Bakıda daha bir beynəlxalq tədbir keçirilir
Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası öz işinə başlayıb.
28 İyun 2016 15:31 SosialBakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin 49-cu iclası öz işinə başlayıb. İclasda çıxış edən Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının sədri Ramiz Həsənov bildirib ki, ötən il texniki tənzimləmə və standartlaşdırma sisteminin müasir hüquqi bazasının yaradılması çərçivəsində "Texniki tənzimləmə haqqında" və "Standartlaşdırma haqqında" Qanun layihələri beynəlxalq təcrübə nəzərə alınaraq təkmilləşdirilib və Hökumətə təqdim edilib. Komitə sədri Azərbaycanın iqtisadi inkişaf dayanıqlığına və ölkənin dünya bazarlarına çıxışına köməklik etmək məqsədilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək" adlı Tvinninq layihəsinin uğurla bitdiyini, hazırda isə "Metrologiya sisteminin müasirləşdirilməsi və inkişafına dəstək" adlı yeni layihənin icra olunduğunu qeyd edib. Ötən il Azərbaycanda "Neft texnologiyası - qaz hasilatı və neft emalı məhsulları" və "Alternativ və bərpa olunan enerji və enerjieffektivlik" sahələrinin standartlaşdırılması üzrə Texniki Komitələr (TK) yaradılıb, hazırda "Nəqliyyat üzrə" yeni TK-nın yaradılması üzərində işlər aparılır. Hazırda milli standartlar fondunda 917 standart mövcuddur ki, bunlardan 40 faizi beynəlxalq və Avropa standartlarına uyğunlaşdırılıb. Ramiz Həsənov Azərbaycanın etalon bazasının daha da genişləndirilməsi və müasir tələblərə cavab verilməsi məqsədi ilə tikilmiş yeni laboratoriya binasının istifadəyə verildiyini, 20-dən çox yeni etalon laboratoriyasının qurulması istiqamətində işlərin sürətləndirildiyini qeyd edib. Həmçinin o bildirib ki, ölkəmiz ötən ildən etibarən Ölçülər və Çəkilər üzrə Baş Konfransa və Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilata üzv olub. Bununla da Azərbaycanda aparılan ölçmələrin dünyada tanınması istiqamətində ilk mərhələ icra olunub. Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya fəaliyyətinin beynəlxalq tələblərə uyğun təşkili məqsədilə komitə yanında Dövlət Akkreditasiya Xidmətinin Beynəlxalq Akkreditasiya Forumu və Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq təşkilatına tam hüquqlu üzvlüyü ilə bağlı işlərin sürətləndirildiyi bildirilib. Sonda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxsləri tərəfindən iclasın Protokolu imzalanıb.