Azərbaycana gələn ərəb turistlərin sayı artıb

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn xarici vətəndaşların sayında əsaslı artım baş verib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, ötən ilin may ayı ilə müqayisədə (99 nəfər) 2016-cı ilin may ayında (3 000 nəfər) BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 30 dəfə artıb. Son bir neçə il ərzində Mədəniyyət və Turizm Nazirliyinin Marketinq Strategiyası əsasında təbliğat işlərinin gücləndirilməsi, BƏƏ-nin Dubay əmirliyində keçirilən "ATM" beynəlxalq turizm sərgisində mütəmadi olaraq və Şərca əmirliyində keçirilən "2-ci turizm səyahət bazarı: ailəvi turizmin təbliğatı 2015" beynəlxalq turizm sərgilərində ölkəmizin turizm potensialının təbliği, 2011-ci ildən etibarən Dubay Əmirliyində fəaliyyət göstərən təmsilçi nümayəndəliyin ("Atlantis Holidays" şirkəti) olması, həmçinin, 2015-ci ilin noyabr ayından etibarən adıçəkilən ölkə vətəndaşları üçün sadələşdirilmiş viza rejiminin tətbiqi nəticəsində bu artım baş verib.

Qeyd edək ki, 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Atlantis Holidays" şirkəti arasında "Körfəz əməkdaşlıq ölkələri - bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında" müqavilə imzalanıb. Həmin ildən etibarən "Atlantis Holidays" şirkəti BƏƏ-də Nazirliyin turizm üzrə təmsilçilik funksiyalarını yerinə yetirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00