Birləşmiş Krallıq Vaşinqtonun yanında yer aldı
24 İyun 2016 13:32 SosialBöyük Britanıyada bu ölkənin Avropa Birliyində qalıb-qalmayacağı barədə keçirilən referendum gözlənilən nəticəni verdi. Hələ referendumdan əvvəl keçirilən rəy sorğularında britaniyaların Avropa Birliyindən çıxma qərarı verəcəkləri əksini tapırdı. Beləliklə, ötən gün keçirilən referendumda Birləşmiş Krallııq əhalisinin 52 faizi Avropa Birliyindən çıxmaq niyyətində olduğunu açıqladı. Böyük Britaniyanın AB qərarının yaxın vaxtlarda digər ölkələrdə də təkrarlanacağı ehtimalı böyükdür. Belə ki, artıq fransızlar da Parisin AB-də qalmasına lüzum görmədiyini dilə gətirirlər. Böyük Britaniyanın gələcək taleyinə gəlincə isə Birləşmiş Krallığın bundan sonra qurumla İslandiya və Norveç modeli kimi əməkdaşlıq edəcəyi ehtimal edilir. İngiltərə üçün digər bir seçim Londonun Birləşmiş Ştatların yanında olacağıdır. Bundan sonra Avropa ilə münasibətləri sərinləşən Birləşmiş Krallıq daha çox Vaşinqtonla əməkdaşlığa üstünlük verəcək. Bu arada bir məqamı xüsusi qeyd etmək yerinə düşər ki, elə Vaşinqtonun da Avropada ən sıx şəkildə əməkdaşlıq etdiyi ölkə Böyük Britaniya idi. Bu əməkdaşlıq özünü həm siyasi, iqtisadi, həm də regional amillər, İraq, Əfqanıstan kimi ölkələrə hərbi müdaxilə zamanı özünü büruzə verirdi. Digər bir nüans ondan ibarətdir ki, Vaşinqtonun Avropa ilə bağlı bəzi planlarının reallaşdırılmasını Londondan fərqli olaraq bəzi qitə ölkələri o qədər də normal qarşılamırdı. Ona görə də Birləşmiş Ştatlar Böyük Britaniya vasitəsilə bir növ AB-yə bir sürpriz yaşatdı.
Ancaq onu da nəzərə almaq lazımdır ki, Birləşmiş Krallığın AB-dən ayrılması okeanın o tayında mənfi bir presidentə səbəb ola bilər. Belə ki, artıq ABŞ-ın Kaliforiya və Yeni Meksika kimi ştatları müstəqillik arzusu ilə yaşayırlar.