Peşə məktəblərində müəllim problemi

Təhsil Nazirliyi Azərbaycanda peşə məktəbləri şəbəkəsinin optimallaşdırılması ilə bağlı müvafiq təklifləri artıq hökumətə təqdim edib.

Onların əksəriyyəti müasir təlim-tədris metodologiyası üzrə biliyə malik deyillər
 

Təhsil Nazirliyi Azərbaycanda peşə məktəbləri şəbəkəsinin optimallaşdırılması ilə bağlı müvafiq təklifləri artıq hökumətə təqdim edib. Ölkədə 108 peşə təhsili müəssisəsi və peşə liseyinin olduğunu deyən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, yaxın aylar ərzində peşə təhsili şəbəkəsinin optimallaşdırılması istiqamətində müvafiq qərarların qəbulu gözlənilir. İlk peşə təhsilinin prioritet istiqamətlərdən biri olduğunu deyən nazir müavini qeyd edib ki, Təhsil Nazirliyi daxilində 2016-cı il şərti olaraq "Peşə təhsili ili" kimi müəyyən edilib: "Bu istiqamətdə bir sıra addımlar atılıb. Bu yaxınlarda ölkə başçısının sərəncamına uyğun olaraq, Təhsil Nazirliyi daxilində Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı. Hazırda həmin agentliyin yeni strukturu formalaşdırılır. Bu istiqamətdə aparılan işlərin yeni mərhələyə çatdırılması üçün də bir sıra tədbirlər görülür". C.Bayramov qeyd edib ki, əmək bazarının tələblərinə uyğun olaraq, peşə təhsili müəssisələri ilə peşələr analiz edilməlidir: "Təbii ki, burada bizim əməkdaşlığımız Təhsil Nazirliyi daxilində olan bir məsələ deyil. Biz müvafiq dövlət qurumları ilə də sıx əlaqədə işləyirik". Xatırladaq ki, ir müddət öncə peşə təhsilinin inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyev Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. Fərmanla "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi" təsdiq edilib. Lakin bütün sadalananlara baxmayaraq Azərbaycanda peşə təhsili həmişə problemli sahə olaraq qalıb. Baxmayaraq ki, peşə təhsili ilə bağlı keçmiş Sovetlər İttifaqından müəyyən maddi-texniki baza miras qalıb, təhsilin bu növü ilə bağlı beynəlxalq təcrübə yetərincədir, üstəlik əmək bazarında da kifayət qədər tələbat var, ancaq bu sahəni lazımi səviyyədə inkişaf etdirmək mümkün olmayıb. 
  Təhsil ekspertləri hesab edirlər ki, peşə təhsili sahəsi Azərbaycanın təhsil sistemində ən çox problem olan sahədir. Çünki, bu sahə uzun müddət diqqətdən kənarda qalıb. Yalnız son illərdə ölkə prezidenti bu sahəyə diqqəti artırmaq üçün tapşırıq verdikdən sonra peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı təsdiqlənib. Bu proqram çərçivəsində müəyyən addımlar atılıb. Amma hələlik böyük bir işin başlanğıcı qoyulub. Mütəxəssislərin qənaətinə görə, ilk peşə - ixtisas təhsili sahəsində əsas məqamlardan biri müəllimlərin keyfiyyət və peşəkarlıq səviyyəsidir. Çünki, işəgötürənlərin tam etibar etdiyi yüksək bacarıqlı və hazırlıqlı müəllim heyəti olmadan ixtisas çərçivəsinin və işəgötürənlərin ehtiyaclarına cavab verən bilik və bacarıqlara əsaslanan tədris proqramlarının prosesə təsiri o qədər də böyük olmayacaqdır. Odur ki, ilk peşə - ixtisas təhsili müəssisələri işəgötürənlərin mövcud və gələcək işçi qüvvəsinə olan ehtiyaclarını ödəməsi üçün özləri bu sahədə təşəbbüs irəli sürməli və öz heyətlərinin fasiləsiz peşə təhsilinə diqqət yetirməlidirlər. İlk peşə - ixtisas təhsili müəssisələrində (İPİTM) çalışan əksər ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları müxtəlif texniki universitetləri və orta ixtisas təhsili müəssisələrini bitirmiş, müvafiq ixtisas qazanmışlar, lakin müəllim üçün ixtisas vacib olan müasir təlim-tədris metodologiyası üzrə bilik və bacarıqlara malik deyillər. Müəllimlər ilk peşə -ixtisas təhsilinin ehtiyaclarına uyğun hazırlanmış təhsil proqramı üzrə ilkin təhsil almadan İPİTM-lərdə işləməyə başlayırlar. Nəticədə təhsilalanlara verilən təhsilin səviyyəsi aşağı olur və müəllimlər təhsilalanlarla münasibətlər qurmaqda çətinliklərlə üzləşirlər. Bir sözlə, İPİTM-lərdə ixtisas fənn müəllimləri ali təhsilli, istehsalat təlimi ustaları isə ali təhsilli və ya orta ixtisas təhsilli olsalar da pedaqogika, psixologiya və tədris metodikası barədə baza təhsilinə malik deyillər. Onların əksəriyyəti İKT də daxil olmaqla, müasir tədris mühiti yaratmaq və bu mühiti inkişaf etdirmək üçün istifadə edilən metodlar üzrə baza təhsilləri yoxdur. Təlim almış peşəkar müəllim hədəf auditoriya üçün ən uyğun yanaşmanı seçməyi bacarmalıdır. Mövcud sistemdə isə əsas diqqət hələ də tədris kabinetlərində mühazirələr vasitəsilə biliklərin ötürülməsinə və praktik dərslərin emalatxanalarda tədris edilməsinə yetirilir. Dərslərdə istifadə edilən metodologiya hədəf auditoriyanın ehtiyaclarını tam ödəmir. Belə halları aradan qaldırmaq üçün ilk peşə-ixtisas təhsili sistemində müəllimlər hər 5 ildən bir təkmilləşmə kursları keçməlidirlər, lakin bu yerlərdə tam yerinə yetirilmir. Bütün işçi heyətin təlim keçməsi zəruri olsa da, maliyyə vəsaitinin kifayət qədər olmaması buna imkan vermir. Bundan başqa, təlim-tədris prosesində müəllimə yönəlmiş metodologiyadan istifadə edilib fəal pedaqoqikaya az müraciət edilir. Müəllimlərin kompyuter otağından kənarda (əgər kompyuter otağı varsa) istifadə etdiyi yeganə vəsait lövhə və təbaşir və ya (adətən aşağı səviyyədə təchiz olunmuş) emalatxanalardır. Təlim - tədris prosesində İKT-dan istifadə aşağı səviyyədədir. Əsasən İKT-dan informatika dərslərində və kompyuter bacarıqlarının öyrədilməsi zamanı istifadə edilir. İş şəraiti və iş şərtlərinin qənaətbəxş olmaması səbəbindən yüksək səviyyəli müəllim kadrları ilk peşə-ixtisas təhsili sahəsində çalışmağa həvəs göstərmirlər. Üstəlik müəllimlərin təkmilləşmə kursları hal-hazırda daha çox göndəriş xarakteri daşıyır, yəni müəllimlər konkret kurslarda iştirak etməyə göndərilirlər. Onların özləri bu sahədə az təşəbbüs göstərirlər. Məhz bu kimi amillərin nəticəsifir ki, əksər peşə məktəbləri əmək bazarının tələbatına cavab verən kadr hazırlanmasında problemlə üzləşirlər. 

Nurlan 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00