ATƏT sədrinin Qarabağa, Saakyanın Rusiyaya dəvəti nəyə hesablanıb?
Azərbaycan və Ermənistan prezidentlərinin Peterburq görrüşündən sonra Dağlıq Qarabağın qondarma separat rejiminin danışıq prosesində iştirakı yenidən gündəmə gətirilib.
28 İyun 2016 14:13 SosialQondarma rejim tərəf kimi danışıqlar prosesinə cəlb edilir?
Azərbaycan və Ermənistan prezidentlərinin Peterburq görrüşündən sonra Dağlıq Qarabağın qondarma separat rejiminin danışıq prosesində iştirakı yenidən gündəmə gətirilib. İlk belə səda "Şimal-Cənub" siyasətşünaslıq mərkəzinin aparıcı eksperti Aleksandr Karavayevdən gəlib. O, "Moskva-Bakı" portalına danışarkən qondarma rejimin başçısı Bako Saakyanın Kremlə çağrıldığını bəyan edib və onunla Kremldə ciddi danışıqların olacağı ehtimalını irəli sürüb. Məsələ ilə bağlı politoloq Natiq Miri bildirib ki, bu informasiyanın nə qədər səhih olub-olmaması, doğruysa da hansı formatda və statusda danışıqların olacağı hələlik bəlli deyil. Eyni zamanda, hələlik çağrılma səbəbinə də nə Kreml, nə Ermənistan, nə də Azərbaycan səviyyəsində heç bir aydınlıq gətirilməyib: "Azərbaycanı ona görə vurğuladım ki, Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğundan Kremldə bir qondarma qurumun rəhbəri olaraq Bako Saakyanın rəsmi qəbul edilməsi doğru deyil və ölkə hakimiyyəti bu məsələyə həssas yanaşır. Yaxud Peterburq görüşündən sonra Bako Saakyanın Kremlə çağrılması Azərbaycan və Ermənistan hakimiyyətlərinin bilgisi çərçivəsində də ola bilər. Xüsusilə də əgər Azərbaycan hakimiyyətində qondarma rejim başçısının sülh prosesinə əngəl olmamaq üçün Kremlə çağrıldığına və ona birbaşa təzyiq ediləcəyinə əminlik varsa, təbii ki, bu halda ölkə XİN-i bu hadisəni görməzdən gələcək. Hər bir halda qondarma rejim başçısının Kremlə çağrılması Dağlıq Qarabağdakı separat rejimin çox yaxın zamanlarda danışıqlar prosesinin bir tərkib hissəsi olacağını göstərir. Əgər Peterburqda Qarabağ probleminin həlli ilə bağlı bir çox məsələlər şifahi də olsa, razılaşdırılıbsa, onda qondarma rejimin prosesə qatılması real ola bilər. Baxmayaraq ki, bu, Azərbaycanın maraqları çərçivəsində deyil. Çünki Azərbaycan danışıqlar prosesinin hansısa mərhələsində Dağlıq Qarabağı azərbaycanlı və erməni icmasının birgə təmsil etməsini istəyir, özü də tərəf deyil, sadəcə ölkə vətəndaşları olaraq. Xatirinizdədirsə, rusiyalı həmsədr Popov da çərçivə sazişinndən sonra qondarma rejimin danışıqlar prosesində iştirak vacibliyindən danışmışdı. Artıq bu məsələ Peterburq görüşündən sonra ciddi olaraq gündəmə gətirilib. Və bu da onu göstərir ki, münaqişə tərəfləri çərçivə sazişini imzalamağa çox yaxındırlar. Prezidentlərin görüşünün intensivləşdirilməsi də məhz buna xidmət edir". Politoloq deyir ki, bunun daha bir əlaməti amerikalı həmsədr Uorlikdən gəldi: "Uorlik növbəti dəfə sərsəmləyərək Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində xalqın mövqeyinin təmsil olunması vacibliyindən danışıb. Diqqət edin, Uorlik cənabları məsələni nə qədər hiyləgər və riyakarcasına qoyur: "Dağlıq Qarabağ xalqının mövqeyi vacibdir. Ona görə də həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyəti ilə mütəmadi olaraq görüşür. Biz hərtərəfli həll çərçivəsində Dağlıq Qarabağın xalqının səsini təmin etməliyik", Diqqət etdinizsə, amerikalı həmsədr növbəti dəfə özündən yeni status kəşf edərək milli azlıq olan erməniləri beynəlxalq ictimaiyyətə "Dağlıq Qarabağ xalqı" deyə təqdim edir. Bu, Azərbaycanın bütövlüyü adına çox təhlükəli məqamdır və məhfum bilərəkdən xüsusi olaraq seçilib. Burada milli azlıq olan ermənilər ona görə "Dağlıq Qarabağ xalqı" kimi təqdim edilir ki, onlara "xalqların öz müqəddərratını təyinetmə" prinsipi tətbiq edilə bilsin. Bununla da statusun müəyyənləşdirilməsində səsvernəyə və müstəqilliyə yol açılsın. Bu arada Minsk qrupunun həmsədrləri ilə ATƏT-in sədri Frank-Valter Ştaynmayer arasında Berlində Qarabağ münaqişəsi müzakirə edilib. Görüşdə siyasi danışıqların genişləndirilməsi ilə bağlı razılığa gəlinib. Bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atılacaq addımlar və Ştanmayerin regiona səfəri müzakirə olunub. Görüşdən sonra ATƏT-in mətbuat katibi xəbər yayıb ki, Almaniyanın xarici işlər naziri, ATƏT-in sədri Frank-Valter Ştaynmayer Dağlıq Qarabağa səfər etmək niyyətindədir. Hələlik ATƏT sədrinin Dağlıq Qarabağ səfəri ilə bağlı Azərbaycan XİN-in rəsmi münasibəti bildirilməyib. Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğu üçün ATƏT sədrinin bu bölgəyə səfəri də diplomatik kanallarla rəsmi Bakı ilə razılaşdırılmalıdır. Azərbaycanın bu səfərə münasibətindən bəlli olacaq ki, rəsmi Bakı gedən prosesdən nə qədər məmnundur. Bütün bu olanları toparlasaq o nəticəyə gəlmək olar ki, Peterburq görüşündə müəyyən mərhələ keçilib ki, artıq qondarma qurumun danışıqlar prosesinə qatılmasına qərar verilib. Bako Saakyanın Kremlə çağrılması, ATƏT sədrinin Qarabağa səfər etmək istəyi də bunun göstəricisi sayıla bilər. Və bütün bunların Azərbaycanın mənafeyinə nə qədər uyğun olub, olmadığı isə yaxın zamanlarda bəlli olacaq. Ancaq həmsədrlərin təqdimatına baxsaq, görünən odur ki, Qarabağın taleyi ilə bağlı heç də xoş gələcək vəd edilmir".
S.İsmayılbəyli