Təbii fəlakətlər kənd təsərrüfatına təsirsiz ötüşməyib

Rövşən Ağayev: "Bu sahədə sığorta mexanizminin yoxluğu bu itkilərin heç olmazsa bir hissəsini kompensasiya etməyə imkan vermir"

Son günlər ölkənin müxtəlif bölgələrində baş verən təbii fəlakətlər, dolu və leysan yağışlar bəzi rayonlarda sel daşqınlarına səbəb odu ki, bu da ölkənin kənd təsərrüfatına təsirsiz ötüşmədi. Yetişməkdə olan məhsulların təbii fəlakət səbəbindən ziyan görməsi qarşıdakı mövsümdə kənd təsərrüfatı məhsullarının mövcud tələbatı ödəyə bilməyəcəyi qorxusu yaradır. Elə əksər iqtisadçılar da bu qənaətdədirlər.

İqtisadçı Rövşən Ağayev deyir ki, təbiət bu il kəndlilərə çarpaz dağ çəkdi. Arası kəsiləməyən leysan yağışları və dolu ölkənin qərb, şimal, şirvan rayonlarında bostan sahələrinə, meyvə və üzüm bağlarına çox ciddi zərər vurdu: "Təəssüf ki, kənd təsərrüfatında sığorta mexanizminin yoxluğu bu itkilərin heç olmazsa bir hissəsini kompensasiya etməyə imkan vermir. Bu əkinçilərin düşdüyü bəladı. Heyvandarlıqla məşğul olanların bəlası da bir başqadır. Heyvandarların məhsulları o qədər ucuzdur ki, insanlar bu sahə ilə acından ölməmək üçün məşğul olurlar. Dünyada heyvandarlığın rentabellik səviyyəsi və sektorun cəlbediciliyi istehsal olunan məhsulun qiyməti ilə yemin qiymət paritetinə əsasən müəyyən edilir. Məsələn, beynəlxalq təcrübədə süd-yem pariteti üçün normal hədd 1.5-2, ət-yem pariteti üçün normal hədd 22-25 hesab edilir. Bu o deməkdir ki, kəndçi 1 litr südün qiymətinə ən az 1.5 kiloqram, yaxud 1 kiloqram ətin qiymətinə azı 22 kiloqram kalorili heyvan yemi ala bilməlidir. Azərbaycanda isə bu paritet belədir. Kəndçi 1 litr südün qiymətinə ən yaxşı halda 0.7 kiloqram kalorili heyvan yemi ala bilir. Yaxud 1 kiloqram ətin qiymətinə ən yaxşı halda 15 kiloqram kalorili yem almaq imkanındadır. Fermerin xərcləri çox olsa da, məhslunun qiymətləri aşağıdır. Sonra da bir dəstə insan çıxıb deyir ki, insanlar kənd təsərrüfatı ilə məşğul olmaq istəmir". Rövşən Ağayev onu da bildirib ki, hökumət rəsmiləri 2016-cı ildə kənd təsərrüfatı ixracının kəskin artdığını bildirir və doğrudan da bu ilin 5 ayında meyvə-tərəvəzi ixracı həm dəyər, həm də natural ifadədə 50 faizdən çox artıb: "Amma 2 məqamı nəzərdən qaçırmayaq. Əvvəla, sırf kənd təsərrüfatı məhsullarının ixracı böyük həcmli deyil. Məsələn, keçən ilin 5 ayında meyvə-tərəvəz ixracı cəm halda 72 milyon dollar olmuşdu, bu il 114 milyon dollar olub. İkinci ən vacib məsələ - dünyada kənd təsərrüfatı və qida sənayesinin ixrac imkanlarına bir yerdə baxılır. Bizdə 5 ayda meyvə tərəvəz ixracı 42 milyon dollar əlavə valyuta qazancı gətirib, amma qida sənayesinin ixracı 163.7 milyon dollardan 37.5 milyon dollara enib. Yəni kənd təsərrüfatı və qida sənayesini ümumi götürsək, 235.7 milyon dollardan 151.5 milyon dollaradək azalıb - bu kanalla ixracdan valyuta gəlirlərində 80 milyon dollardan çox azalma var. Əsas hədəf qida sənayesinin rəqbətqabiliyyətliliyinin yüksəldilməsi, bu sənayenin ixracda payının artması olmalıdır. Tarla (yaxud ferma) məhsulu nə qədər çox dəyər zəncirindən keçsə, ölkəyə daha çox valyuta gətirəcək". Rövşən Ağayev kənd təsərrüfatı sahəsində arıçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərə də diqqət çəkib və qeyd edib ki, mövcud potensialdan son dərəcə zəif istifadə edilir: "Rəsmi məlumata görə, hazırda Azərbaycanda 2.3 min ton bal istehsal edilir ki, bu adambaşına təxminən 240 qram deməkdir. Ona görə də marketlərizmizdə müxtəlif ölklərdən, xüsisilə Çindən idxal edilən balların sıxlığı hiss edilir. Dünyanın müxtəlif ölkələrində adambaşına illik bal istehlakı 1-1.5 kiloqram aralığında dəyişir. Məsələn, qonşu Türkiyədə 1.2 kiloqram təşkil edir. Biz istehlakımızı bu səviyyəyə çatdırıb hamısını yerli istehsal hesabına ödəyə bilsək, hazırkı istehsal səviyyəmiz 4 dəfə artmalıdır. Əlavə olaraq deyim ki, dünyada bal və digər arıçılıq məhsullarının böyük bazarı var. Sadəcə keyfiyyətli və ucuz məhsul istehsalına nail olma vacibdir. Türkiyə istehsala görə dünyada Çindən sonra 2-ci yerdədi. Ona grə də bu təcrübələri öyrənmək heç vaxt gec deyil. Arıçılıq məhsullarının təkcə qida bazarında deyil, dünyanın kosmetika və tibb sənayesində də böyük bazarı var. Bir vacib məqamı qeyd edim ki, ölkədə bal Nazirlər Kabinetinin təsdiqlədiyi minimum qida istehlakı normalarına daxil edilməyib, amma bir çox ölkələrdə bu məhsul məcburi rasiondadır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00