İkinci arvad olmaq istəyən qızlar...
28 İyun 2016 14:24 SosialRəsmi, dini, yoxsa vətəndaş nikahı?
Evlənib ailə qurmaq, dünyaya uşaq gətirmək hər bir insanın doğulanda Allah tərəfindən qarşısına qoyulan bir öhdəliyidi. Hər dövrdə evlənmək üçün bir qayda, bir adət olub və ənənələr zaman-zaman yenilənib. Hər yenilik özü ilə bir forma gətirib ki, bu da əsasən ailənin möhkəmlənməsinə xidmət etmək üçün nəzərdə tutulub. Ailənin möhkəmliyi təkcə qarşılıqlı sevgidən, sədaqətdən, etibardan ibarət deyil, burda həm də ərlə arvadı bir-birinə bağlayan nikah böyük rol oynayır.
Sovetlər dönəmində əsasən rəsmi nikahla ailə qurulurdu. Çox az hallarda dini kəbin kəsdirənlər tapılırdı, o da gizli olurdu, indiki kimi az qala kütləvi hal almamışdı. Son illər Avropadan daxil olan "vətəndaş nikahı" termini də cəmiyyətdə əməlli-başlı özünə yer alıb. Əslində bunların üçü də ailənin birliyi, dayanıqlığı və gələcəyi üçündü. Amma aralarındakı fərqlər çox böyükdü. Həmin fərqlilik nüxtəlif ölkələrin, millətlərin özünəməxsus mill-mənəvi, mental dəyərlərinə söykənir, bəzən də ailənin təmələni heçə endirəcək qədər ona zərbə vurur. Bəs, bizim ölkədə bunların hansının təməli möhkəmdi?
Təbii ki, dövlətin rəsmi nikahı daha keçərlidi. Rəsmi nikah iki əkscinsin öz arzu və istəkləri ilə aralarındakı razılaşmanın qanunla rəsmiləşdirilməsidir. Üstəlik də rəsmi nikahın sosial dayağı möhkəm olur. Bu halda qanunlardan istifadə etməklə dövlətə arxalanmaq daha rahatdı. Hər hansı bir problemi həll etməkdə, qadının və kişinin hüquqlarının dövlət tərəfindən qorunmasında rəsmi nikah açar olur. Ailədə dünyaya gələn uşaqların cəmiyyətdə yer tutması, geniş fəaliyyət göstərməsi valideynləri və övladları bir-birinə bağlayan rəsmiyyətdən çox asılıdır. Sovetlər dönəmində bu, məhz belə idi - ailə institutunun fəaliyyət göstərməsi üçün nikah qanunvericiliyi əsas götürülürdü. Hər cür mübahisə və qarşılıqlı ittihamlar, həm də digər qanunlarla yoluna qoyulurdu. Bir sözlə, o zaman ərlə-arvadın imza atdığı nikah şəhadətnaməsi böyük gücə, geniş təsirə malik idi. İndi də belədi və bu, Azərbycan Respublikası Ailə Məcəlləsinin I fəslinin 1.2 maddəsində belə təsbit edilib: "Azərbaycan Respublikasında ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir". Bu o deməkdir ki, nikaha xitam verilsə də dövlət öz vətəndaşının evliliklə bağlı imtiyazlarından sərbəst istifadə etməsinə şərait yaradır.
Dini kəbinin isə sosial dayanıqlığı yoxdu. Buna baxmayaraq çox təəssüf ki, son vaxtlar molla kəbini ilə evlənənlərin sayı durmadan artır. Buna təkan verən əsas səbəblərdən biri SSRİ dağılandan sonra ölkədə dini dəyərlərin dirçəlməsidi. Lakin bu dirçəliş bir çox hallarda kor-korana yol alıb gedir. 70 il Quran oxumayan, İslam fəlsəfəsini yalnız Fatihə və Yasində görənlər elə düşünürlər ki, dini kəbin daha vacibdi. Elə cütlüklər var ki, molla kəbini olmadan ailə qurmaq istəmirlər. Bunun ağrılı tərəfi odur ki, onlar nə qədər ali təhsilli, dünyagörüşlü, hətta dövlətin yüksək kürsüsündə oturub ali strukturunda fəaliyyət göstərsələr də, münasibətlərindəki ciddiliyin möhkəmliyini yalnız molla kəbinində görürlər. Halbuki qanunla rəsmi nikah olmadan kəbin kəsdirmək qadağandı.
Bu yazını hazırlayarkən "rəsmi dövlət nikahı, yoxsa molla kəbini vacibdir?" deyə çox da böyük olmayan dairədə sorğu apardım. Maraqlıdır ki, rəyini soruşduqlarımın 60 faizi dövlət nikahına üstünlük verdiyini əsas tutaraq, həm də paralel olaraq dini nikahdan istifadəni vurğuladı. 10 faiz sırf rəsmi, qalan 30 faiz isə yalnız molla kəbininə üstünlük verdi. Üçüncüyə üstünlük verənlər bilirsinizmi kimlər oldu? Yaşı keçmiş qızlar. Bu qızlar müxtəlif səbəblərdən vaxtında ərə getmədikləri üçün ailə qurmaq xatirinə ikinci arvad kimi evli kişilərlə də kəbinə girməyə razıdırlar, təki dünyaya ən azı, bir uşaq gətirsinlər. Bu məsələdə müəyyən faiz kişilər də həmin qızlarla eyni mövqedə durdular. Onlar da ikinci arvad almaq istəyənlərdi. Bu, həm də miqrasiya məsələsi ilə bağlıdır. Çünki ölkədə kişilərin bir hissəsi, xüsusilə də 25-30 yaş arası subay kişilər xarici ölkələrə işləməyə gedirlər. Gedəndən 1-2 il sonra da orda rəsmi, ya da qeyri-rəsmi evlənirlər. Azərbaycandakı valideynlərinin təkidli tələbləri ilə bəzən vətənə gəlib evlənməyə məcbur olurlar. Bu halda da molla kəbini dövriyyəyə girir. Tərəflər etiraz etmirlər, çünki yaşı keçmiş qız ərə getmək, oğlan da azərbaycanlı bir xanımla zor-xoş ailə qurmaq məcburiyyətindədi.
Daha bir hal da var. Bəzən ərindən boşanan, yaxud da dul qadınlar hansısa səbəbdən rəsmi olaraq ailə qurmaq istəmir, gizli surətdə bir kişi ilə münasibət qururlar və aralarındakı münasibətlərin möhkəmliyini sübut etmək üçün mollaya müraciət edib kəbin kəsdirirlər. Bu, kişinin ikiarvadlı olması deməkdir. Əgər bu izdivacdan dünyaya uşaq gəlirsə, bax o zaman münasibətlər düyünə düşür. Bir çox hallarda yeni doğulan uşağın doğum şəhadətnaməsində atalıq qrafası boş qalır. Həmin uşaqların problemləri bir ömür valideynləri narahat edir. Poliklinikalarda, xəstəxanalarda qeydiyyata düşə bilmirlər, məktəbə gedəndə çətinlik yaranır, kimliyini təsdiq edən şəxsiyyət vəsiqəsi olmayanda isə yaranan vəziyyətə müsibət demək olar. Bir müddət keçir münasibətlər səngiyir, sevgililər arasında eşq-məhəbbət yox olur, gizli görüşlər üzə çıxır və... zərbə ancaq uşağa dəyir. Bu zərbənin ağırlığı, həm də rəsmi nikahı qəbul etməyib yalnız molla kəbini ilə aşkarda ailə quran cütlüklərdə də hiss olunur.
Molla kəbininə üstünlük verən qrupa erkən yaşda ailə quranları, yəni 18 yaşa çatmamış qızları da daxil etmək olar. Birləşmiş Millətlər Təşkilatının məlumatına əsasən, dünyada hər gün 39 mindən çox erkən nikah baş verir. Belə vəziyyət davam edərsə, 2020-ci ilə kimi 18 yaşına çatmamış 70 milyon qız erkən nikaha girəcək. Bu əsasən Afrika və Cənubi Asiya ölkələrində baş tutan haldır. Xoşbəxtlikdən Azərbaycan bu təsnifatda sonuncu yerdədir. Nəzərə alsaq ki, Azərbaycanın əhalisi adını çəkdiyim region ölkələrinin əhalisi ilə müqayisədə azdır, o zaman ürək ağrıdan mənzərə yaranır. Bu mənzərəni qabarıq göstərən hal isə azyaşlı qızların təhsildən yayınmasıdı. Valideynlər orta məktəbi tam bitirməmiş qızlarını molla kəbini ilə ərə verirlər. Adam dəhşətə gəlir ki, bu valideynlər həmin evliliyin sonrakı fəsadlarını görməyəcək dərəcədə anlamazdırlar. Nə yazıq ki, belələrinə STOP deyilsə də, kar və kor olurlar. Onlar uşaqlarını 6-7-ci siniflərdən çıxarıb çadraya bürüyərək guya İslam dininin tələbinə cavab verməyə çalışdıqlarını düşünürlər.
Doğrudur, İslamda ailə müqəddəs elan edilib, amma qızların erkən yaşlardan, yeniyetmə vaxtlardan ailə qurması kimi tələb, yaxud da çağırış yoxdu. Bunlar ya aztəminatlı, ya da özünü dindar adlandıran, müəyyən dini təriqətə qulluq edən ailələrdə baş tutur. Erkən yaşda ailə quran oğlan və qızlar vaxtından əvvəl həm fizioloji, həm də psixoloji travma alırlar. Bunlar elə başa düşürlər ki, 13 yaşından sonra qızına hicab bağladıb ərə verməklə sosial məsuliyyətdən azad olurlar. Halbuki övladlarının təhsilə gedən yolunu bağlayırlar. Həyat təcrübəsi sübut edir ki, ali təhsilli, savadlı qızlar sonrakı ailə həyatlarında yaxşı övlad böyüdüb tərbiyə edirlər. O biri zümrə isə hər cür tərbiyədə kəsirdə qalırlar.
XXI əsrdə - insan hüquq və azadlıqlarının təminatı üçün ölkəmizdə geniş meydan açıldığı bir zamanda molla kəbininin iri addımlarla ayaq tutub yeriməsi heç də xoş deyil. Bu günkü kompüter texnologiyaları, internet vasitəsi ilə dünyaya birbaşa çıxış elmi - texniki tərəqqinin sürətli inkişafı deməkdir. Təbii ki, molla kəbini bu sürətin qarşısına keçə bilməz, amma çoxlu
sayda azərbaycanlı ailənin inkişaf sürətinə mənfi təsirini göstərərək onun ayağından tutub geri çəkir, gözünü yumur, elm işığından məhrum edir. Sirr deyil hər ailədə problem yarana bilər. Bəzən də bu problem boşanma nöqtəsinin üzərində dayanır. Bu zaman onlar mollaya yox, məhkəməyə müraciət edirlər. Məhkəmə molla kəbini ilə evlənənlərin dünyaya gətirdikləri azyaşlı uşaqların hüququnu müdafiə etməkdə çətinlik çəkir. Çünki dini nikah evlənən cütlüklərin gələcəkdə yarana biləcək problemlərini həll etmək gücünə malik deyil. Uşaqlar üzərindəki valideynlik hüququnun müəyyən edilməsi, eləcə də aliment verilməsi düyünə düşür. Dövlət adından çıxış edən məhkəmə bu düyünü açmaq üçün uzun müddət çalışmalı olur.
Rəsmi nikahı molla kəbini ilə əvəzləyən qadınlar təkcə boşananda deyil, həm də əri dünyasını dəyişəndə böyük problemlə üzləşirlər. Çünki onun heç bir vərəsəlik hüququ olmur, mənzil problemi ortaya çıxır, yəni onun mənzilə köçürülməsi, mənzildən istifadə etmək hüququ mümkünsüz olur. Məhz həmin prosesdə ayılırlar ki, bu kağızın qanun qarşısında heç bir hüququ olmadığı kimi, orda yazılan ərəbcə, mənası anlaşılmayan sözlərin də zərrəcə məsuliyyət yükü yoxdur. İşin qəliz tərəfi odur ki, mollalar insanları İslamda dini nikah deyilən bir anlayışın olmasına inandıra bilirlər. Halbuki onun kəbin kağızında anlaşılmaz bir dildə yazdıqları əslində cəfəngiyyatdan başqa bir şey deyil. Bir neçə il əvvəl Qafqaz Müsəlmanları İdarəsi qərar verdi ki, heç bir din adamı rəsmi nikah kağızı olmadan kəbin kəsə bilməz. Nə yazıqlar ki, bu qərara əhəmiyyət verməyən mollalar hələ də var. Bu savadsız, dini dünyagörüşü, Quran bilgisi olmayan mollalar anlamırlar ki, azyaşlı, yetkinlik yaşına çatmayan qızlara qanunsuz kəbin kəsməklə onların hüquqlarını pozur və cinayətə yol verirlər. Amma anlasalar da faydası yoxdu. Çünki Cinayət Məcəlləsində mollaların yeniyetmə qızlara, oğlanlara kəbin kəsməsini qadağan edən bir maddə yoxdu. Bəlkə də mollanı qınamağa dəyməz. Bu məsələdə molladan çox valideyn məsuliyyət daşıyır, valideynlik vəzifəsini sona qədər yerinə yetirməkdən imtina edir. Valideynin vəzifəsi övladını evləndirməmişdən əvvəl ona təhsil vermək, orta və ali məktəbdə oxuyub elm öyrənməsinə şərait yaratmaqdı. O zaman valideyn övlad yanında da, Allah yanında da hörmətli, izzətli və şərəfli olur.
Bir neçə il öncə deputat Fəzail Ağamalı Milli Məclisdə belə bir təkliflə çıxış etmişdi ki, ölkədə vətəndaş nikahı qanuniləşdirilsin. Biz sivil ölkədə yaşayırıq və hər birimizə də aydındır ki, vətəndaş nikahı deyilən nəsnə Azərbaycanda elə molla kəbini deməkdir. Bura Avropa deyil və bu məmləkətin öz dini və mənəvi dəyərləri var. Nə yaxşı ki, Fəzail Ağamalının təklifi elə təklif olaraq da qaldı. Deputatın səsləndirdiyi həmin fikir qeyri-ciddiliyi ilə yanaşı, həm də çoxarvadlılığa meydan verilməsinə gedən yoldu. Bu, həm də mollaların kəbin kəsmək fəaliyyətlərinə ikitərfli qapı açmaq deməkdi. Ölkəmiz müsəlman məmləkəti olduğu üçün bu məsələdə Avropa yolu, Avropa təcrübəsi keçərsiz sayılır. Çünki "örkən nə qədər uzun olsa da gəlib doğanaqdan keçir", yəni mollanın saqqalının altından keçir.
Mollalar deyir ki, guya onların kəsdikləri nikah Allah yanında kəsilmiş nikahdır, buna Allah şahidlik edir. Gülüncdü, deyilmi? Mollanın məntiqindən belə çıxır ki, Allah təkcə məscidlərdə olur, rəsmi dövlət idarəsinə yaxın gəlmir. Halbuki Allah deyir: "Mən sizə şah damarınızdan da yaxınam" (Qaf surəsi, ayə 16). Deməli, harda olsaq Allah bizimlədir və hər əməlimizə də şahidlik edir.
İslam dini hüquqi nikahın tərəfdarıdı.
Züleyxa Nadir