İsti havadan necə qorunmaq olar?
Son illər dünyada qlobal istiləşmə prosesi müşahidə olunmaqdadır. Məhz bu səbədən dünyanın əksər ölkələrində yay aylarında havanın temperaturu anormal dərəcədə artır.
24 İyun 2016 13:02 SosialSon illər dünyada qlobal istiləşmə prosesi müşahidə olunmaqdadır. Məhz bu səbədən
dünyanın əksər ölkələrində yay aylarında havanın temperaturu anormal dərəcədə artır. Məsələ orasındadır ki, isti hava şəraitində xüsusi qaydaların tətbiqi barədə normaların mövcud olmasına baxmayaraq bir çox ölkələrdə buna riayət edən belə yoxdur. Açıq iş yerlərində xüsusi rejimin tətbiqi, işçilərin lazımi ərzaq və su ilə təmin edilməsi və ən nəhayət işin dayandırılması kimi mexanizmlər mövcuddur ki, onların tətbiqi sahibkarlar üçün iqtisadi zərər kimi dəyərləndirlir. İsti havada işləmək isə isə insanlar arasında müxtəlif xəstəliklərin büruzə verməsinə səbəb olur. Təbii ki, belə xəstəliklərdən ölən insanların da sayı artmaqdadır. Odur ki, isti havalardan ən çox ürək-damar xəstələri və eləcə də hipertoniyalı, diabetli, astmalı xəstələr, hamilələr, kök insanlar, uşaqlar, böyrək catışmazlığı olan xəstələr və 65 yaşdan yuxarı insanlar qorunmalıdır. Statistikaya nəzər saldıqda məlum olur ki, 1995-ci ildə ABŞ-ın Çikaqo şəhərində iyul ayında 45 dərəcəyə yaxın istilik və havanın rütubətliliyinin yüksək olması qeydə alınıb. Araşdırmalar nəticəsində bir həftə ərzində 700-ə yaxın insan ölümünün məhz yüksək temperatura bağlı olduğu müəyyən edilib. Bu ölümlərin çoxu ürək xəstəliyi olan yaşlı insanlarda olmuşdu. Avropa ölkəsi olan Fransada 2003-cü ilin avqust ayında havanın çox isti və rütubətli olması 12000 insanın ölümünə səbəb olmuşdu. Çox isti havalar nəticəsində ölənlərin çoxu yaşlı ürək xəstələri idi. Asiya ölkəsi olan Hindistanda isə 2015-ci ilin may ayında havanın çox isti olması nəticəsində 2200 nəfər insan ölmüşdü. Nəzərə almaq lazımdır ki, havanın temperaturu artdıqca istiləşən bədəni sərinlətmək üçün bədənimiz dəriyə daha çox qan göndərməyə və dəridəki bütün damarları genişləndirməyə çalışır. Bu yolla və eləcə də tərləməklə bədənimiz istiliyi dəridən çölə verməyə çalışır. Bütün orqanlar kimi dəriyə də qanı ürəyimiz göndərdiyi üçün ürəyimiz daha çox iş görür. Nəticədə ürəyin yığılma gücü və yığılma sürəti, yəni ürəyin yükü və gərginliyi artır. Ayrıca, isti havalarda tərləməklə su və bədənimiz üçün lazımlı elementlər itirilir. Bütün bunlar nəticəsində infarkt keçirmə və ya ölümlə nəticələnən ciddi aritmiyaların ortaya çıxma riski artır. Ayrıca, bədənimiz su itirdiyi üçün halsızlıq, yorğunluq və baş ağrısı şikayətləri ortaya çıxar. Havanın rütubətliliyi artdıqca biz havanın temperaturunu daha çox hiss edirik. Məsələn, havanın temperaturu 35 dərəcədirsə, çox rütubətli havada biz bunu sanki 40 dərəcə imiş kimi hiss edirik. İsti havaların ən çox təsir etdiyi xəstələrdən biri də hipertoniyalı xəstələrdir. Çünki bu xəstələrin istifadə etdikləri dərmanların bir qismi idrar qovucu dərmanlardır. İdrar qovucu dərmanlarla yanaşı, yüksək temperatura bağlı çox tərləməklə bədəndən su itirildiyi zaman hipertoniyalı xəstələrin təzyiqləri birdən-birə çox aşağı düşə bilir. Ona görə də bu xəstələr isti havalarda xüsusilə diqqətli olmalıdırlar. Mütəxəssislərin qənaətinə görə, isti havaların təsirinə məruz qalmamaq üçün bəzi tədbirlərin görülməsinə ehtiyac var. Koordiologiya mütəxəssisi Tahir Hüseynov deyir ki, gün içində mümkün olduqca günəş altında olmaq yerinə ev, bina və ya ofis içində olmağınız daha məsləhətlidir. İş yerlərinin və ya ofislərin havalandırma sistemləri mutləq işləməlidir: "Kondisionerin temperatur dərəcəsini 24-26 dərəcə arasında tutun. Filtrlərini ve içini müntəzəm səkildə təmizlətdirin. Saat 11:00- 17:00 arasında mümkün olduqca çölə çıxmayın. Bədəni çox sıxmayan, sintetik olmayan, incə, yüngül və xüsusiilə də günəş şualarını keçirməyən açıq rəngli paltarlar geyinin. Gün boyu ən azı 2,5-3 litr su içilməlidir. Kofeinli və ya şirin içkilərin yerinə sadə su, qazlı və ya qazsız mineral sular daha çox istifadə edilməlidir. Yaş artdıqca insanların susuzluq hissiyyatı azaldığı üçün yaşlı xəstələr daha az su içirlər. Ancaq hər hansı ürək xəstəliyi səbəbilə çox su içməməyiniz lazımdırsa, bunu həkiminizlə məsləhətləşin". Onun sözlərinə görə, isti havada rahat yatmaq da onəmli məsələdir. Yay aylarında daha rahat yatmaq üçün axşam yeməyi ilə yatmaq arasında ən azı 2-3 saat ara olmalıdır. Gecə yatmazdan əvvəl kofeinli içkilər (kola, kofe, enerji içkiləri) mümkün olduqca içilməməlidir. Mümkündürsə, axşam yemək menyusunda qızardılmış, çox yağlı, çox acılı və çox ədviyyatlı yeməklər olmamalıdır. Yataq dəstlərinin, yastıq və döşək üzlərinin pambıqdan olması daha məsləhətlidir. Yastığın içinin hava axınına imkan verən təbii və ya xüsusi sintetik maddələrdən olmasına diqqət yetirilməlidir.
Nurlan