"Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

Gəncə şəhərinin sosial iqtisadi inkişafı ilə bağlı yazı hazırlayarkən bu şəhərdə olmamaq, görülən işlərin əyani şahidinə çevrilməmək absurd sayılar prinsipini əsas götürərək ulu Nizaminin yurduna baş çəkməyi özümə borc bildim. Anadan olduğum Yevlaxdan Gəncəyə doğru hərəkət etdikcə yol boyu bir-birindən gözəl mənzərə səni müşayət edir, yeni infrastruktur layihələri göz oxşayır. Şəhərə daxil olarkən rastlaşdığımız nəhəng giriş qapıları, eləcə də yol boyu Nizami Gəncəvinin poemalarını özündə əks etdirən mənzərələri seyr etdikcə insan özünü tamam başqa bir aləmdə, daha dəqiq desək XI-XIII əsrlərdə cərəyan edən hadisələrin mərkəzində, Nizami Gəncəvi dünyasında hiss edir. Təkcə mərkəzi küçə və prospektlər, yol kənarları, binaların qarşısı deyil, ümumilikdə bütün Gəncədə səiiqə-səhman, təmizlik göz oxşayır. Bu təmizlik təkcə özünü məişət tullantılarının vaxtlı-vaxtında daşınmasında deyil, eləcə də tikinti, nəqliyyat, ictimai iaşə sektorunda da göstərir. Bir vaxtlar Gəncədə tikinti, quruculuq işlərinin şəhərin baş planına uyğun olmayan şəkildə aparılması burada bir nizamsızlıq, qayda-qanunsuzluğa yol açmışdı. Bina və digər ictimai iaşə obyektlərinin tikintisi zamanı şəhərin baş planı deyil, müəyyən qrupların maraqlarının nəzərə alınması Gəncənin gələcəyi üçün heç də müsbət bir mənzərə vəd etmirdi. Lakin 2011-ci ildən etibarən Gəncədə zamanında yol verilən nöqsanlar bir daha təkrarlanmadı. Bir vaxtlar şəhərin baş planına zidd olaraq inşa edilmiş bu və ya digər obyektlər sökülərək baş plana uyğunlaşdırıldı. Bununla da Gəncədə tikinti sektorunda sözün həqiqi mənasında bir nizam-intizam yaradıldı.

Göz oxşayan səliqı-səhman yaradılan nizam-intizam

Gəncəyə daxil olarkən diqqəti çəkən digər bir məqam "Yol mədəniyyətdir" pinsipi əsasında şəhərin yol-nəqliyyat strukturu, nəqliyyat sistemində müşahidə edilən müsbət tendensiyadır. Tikinti sektoru kimi şəhərin nəqliyyat sektorunda da hökm sürən nizam-intizamsızlıq getdikcə Gəncə üçün ciddi problemlərdən birinə çevrilirdi. İstər şəhərdə avtomobillərin sayının artması, istərsə də respublikanın müxtəlif bölgələrindən Gəncəyə gələn iri və kiçiktutumlu avtobusların şəhər mərkəzində hərəkəti zamanı yaratdığı tıxaclar nəqliyyat sektorunda təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edirdi. Bu zərurəti nəzərə alan şəhər rəhbərliyi elə vəzifə səlahiyyətlərinin icrasına başladığı ilk gündən Gəncənin nəqliyyat sektorunda nizam-intizam yaradılmasını başlıca vəzifə hesab etdi. Qısa müddətdə şəhərin çıxış hissəsində yeni avtovağzal kompleksinin inşa edilməsi həm Gəncədə tıxac probleminin aradan qaldırılması, həm də nəqliyyat sahəsində nizam-intizamın yaradılmasına yol açdı. Məhz Gəncədə nəqliyyat sektoru sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər və görülən işlərin nəticəsi idi ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayaraq Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi yaratdı.

Ölkə iqtisadiyyatının dinamik inkişafı, Gəncə şəhərinin də sosial-iqtisadi həyatını xeyli canlandırıb. İldən-ilə Gəncədə həm sənaye istehsalı, həm ümumi daxili məhsul, həm də digər məhsulların istehsalında artım müşahidə edilir. Cari ilin birinci rübü ərzində şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən 68 milyon 874 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. Sevindirici hal ondan ibarətdir ki, Gəncədə istehsal olunan məhsullar yalnız daxili bazar üçün hesablanmır. Əgər şəhərdə istehsal olunan məhsulların 63,7 faizi daxil bazar üçün nəzərdə tutulursa, 36,3 faizi isə Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin bazarlarına ixrac olunur. Bu sıraya "DET AL" Alüminium MMC, "DRI" zavodu, "Gancə-mebel", "Billur" zavodu, "Ət-süd", "Şirniyyat malları", "Gəncə Şərab-1 " və "Gəncə Şərab-2 " birləşmiş müəssisəsələri, Azərbaycan-Alman birləşmiş müəssisəsi olan "Korund" şirkəti və s. aid etmək olar. Bütün bunlar Gəncədə işsizlik probleminin də aradan qaldırılmasına yol açır. Ümumiyyətlə isə, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram"larının icrası nəticəsində Gəncədə bu günə qədər 40 minə yaxın yeni iş yeri açılıb.

Milli-mənəvi dəyərlərə bağlılıq

Əhalinin kommunal problemlərinin həlli, abonentlərin elektrik enerjisi, qaz və içməli su təchizatı ilə təminatı məsələsində də Gəncədə məqsədyönlü tədbirlər həyata keçirilir. Məlumat üçün qeyd edək ki, Gəncənin böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 35/6 kV-luq "Üzgüçülük" yarımstansiyanın yerində müasir tipli tam qapalı 35/6 kV-luq 2x10 MVA gücündə yeni "Nizami" yarımstansiyası tikilib. Yeni yarımstansiya 6 mindən çox abonentin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırıb. Gəncə Qaz İstismarı Sahəsi isə cari ilin birinci rübü ərzində əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, ayrı-ayrı ərazilərdə yeni inşa edilmiş evlərin qazlaşdırılması və qaz təminatının bərpası istiqamətində tədbirlərini davam etdirib. İnfrastrukturun vacib sahələrindən olan su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması da dövlət qayğısı ilə əhatə olunub. Şəhərin suya olan tələbatının ödənilməsi, mövcud su təchizatı və kanalizasiya sisteminin perspektivə uyğun təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı icra olunan layihə uğurla davam etdirilir. Şəhərdə yaşıllaşdırma sahəsində də xeyli iş görülüb. Təkcə Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (İDEA) "Ümumrespublika Yaşıllaşdırma" marafonu çərçivəsində həyata keçirilmiş ağacəkmə kampaniyası zamanı Gəncədə 200 minə yaxın ağac və ting əkilib. Təhsil və səhiyyə sahəsi də Gəncə şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində olan məsələlər sırasındadır. Bunun bariz nümunəsidir ki, hər il əsaslı təmirə ehtiyacı olan təhsil və səhiyyə müəssisələrində təmir bərpa işləri həyata keçirilir. Bu isə ümumilikdə Gəncədə təhsilin və səhiyyə xidmətlərinin keyfiyyətinin artırılmasına öz müsbət təsirini göstərir. Ölkə Prezidentinin tapşırıq və tövsiyyələrinə, eləcə də "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının yeni qəbul edilmiş Qanununa uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətində müntəzəm olaraq vətəndaşlarla görüş keçirilir, onların müraciətlərində qaldırılan məsələlər vaxtında öyrənilib müvafiq tədbir görülür. Şəhid ailələrinə diqqət və qayğının artırılması, qaçqın və məcburi köçkünlərin, eləcə də müharibə iştirakçısı və əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması da Gəncə Şəhər İcra Hakimiyyəti başçısının əsas diqqət yetirdiyi sahədir. İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mütəmadi olaraq Şəhidlər xiyabanını ziyarət etməsi, şəhidlərin ailə üzvləri və yaxınları ilə görüşməsi deyilənlərin sübutdur.

Gəncədə aparılan quruculuq-abadlıq işləri zamanı milli-mənəvi dəyərlər də diqqətə alınır. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin 2011-ci ildən Gəncəyə rəhbərlik etdiyi bu günə qədər onlarla dini ibadət yerləri, tarixi-mədəni abidələr bərpa edilib. Təmir-bərpa işləri zamanı tarixi memarlıq incilərinin qorunmasına da xüsusi diqqət yetirilir. Bu sırada "İmamzadə" dini kompleksini də qeyd etmək yerinə düşər. 2010-cu ilin mayında təmir-bərpa işlərinə başlanılan kompleks cari ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Azərbaycanın bütün bölgələrində olduğu kimi Gəncə şəhərində də zəngin mədəniyyət ocaqları fəaliyyət göstərir. Bu zənginliyi və inkişafı dünya xalqlarına nümayiş etdirmək üçün hər il Gəncə şəhərində bir neçə beynəlxalq mədəni festifallar, sərgilər, elmi konfranslar və iri miqyaslı şəhər tədbirləri təşkil edilir. Bu mənada Gəncə şəhərinin 2016-cı il Avropa Gənclər Paytaxtı elan edilməsi də xüsusi qeyd edilməlidir. Məhz bu amil yüzlərlə avropalının Gəncəyə səfər edərək bu şəhərin zəngin tarixi-mədəni irsi ilə tanış olmasına imkan yaratdı. Bu həm də Gəncənin Avropada daha yaxından tanıdılması üçün əlverişli bir fürsət idi.

Xarici qonaqlarda təccüb yaradan "Zəfər Tağı"

Gəncəyə gəlib Qafqazın və Azərbaycanın ən qədim parklarından biri olan "Xan Bağı" Mədəniyyət və İstirahət Parkı və Gəncənin "Zəfər Tağları"na baş çəkməmək doğru olmaz. Hər iki məkan şəhərə gözəllik verən istirahət mərkəzlərindəndir.

Heydər Əliyev Mərkəzinin yaxınlığında yerləşən "Zəfər tağı" Gəncədə ən çox ziyarət olunan məkanlardan birinə çevrilib. Elə əraziyə istirahət üçün təşrif buyuran insanlarla söhbət zamanı da bunun şahidi olduq. Yevlax şəhər sakini Anar Əliyev deyir ki, adətən Rusiya Federasiyası və digər keçmiş sovet respublikalarından qonağı olan zaman onları Gəncə ilə tanış etməyi özünə borc bilir: "Bu gün də Ukraynadan bir neçə qonağım vardı. Yaşadığımız Yevlax şəhərində o qədər də gəzməli məkanlar olmadığı üçün yaxın məsafə olaraq Gəncəyə üz tuturuq. Bura gələn hər bir dostum, tanışım "Zəfər Tağı"nı görəndə təccübünü gizlətmir. Bu kimi müsbət işlər, həyata keçirilən tədbirlər turizmin inkişafına da öz müsbət təsirini göstərir. Onu da qeyd edim ki, şəhərə gələn yerli və xarici turistlərə yüksək səviyyəli xidmət göstərmək məqsədilə "Ramada Plaza", "My Way", "Emon", "Karvansaray", "Gəncə" otelləri fəaliyyət göstərir. Düşünürəm ki, digər rayonlar da Gəncənin təcrübəsindən yararlansa yaxşı olar". Məlumat üçün qeyd edək ki, Gəncə şəhərində "Zəfər Tağı" ulu öndərin adını daşıyan, dünyanın 5 ən böyük parkı sırasına daxil olan Heydər Əliyev Park-Kompleksinin girişində ucaldılıb.

Gəncəçay çayı boyunca isə yeni yaradılan bulvar kompleksi şəhərə gələn qonaqların rahatlığı üçün reallaşdırılan layihələrdən biridir. Bulvar kompleksdə Gəncə şəhər sakini İsmayıl Əhmədovla söhbətimiz zamanı aydın oldu ki, kompleks son illərdə Şəhər İcra Hakimiyyəti başçısının gəncəlilərə bəxş etdiyi hədiyyələrdən biridir: "Özüm Gəncədə yaşamasam da, imkan düşən kimi Gəncəyə, valideynlərimi görməyə gəlirəm. Hər dəfə doğma şəhərimə gələndə daha bir yeniliyin şahidi oluram. Bulvar Kompleks də bunlardan biridir. Burada velosiped yolu və iki velosiped dayanacağı inşa edilib ki, bu da insanların istirahət zamanı həm də idmanla məşğul olması üçün əlverişli fürsətdir"

Göründüyü kimi, Gəncə bu gün Azərbaycanın ən gözəl ünvanlarından biri olmaqla qloballaşan dünyamıza inamla qovuşan şəhər görkəmi alıb, mühüm sənaye mərkəzi olub. Şəhər son illərdə sürətlə inkişaf edib, ölkənin müasir və gözəl şəhərlərindən birinə çevrilib.

Süleyman İsmayılbəyli

"Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00