993-cü il tarixdə o, çavuş rütbəsi ilə vzvod komandiri kimi Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə daxil edilir. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirir. M.Mahmudov Ağdərə bölgəsində Levonarx, Akop-Kamari, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda gedən döyüşlərdə düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv edib. 1993-cü ilsentyabrayında 190 saylıhərbihissəyədəyişdirilibvəAğdambölgəsindəgedəndöyüşlərdəşücaətlərgöstərib. 23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar kəndi uğrunda gedən döyüşdə şəhid olub. O, ölümündən sonra, 1998-ci il iyun ayının 24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi xidmətlərinə, şəxsi igidlik və şücaətinə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub". Rayon rəhbəri Qarabağ Müharibəsi veteranlarına, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğını dilə gətirib. Bildirib ki, şəhid ailələri və müharibə veteranlarının maddi-məişət vəziyyətini yaxşılaşdırmaq məqsədilə rayonumuzda 1-ədəd 6 mərtəbəli 54 mənzilli, 2 ədəd 2 mərtəbəli 16 mənzilli, 1 ədəd 2 mərtəbəli 24 mənzilli binalar və 21 fərdi yaşayış evi tikilib şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təhvil verilib. Hazırda 9 fərdi evin tikilməsi nəzərdə tutulur ki, bunlardan 4-nün açılışı olmuş, digər 5 evdə isə işlər davam etdirilir.Qeyd olunub ki, bu yaxınlarda daha 2 küçənin-Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, şəhid İlqar Həsənovun da adları verilmiş küçələrin açılışı olacaq.Tədbirdə iştirak edən Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri, Mehrac Mahmudovun döyüş yoldaşı Suliddin Yusifov, Tərtər batalyonunun keçmiş qərargah rəisi, II qrup Qarabağ Müharibəsi əlili, Mehrac Mahmudovun döyüş yoldaşı Pənah Məmmədov, "Azərbaycan Bayrağı" ordenli, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri, döyüş yoldaşı Nizami Heydərov. N saylı hərbi hissənin zabiti, Mehrac Mahmudovun bacısı oğlu Elnur Fərzəliyev çıxış edərək ölkəmizdə torpaqlarımızın ərazi bütövlüyümüz uğrunda canlarından keçən mərd oğullara, onların ailələrinə göstərilən diqqət və qayğıdan danışıblar. Mehrac Mahmudovun oğlu Ziya Mahmudov, bacısı Validə Mahmudova şəhidin xatirəsinə göstərdikləri ehtirama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.Tədbirdə Respublika Baş Ptokurorunun böyük köməkçisi Mübariz Əhmədov, baş prokurorluğun məsul əməkdaşları Nəsimi Səfərov və Taleh Zeynalov da iştirak edib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir