Gəmiçiliyin növbəti uğuru
28 İyun 2016 11:38 SosialAzərbaycan Xəzər Dəniz Gəmiçiliyinin Davamlı İnkişaf haqqında Hesabatı "Ernst & Young" şirkəti tərəfindən müstəqil auditdən keçərək, müsbət rəy alıb. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, Gəmiçiliyin 2014-2015-ci illərdə iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini tam şəffaf açıqlayan Hesabatda keyfiyyət, sağlamlıq, ətraf mühitin qorunması, əməyin mühafizəsi, kadrların idarə edilməsi və digər sosial sahələrdə yerinə yetirilmiş işlər və əldə olunmuş nailiyyətlər öz əksini tapıb. AXDG-nin Davamlı İnkişaf haqqında Hesabatı Beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün GRI Sisteminin logistika və nəqliyyat xidmətlərinə dair mövcud tələbləri nəzərə alınaraq hazırlanıb. Bu proses 2015-ci ilin noyabrından başlanmış və sənəd 2016-cı ilin əvvəlində dünyanın ən nüfuzlu beynəlxalq audit şirkətlərindən olan "Ernst & Young"a təqdim edilib.
Davamlı İnkişaf haqqında Hesabatda yer almış hər bir məsələ daim Gəmiçilik rəhbərliyinin diqqət mərkəzindədir. Bu barədə geniş izah və şərhlər müvafiq bölmələrdə öz əksini tapıb.
Qeyd edək ki, bu, AXDG-nin Davamlı İnkişaf sahəsində ilk hesabatıdır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər hövzəsində Sosial Korporativ Məsuliyyəti üzrə fəaliyyətinə dair Davamlı İnkişaf haqqında Hesabatını açıqlayan ilk gəmiçilik şirkətidir.