Səlim Müslümov 6 rayonun sakinlərini fərdi qaydada qəbul edib
24 İyun 2016 13:06 SosialAzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Balakən rayonu Gənclər Mərkəzində bu rayonun və Şəki, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Vətəndaşlar əsasən məşğulluğun təminatı, imtiyazlı şəxslərin nazirlik tərəfindən mənzillə təmin olunması, əmək hüquqlarının təmin edilməsi, əmək pensiyası hüququnun müəyyən olunması, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələlərlə əlaqədar müraciət ediblər. Hər bir müraciətə diqqət və həssaslıqla yanaşılıb və nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılması təmin edilib.
Müraciətlərdə qaldırılan digər məsələlərin həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verən S.Müslümov nazirliyin əhali üçün bütün aktual xidmət sahələrinin elektronlaşdırıldığını bildirib: "İndi həmin sahələr üzrə dövlət xidmətlərindən faydalanmaq istəyənlər bunun üçün hansısa məmura müraciət etmir, sadəcə elektron xidmətlərimizdən yararlanırlar. Bu e-xidmətlərə cəmiyyətdə maraq da böyükdür. Təsadüfi deyil ki, təkcə bu ilin beş ayı ərzində əhali nazirliyin e-xidmətlərindən 2,7 milyon dəfəyə yaxın yararlanıb".
Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, habelə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətləri aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.