Vətəndaşlar niyə tikinti şirkətlərinə aldanırlar?

Bir mənzili 4 nəfərə satmaq dələduzluğun pik həddidir
 

Azərbaycanda tikinti şirkətlərinin bir mənzili bir neçə şəxsə satması artıq ənənə halını alıb. Bununla bağlı vətəndaşlar dəfələrlə etiraz aksiyaları keçiriblər və məhkəmələrdə bu tipli dələduzluq halları ilə bağlı kifayət qədər proses keçirilib. Tikinti şirkətlərinin bir mənzili bir neçə şəxsə satmasıyla bağlı məhkəmə qərarı ilə həbs olunan şirkət rəhbərləri də var. Buna baxmayaraq, tikinti şirkətlərinin rəhbərləri bu dələduzluq hallarını davam etdirirlər və nəticədə ev sahibi olmaq istəyən yüzlərlə vətəndaş fırıldaqçılığın qurbanına çevrilir. Bir neçə gündür ki, yeni tikilən binalarda bir mənzilin bir neçə nəfərə satılmasıyla bağlı problemlər mətbuatın manşetindən düşmür. Paytaxtda yüzlərlə şəxs ev dəllallarının, tikinti şirkətlərinin dələduzluqlarının qurbanına çevrilib. Bu məsələlərlə bağlı Azərbaycan məhkəmələrində saysız-hesabsız proseslər davam edir. 200 saylı MTK-da qeydə alınan dələduzluğa isə məhkəmə hakimləri də qoşulub. MTK-nın Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi 60-da yerləşən binasından mənzil alan 4 ailə məhkəmənin heç bir məntiqə sığmayan qərarıyla evindən çıxarılır. Qeyd edək ki, tikinti şirkətlərinin asanlıqla dələduzluq edə bilmələrinin əsas səbəblərindən biri, bir qayda olaraq, tikinti şirkətləri ilə alıcı vətəndaşlar arasında müqavilə imzalanarkən həmin müqavilələrin notarial qaydada təsdiq olunmamasıdır. Alıcı ilə müqavilə imzalayarkən tikinti şirkətlərinin işçiləri birmənalı olaraq müqavilələrin notarial qaydada təsdiq edilməsini imkansız hesab edirlər. Bu da onun göstəricisidir ki, tikinti şirkətlərinin fəaliyyətində qanunsuzluqlar hökm sürür. Hər şeydən əvvəl külli miqdarda vergidən yayınma halları baş verir. Yəni faktiki olaraq, tikinti şirkətləri bir tərəfdən dövləti aldadır, digər tərəfdən isə vətəndaşları evsia qoymuş olurlar. Etiraf etməliyik ki, dünyanın heç bir yerində belə hallara rast gəlinmir. Məlumat üçün qeyd edək ki, dəfələrlə rəsmi qurumlar və mütəxəssislər tərəfindən vətəndaşlara belə tikinti firmalarından mənzil almamaq tövsiyə olunur. Çünki, bu şirkətlərin fəaliyyətinin bəziləri dayandırılıb, bir neçəsinin rəhbəri həbsdədir, digərləri barəsində araşdırma aparılır. Onu da qatırladaq ki, bir müddət öncə Prezidenti Administrasiyası tərəfindən dələduzluqda adı hallanan tikinti şirkətlərinin adları açıqlanmışdı. Onların sırasında "İnşaatçı-GM", "Qolden", "Azərtikinti ATF", "İdeal-İnşaat", "Şahbulaq", "Abşeron-1", "A.E.K", "Xəmsə İnşaat", "Qaraçay", "Bios", "Bəyaz", "Dərəçiçək", "Meqa-siti Holdinq", "Elita-R", "Gənc", "R+R", "Birlik inşaat", "Ulduz" firmalarının adları qeyd olunub. Həmçinin müğənni Aygün Kazımovanın qardaşı Ələsgər Kazımovun rəhbəri olduğu "Ələsgəroğlu" firmasının adı da PA rəsmisinin məqaləsində hallanıb. Habelə, "ABC", "Fuad LTD", "Kamran", "Safari-N", "Yeni Yasamal", "Effekt İnşaat", " "AENT-E", "HAYAN-E", "Klass Azko", "Badu Kubə", "Olimpus-AZ", "Cənnət", "Xəmsə" və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq olduğu bildirilib. Müraciətlərdə mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bildiklərindən bəhs edilib. Hüquqşünas Azad Rzayev bildirib ki, son illərdə vətəndaşların üzləşdiyi ciddi hüquqi problemlərdən biri də mənzil-tikinti kooperativlərindən mənzilləri alarkən yaranır. Qeyd edilən alqı-satqı müqavilələri bağlanan zaman vətəndaşlarla kooperativ arasında yaranan münasibətlər bəzən hüquqi müstəvidən çox kənarlaşaraq qeyd edilən müqavilələr üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ aktları ilə müəyyən edilmiş normalara riayət edilmir. Bu da əksər hallarda gələcəkdə müəyyən hüquqi problemlərə səbəb olur. Onun sözlərinə görə, xüsusən, son illərdə mənzil-tikinti kooperativləri tərəfindən vətəndaşların aldadılaraq onlara satılmış mənzildən ibarət olan payların kooperativin vəzifəli şəxsləri tərəfindən təkrarən başqa şəxslərə satılması, satılan mənzillərin ölçülərinin yerində müqavilələrdə göstərilən ölçülərdən daha kiçik olması, binaların tikintisinin yarımçıq qalması, vaxtında istismara verilməməsi və s. problemlər narahatlıq doğuran hallardandır: "Yaranmış problemin həlli üçün qanunvericilikdə imkanlar mövcuddur. Lakin daha yaxşı olardı ki, vətəndaşlarımız problem yaranmazdan əvvəl hüquqi riskləri nəzərə alaraq hərəkət etsinlər. Hesab edirəm ki, Azərbaycanda qeyd edilən problemin həlli yolu kimi müqavilələrin vahid reyestrinin yaradılması vətəndaşlarımızı bir çox hüquqi risklərdən qoruya bilərdi. Burada söhbət ondan gedir ki, mənzil-tikinti kooperativləri satdıqları mənzillərin alqı-satqısına dair müqavilələri bunun üçün müəyyən edilmiş xüsusi reyestrdə qeydiyyatdan keçirməlidirlər. Bu zaman mənzil-tikinti kooperativləri həm müqavilədə göstərilən mənzilin dəyərini açıq göstərməyə, həm də ölçüləri dəqiq qeyd etməyə məcbur olacaqlar. Eyni zamanda, ən əhəmiyyətli məsələ isə müqavilələrin reyestrdən çıxarışı olmadan qeyd edilən mənzilləri alıb-satmaq mümkün olmayacaq ki, bu da vətəndaşları aldadılma hallarından qoruyacaq. Bəs indiki vəziyyətdə belə mənzilləri alarkən hüquqi risklərdən necə qorunmaq olar? Əlbəttə, bu halda tam hüquqi risklərdən qorunmaq mümkün deyil". Vəkilin sözlərinə görə, daha yaxşı olardı ki, bu prosesi təcrübəli hüquqşünas müşayiət edərdi: "Lakin hüquqşünasın iştirakı olmadan da alıcı tərəfindən aşağıda sadalanan hallara diqqət yetirilsə, bəzi risklərdən yayınmaq olar. Əvvəla, mənzil-tikinti kooperativinin müqaviləsini imzalayacaq vəzifəli şəxsinin həmin vəzifəyə qanuni əsaslarla təyin olunub-olunmamasını, onun koopertivə məxsus əmlakı satmaq səlahiyyətinə malik olub-olmamasını aydınlaşdırmaq lazımdır. Alıcı almaq istədiyi mənzilin məhz müqavilədə göstərilən ünvanda, mərtəbədə, dəyərini ödədikləri ölçülərə uyğun gələn və məhz qeyd edilən mənzil-tikinti kooperativinə məxsus binada mənzil olduğuna tam əmin olsun. Müqaviləni, onun şərtlərini oxuduqdan və tam anladıqlarına əmin olduqdan sonra imzalasınlar. Müqavilə üzrə ödəməli olduqları vəsaitləri kooperativin bank hesabına ödəsinlər. Əgər ödəmə nağd qaydada kooperativin xəzinəsinə ödənilirsə, ödənişin məbləği göstərilməklə kooperativin möhürü və səlahiyyətli şəxsinin imzası ilə mütləq kassa-mədaxil orderi və kooperativə müqavilə üzrə heç bir borcun olmamasına dair maliyyə arayışı alsınlar. Faktiki ödədikləri pulların müqavilədə və yuxarıda göstərilən mühasibat sənədlərində tam əks etdirilməsini tələb etsinlər. Mənzilin yerləşdiyi binanın tikinti obyektlərini istismara qəbul edən dövlət qəbul komissiyası tərəfindən istismara qəbul olunub-olunmadığını araşdırsınlar. Çünki binanın istismara qəbul edən dövlət komissiyasına təhvil verilməməsi həmin mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini qeyri-mümkün edir. Eyni zamanda, kooperativdən mənzil alarkən alıcılar özlərinin kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməyi də unutmamalıdırlar. Əgər mənzil birbaşa kooperativdən yox, digər şəxsdən satın alınırsa, lakin rəsmiləşdirmə mənzil-tikinti kooperativi vasitəsilə aparılırsa, bu zaman mütləq qaydada mənzili satan şəxsin evli və ya subay olması dəqiqləşdirilməlidir. Əgər satıcı evlidirsə və mənzil birgə nikah dövründə alınmışdırsa, bu halda ərin və yaxud arvadın notariat qaydasında təsdiq edilmiş yazılı razılığı olmalıdır. Əgər satıcı subay olduğunu bildirirsə və hətta onun şəxsiyyət vəsiqəsində subay yazılmış olsa belə, satıcının subay olması haqqında dövlət qeydiyyat orqanından arayış alaraq sənədləşməyə əlavə edilməsini tələb etmək də zəruri şərtlərdəndir".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00