Gənc əsgərlərə vətənpərvərlik ideyaları aşılanır
24 İyun 2016 18:51 Sosialİctimaiyyət nümayəndələri hərbçilərlə görüşə gedir
Aprel döyüşlərindən sonra ordumuzda yaranmış hərbi vətənpərvərlik ruhu davam etməkdədir. Hazırda gənc əsgərlər arasında hərbi-vətənpərvərlik ideyalarının aşılanması işinə bütün cəmiyyət qoşulub. Xüsusən, mədəniyyət və incəsənət xadimlərinin bu prosesə qoşulması tədqirəlayiq hal hesab olunur. Hazırda Qusar rayon Mədəniyyət Mərkəzi və Qusar Dövlət Ləzgi Dram Teatrının birgə təşkilatçılığı ilə 20-26 iyun tarixlərində "Vətənpərvərlik həftəsi" layihəsi həyata keçirilir. "Vətənpərvərlik" həftəsi çərçivəsində hərbi yönümlü mahnı və şerlərin ifası, teatr tamaşaları, vətənpərvərlik mövzuda ədəbi-bədii kompozisiyaların təşkili nəzərdə tutulub. Həftənin açılışı vətənpərvərlik mahnıların kollektiv ifası fleşmob ilə başlanıb. Həftə çərçivəsində 24 iyun tarixində rayonda yerləşən hərbi hissədə hərbiçilərə Hüseynbala Mirələmanovun "Xəcalət" tamaşası nümayiş etdirəlib. 25 iyun tarixində isə Silahlı Qüvvələr günü münasibətilə şəhərin mərkəzi meydanında konsert və hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya və hərbiçilərin nümunəvi çıxışları olacaqdır. Bununla paralel olaraq Nizami Kino Mərkəzində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününə həsr olunan "Aprel döyüşləri və zəfərə doğru" adlı tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından söz açıb. O, Silahlı Qüvvələrin təkmilləşdirilməsində və maddi-texniki bazasının möhkəmləndirilməsində , milli hərbi kadrların hazırlanmasında ulu öndər Heydər Əliyevin əvəzsiz xidməti olduğunu və bu gün prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində Azərbaycan Ordusunun bölgənin ən güclü ordusuna çevrildiyini qeyd edib. Bu il aprelin əvvəlində qoşunların təmas xəttində törədilən təxribatlardan danışan Məlahət İbrahimqızı həmin günlərdə Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı ordumuzun böyük gücə malik olduğunu sübuta yetirdiyini vurğulayıb. YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov da çıxışında Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam hazır olduğunu bildirib. Daha sonra Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının solistlərinin və əsgər xorunun ifasında Aprel döyüşləri sonra yazılan "Lələtəpə fatehləri", "Qəhrəman Tərtər" və digər vətənpərvərlik mahnıları səsləndirilib. Məlumat üçün qeyd edək ki, ölkdə fəaliyyət göstərən hərbi məktəblərdə növbəti buraxılış tədbirləri reallaşdırılıb. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib. Tədbirdə liseyin şəxsi heyəti, Müdafiə Nazirliyinin nümayəndələri, müəllimlər, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət himni səsləndirilib.Tədbirdə çıxış edən hərbi liseyin rəisi polkovnik Rüfət Əmirov bu əlamətdar gün münasibətilə şəxsi heyəti və kursantların yaxınlarını təbrik edib. Məzunların adından çıxış edən kursant Nail Qəribov dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. O, kursant yoldaşları adından Vətən, dövlət və xalq qarşısında vəzifələrini layiqincə yerinə yetirəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz verib. Liseyin müəllimi Sahib Əsədov da məzunlara uğurlar diləyərək onlara Vətənə layiqli zabit olmağı arzulayıb. Valideynlər adından çıxış edən Musa Həsənov övladının timsalında bütün məzunları təbrik edib, çətin, lakin şərəfli yolda onlara dözümlü, dəyanətli olmalarını tövsiyə edib. Sonra R.Əmirov tərəfindən liseyi fərqlənmə ilə bitirən kursantlar - Mərhəmət Fərəczadə, Türkel Hüseynov və Nail Qəribova təhsil rəmzləri təqdim olunub. Həmçinin digər məzunlara da attestat, nişanlar və məzun albomları verilib. Daha sonra təhsildə birinci olmuş Türkel Hüseynov liseyin yaş kötüyünə 2016-ci il buraxılışının rəmzi xatirə lövhəsini vurub. Məzunların bayrağı üçüncü kursa təhvil verilib. Kursantlar "Naxçıvanskilər" marşını ifa ediblər. Gələcəyin zabitləri olacaq gənclər təntənəli marşın sədaları altında tribunanın önündən keçiblər. Mərasim son zəngin səsləndirilməsi ilə başa çatıb. Bundan başqa, Silahlı Qüvvələrin Hərbi Akademiyasında Əməliyyat-taktiki fakültəsinin, həmçinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun buraxılışına həsr olunan mərasim keçirilib. Mərasimdə məruzə ilə çıxış edən Akademiyanın rəisi general-leytenant Heydər Piriyev bildirib ki, aprel ayının ilk günlərində erməni təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən layiqincə alındı. Düşmənə çox böyük zərbələr endirildi, əməliyyat-taktiki cəhətdən əhəmiyyətli hakim yüksəkliklər azad olundu və daha əlverişli hərbi mövqelərə nəzarət bərpa edildi. "Biz hamımız əminik ki, bu gün Hərbi Akademiyadan məzun olan zabitlər təyin olunduqları yüksək vəzifələrdə tədrisdə aldıqları bilikləri məharətlə tətbiq edəcək və torpaqlarımızın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında uğurlar qazanacaqlar", - deyə H.Piriyev əlavə edib. Sonra məzunlara diplomlar və döş nişanları verilib. Məzunlar adından Akademiyaya xatirə hədiyyələri təqdim olunub. Sonda xatirə şəkli çəkdirilib. İyunun 23-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 2016-ci il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Nümunəvi hərbi orkestrin və şəxsi heyətin ifasında Azərbaycanın dövlət himni səsləndirilib. Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev çıxış edərək əlamətdar gün münasibətilə kursantları və onların valideynlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib, məzunlara cansağlığı, ailə səadəti və xidmətdə uğurlar arzulayırıb. Sonra məktəbin məzunlarına diplomlar və fərqlənənlərə qiymətli hədiyyələr təqdim olunub. Məktəbi yüksək nailiyyətlərlə bitirən məzunlar emblemləri rəmzi yaş kötüklərinə vurublar. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib. Tədbirə toplaşanlar diplom və ilk hərbi leytenant rütbəsi almaları münasibətilə kursantları təbrik edib, onlara Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar arzulayıblar. Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edildikdən sonra şəxsi heyət təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər. Onu da xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissə və obyektlərdə tikinti və yenidənqurma işləri davam etdirilir. İyunun 23-də Müdafiə Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinin tabeliyində olan hərbi hissədə müasir tələblərə cavab verən yeni əsgər yataqxanası istifadəyə verilib.Açılış mərasimində iştirak edən Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifələrini icra edən polkovnik Fuad Məmmədov əlamətdar hadisə ilə bağlı Müdafiə nazirinin təbrikini şəxsi heyətə çatdırıb. Polkovnik F.Məmmədov əsgər yataqxanasının maddi-texniki təminatla təchiz edilmiş silah, ideoloji, məişət və digər otaqlarına baş çəkib, burada yaradılan şəraitlə yaxından tanış olub. Ərazidə abadlıq və yaşıllaşdırma işləri görülüb, şəxsi heyətin xidməti vəzifələrinin yerinə yetirilməsi üçün lazımi şərait yaradılıb. Mərasim iştirakçıları yaradılan şəraitdən məmnun qaldıqlarını, göstərilən qayğıya görə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sonda əsgərlərlə birgə nahar təşkil edilib. Onu da qeyd edək ki, son vaxtlar gənc əsgərlər arasında vətənpərvərlik ideyalarının təbliği məqsədilə cəbhə bölgəsinə ziyalılar, elm və incəsənət xadimləri tez-tez təşrif buyururlar. Hərbi hissələrə ictimai nəzarət məqəsədilə valideyinlərlə əsgərlər arasında mütəmadi görüşlər təşkil edilir. Elə bu məqsədlə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Silahlı Qüvvələr günü münasibətilə iyunun 26-da saat 11.00-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunacaq. Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq və digər mədəni-kütləvi tədbirlər keçiriləcəkdir.