Növbədənkənar sessiya qalmaqalla başa çatdı
İyunun 24-də Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilib. İclasda cari məsələlər üçün vaxt ayrılmasa da millət vəkilləri bəzi məsələlərə münasibətlərini bildiriblər.
24 İyun 2016 15:31 SosialOktay Əsədov: "Son iclasın belə notlarla başa çatmasını istəmirdim"
İyunun 24-də Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilib. İclasda cari məsələlər üçün vaxt ayrılmasa da millət vəkilləri bəzi məsələlərə münasibətlərini bildiriblər. Deputat Qüdrət Həsənquliyev qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zaxarovanun Novruz Məmmədov haqqında dedikləri qəbuledilməzdir"Onun Novruz Məmmədov barədə dediklərinin müqabilində rus dilində desək, "durnaya jenşina" demək olardı, ancaq demək istəmirəm. Görünür ki, Novruz Məmmədovun Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ilə bağlı söylədikləri düzdür ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri belə aqressiv reaksiya verib. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu xanıma lazımi reaksiya verməlidir". Deputat Zahid Oruc qeyd edib ki, Britaniyada Avropa Birliyindən çıxmaq xətti qalib gəldi: "Fikrimcə, Devid Kameron istefa verə bilər. Avropa Birliyinin gələcəyi sual altına düşür. Bu iqtisadi bazarlara təsir edəcək. Artıq bu gundən fund strerlinq 1.35-ə düşüb. Eləcədə avro dollar qarşısında zəifləməkdə davam edir. Odur ki, taksi-fri siyasətinə diqqətlə yanaşmaq lazımdır". Spiker Oqtay Əsədov deyib ki, tax-fre dünyanın 130 ölkəsində işləyir: "Azərbaycan bura qoşulmaqla 131-ci ölkə olacaq. Bunun Avropa Birliyinə nə dəxli var axı?". Spiker Oqtay Əsədovun bu fikirləri Zahid Orucun etirazına səbəb olub. Deputat yerdən spikerə etiraz edərkən qarşıdurma yaranıb. Spiker Zahid Orucu sakit olmağa dəvət edib: "Siz danışdınız, məndə sizə qulaq asdım və izahat verirəm. Xahiş edirəm yerindən danışma". O.Əsədov Zahid Orucu səviyyəsizlikdə ittiham edib: "Çox səviyyəsiz... Otur yerində. Sakit ol. Səviyyəni gördük". Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov spikerə qarşı hörmətli davranılmasını zəruri sayıb və Vergi Məcəlləsinə dəyişikliyin zəruri olduğunu qeyd edib. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov da Vergilər Məcəlləsinə dəyişikliyin günün tələbi olduğunu qeyd edib. C. Qurbanov həm də bütün məhsullara ƏDV-nin tətbiqinin düzgün olmadığını söyləyib. Sonra millət vəkilləri gündəlidə duran məsələlərin müzakirəsini davam etdiriblər.
İlkin olaraq "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişiklik barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanuna əsasən, Azərbaycan ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycanın dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan vətəndaşlığına qəbul edilə bilər. İndiyə qədər əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanıb. Dəyişikliyə əsasən isə əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi günlə bərabər, həm də ona qaçqın statusu verildiyi gündən hesablanacaq. Komitə sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsinə dəyişiklik barədə də məlumat verib. Bildirib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aparılması və ya qaytarılması məcburi olan, əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycanın gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə cəzalandırılacaq. Dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin mallar və nəqliyyat vasitələrinin dəyərinin 70 faizindən 100 faizinədək məbləğdə cərimə ediləcək və ya da Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılacaq.Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. Bununla əlaqədar vergi ödəyicisinə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada ərizə ilə vergi orqanlarına müraciət etmək hüququ verilir. Müvafiq olaraq vergi orqanlarının vəzifələri sırasına isə ƏDV-nin qaytarılması şərti ilə satışı həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vergi ödəyicilərinin qeydiyyatını aparmaq, satıcı kimi qeydiyyata alınmış vergi ödəyicilərinin müraciəti əsasında onları müvafiq proqram təminatı və texniki avadanlıqlarla təchiz etmək, ƏDV-nin qaytarılması sisteminin təşkili ilə bağlı müəyyən edilmiş gömrük-sərhəd buraxılış məntəqələrində zəruri infrastrukturun yaradılmasını təmin etmək əlavə edilib. Qeyd edək ki, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər Azərbaycana xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədi güdür. Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən əlavə dəyər vergisinin qaytarılması sisteminin (Tax Free) tətbiqi əmtəə dövriyyəsinin artması ilə nəticələnməlidir. Qanun layihələri müzakirəyə çıxarılaraq qəbul edilib. İclasın sonunda spiker Oqtay Əsədov İntizam Komissiyasının sədri Ağacan Əbiyevə tapşırıq verib.O. Əsədov komissiyanın iclasında Z. Orucun bu gün Milli Məclisdəki davranışının araşdırılmasını və ölçü götürülməsini tapşırıb. Bununla MM-in növbədənkənar sessiyası öz işini başa çatdırıb.
Alim