Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Dünya bazarında neftin qiymətinin 4 dəfəyə qədər ucuzlaşması neft istehsal edən ölkələrin, o cümlədən Şərqin ilk demokratik respublikası sayılan Azərbaycanın da gəlirlərinin nisbətən azalmasına səbəb olub.
24 İyun 2016 12:59 SosialDünya bazarında neftin qiymətinin 4 dəfəyə qədər ucuzlaşması neft istehsal edən ölkələrin, o cümlədən Şərqin ilk demokratik respublikası sayılan Azərbaycanın da gəlirlərinin nisbətən azalmasına səbəb olub. Belə bir şəraitdə ölkədə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi istiqamətində yeni iqtisadi model ortaya qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan bu iqtisadi modeldə sahibkarlığa dövlət dəstəyinin artırılması, gömrük və vergi sahəsində müəyyən prosedurların sadələşdirilməsi, geniş özəlləşdirmə tədbirlərinin həyata keçirilməsi, rəqabətədavamlı yeni istehsal və sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı sahəsində pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və sair sahələrin inkişaf etdirilməsi başlıca vəzifə kimi qarşıya qoyulub. Yeni iqtisadi modeldə paytaxtla yanaşı, regionların tərəqqisinə də xüsusi diqqət ayrılıb.
Yeni iqtisadi model
Cari ilin əvvəlində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev bu barədə danışarkən qeyd edib ki, hər bir rayonun icra hakimiyyəti başçısı da bu proseslərdə fəallıq nümayiş etdirməli, bölgənin iqtisadi potensialını əks etdirən təkliflərlə, layihələrlə çıxış etməlidirlər: "Azərbaycanda sənayeləşmə prosesi gedir. Texnoparklar yaradılır, sənaye klasterləri yaradılmalıdır. Mən artıq göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonaları yaradılsın. Ancaq bu proses ləng gedir. Bütün şəhər, rayon icra başçıları da bu işlərdə daha fəal olmalıdırlar. Onlar, İqtisadiyyat Nazirliyi və sahibkarlar bu işi görməlidirlər. Hər bir rayondan ayrılacaq sahələrlə bağlı konkret təkliflər verilməlidir. İcra başçıları özləri bu işlərə çox ciddi fikir verməlidirlər. Ümumiyyətlə, bölgələrimizə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdi. Hesab edirəm ki, yerli icra hakimiyyəti orqanları bu işlərdə daha da fəal olmalıdırlar".
Azərbaycanın ilk avtomobil zavodu
Sevindirici haldır ki, dövlət başçısının tapşırıqlarından irəli gələn mühüm vəzifələr, o cümlədən rəqabət qabiliyyətli istehsal müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması, sahibkarlara dövlət dəstəyi Azərbaycanın ikinci böyük şəhəri sayılan Gəncədə də uğurla həyata keçirilməkdədir. Deyilənlərə əyani sübut kimi, ötən illər ərzində Gəncədə yaradılan bir neçə istehsal müəssisəsinin adını çəkə bilərik. Gəncə Avtomobil Zavodu iqtisadi-inkişafın barometri sayılan maşınqayırma sənayesinə aid nəhəng müəssisədir. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə 1986-cı ildə əsası qoyulmuş bu zavodunun istehsal gücü layihəyə əsasən 30 min ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdı. Layihəyə görə, müəssisənin tikintisi 1989-cu illin sonlarına qədər başa çatdırmalı idi. Lakin sovetlər birliyinin dağılması nəticəsində zavodun tikintisi yarımcıq qalıb. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodunu işə salmaq mümkün olub və müəssisədə yığımdan keçən ilk avtomobil istismara buraxılıb. Beləliklə də Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən az yanacaq sərfiyyatlı avtomobillərin istehsalı üzrə zavoddan gətirilən komplektləşdirici detallar əsasında bu müəssisədə VAZ 11113 "OKA" markalı avtomobilin 3 modeldə yığımına başlanılıb. Ümumimilikdə, müəssisədə 314 "OKA" avtomobili istehsal olunub. 2005-ci ilin may ayında müəssisə Rusiyanın "UAZ" ASC ilə əsas razılaşmanı imzalayıb və avqust ayında Gəncə avtomobil zavodunda UAZ-ın 10 modellinin, o cümlədən HUNTER və SİMBİR modellərinin yığımına başlanılıb. Bu layihə müddətində də zavodda ümumilikdə 243 UAZ avtomobili yığılıb.
"Gəncə" və "Pəhləvan" adlı milli MAZ-lar
Gəncə Avtomobil Zavodu Rusiya avtozavodları ilə əməkdaşlığı dayandırdıqdan sonra Çinin "Can Qan", "Li Fan" avtomobil korporasiyaları ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Beləliklə də 2005-ci ilin oktyabr ayında Gəncədə 7 modeldə ortatonnajlı "Can Qan" yük maşınlarının yığımına başlanıb. Həmin modellərdən 3-ü isə "Gəncə" adı ilə buraxılıb. 2006-cı ilin oktyabrında Azərbaycan Prezidentinin Belarus Respublikasına səfəri zamanı 2 dövlət arasında iqtisadi əlaqələrin qurulması, o cümlədən Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılıq əldə olunub. 2007-ci iln mart ayının 27-də Gəncə avtomobil zavodunda yığımdan keçən ilk "Belarus" markalı traktor konveyerdən çıxıb. Hazırdamüəssisədə"Belarus 80.1", "Belarus 82.1", "Belarus 1221", "Belarus 1025", "Belarus 892", "Belarus 80X" modeldətraktorlaristehsaledilir. 2007-ci ildənindiyə qədər buzavodda 7 modeldə 6300-dən çox "Belarus" markalıtraktoristehsaledilib. Paralel olaraq müəssisədə "MAZ" yük avtomobillərinin yığımı da təşkil olunub. Ağırtonnajlı yük avtomobillərinin yığımı üçün avtozavodda əlavə texnoloji xətt quraşdırılıb, müəssisədə "Gəncə" və "Pəhləvan" adları daşıyan ilk MAZ-lar istismara verilib. Son 8 ildə isə 20 modeldə "MAZ" markalı avtomobil yığılıb. 2015-ci ildən zavodda "KaMAZ" və "URAL" markalı avtomobillərin də yığımına başlanılıb. Zavodda yaradılan yeni istehsal sahəsində "MAZ" markalı avtobusların quraşdırılması da planlaşdırılıb. Hazırda bu zavodun istehsal gücü ildə 1700-2000 ədəd traktor və 950-1000 ədəd yük avtomobilin istehsalına bərabərdir.
Əlvan metallurgiya sənayesinin inkişafı
Gəncədəki "DET-AL Alüminium" MMC-nin Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodları da Azərbaycan iqtisadiyyatına mühüm töhfədir. Bu sənaye kompleksinin təməli 2008-ci ilin martında Prezident İlham Əliyev tərəfindən qoyulub. 2012-ci ilin əvvəlində dövlətimizin başçısının iştirakı ilə kompleksin birinci fazası istifadəyə verilib. 2014-cü ildə isə bu kompleksdə dünya standartlarının tələblərinə cavab verən, istehsal gücü 50 min ton olan iki modern zavod qurulub. Bunlar metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarıdır. Zavodlarda yerüstü sahələrlə yanaşı, texnologiyanın xüsusi tələblərini və texniki təhlükəsizlik qaydalarını əsas tutan, 8-11 metr dərinliyində yerləşən, 8500 kvadratmetr yeraltı istehsal və texniki sahələr də mövcuddur. İllik 50 min ton gücə malik metaltökmə və fasiləsiz yayma zavodunda 8 əritmə sobası və 4 metalyayma aqreqatı quraşdırılıb. Elektroliz vannalarından götürülən maye alüminium metaltökmə və fasiləsiz yayma zavoduna daşınaraq ildə 50 min ton 6-10 millimetr qalınlığında alüminiumdan fasiləsiz tökmə rulonlar və alüminium vərəqələr istehsal edilir. Kompleksdəki alüminium yarımfabrikat istehsalı zavodunda da üç seriyada müxtəlif markalı yarımfabrikat məhsullar istehsal edilir. Həmin məmulatlardan avtomobil, kimya, qida sənayesi, inşaat, elektrik, kommunikasiya və digər sahələrdə geniş istifadə olunur. Burada istehsal edilən məhsullar Türkiyə, İtaliya, Polşa, Misir, Rusiya və Ukrayna kimi ölkələrə də ixrac edilir. Bütövlükdə "DET-AL Alüminium" Kompleksində 1400 nəfər işlə təmin edilib. Bu Kompleks ölkədə qeyri-neft sektorunun şaxələndirilməsinə, regionlarda sənaye potensialının gücləndirilməsinə, sənayenin, habelə əlvan metallurgiya sənayesinin inkişafına mühüm töhfə verir.
Ətirli və bərəkətli Gəncə çörəyi
Gəncə şəhərində "NEON" firmasına məxsus və sutka ərzində 25 ton məhsul istehsal edən çörək zavodu isə 2013-cü ilin mart ayında istifadəyə verilib. Tam avtomatlaşdırılmış formada, əl dəymədən, gigiyenik qaydalara əməl olunmaqla bu müəssisədə çörək istehsal edilir. 100 nəfərə yaxın işçinin çalışdığı müəssisədə çörəyin bişirilməsi üçün istifadə olunan un elə firmanın öz dəyirmanında istehsal olunur. Burada pəhriz çörəyi də daxil olmaqla daha 5 çeşiddə çörək məmulatı hazırlanır. İstehsal olan məhsul satışa çıxarılmaqla bərabər, hərbi hissələrə də göndərilir. Bu istehsal müəssisəsindən başqa, çörəyin yüksək standartlara uyğun gigiyenik qaydada hazırlanması və satışını təşkil etmək məqsədilə Gəncə şəhərdə daha 4 çörək sexində də əsaslı surətdə quruculuq və abadlıq işləri görülüb. Eyni zamanda tələbat nəzərə alınaraq ikinci bir çörək zavodunun layihələşdirilməsi də aparılıb.
Bölgə üçün əhəmiyyətli turizm obyekti
Gəncə şəhərinin mərkəzində fəaliyyət göstərən "VEGO" hoteli də sahibkarlığa göstərilən dövlət qayğısının növbəti təzahürüdür. Müasir standartlar səviyyəsində inşa olunan bu obyektdə dünya hotel biznesində mövcud olan ən yüksək xidmət göstərilir. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılıb. Təkcə Gəncə üçün deyil, bölgə üçün də əhəmiyyətli turizm obyekti olan bu hotel mükəmməl infrastruktura malikdir. "VEGO" otelinin istifadəyə verilməsi bölgəyə gələn turistlərin sayına da müsbət təsirini göstərir. Hotelin ətrafında Şah Abbas məscidi və Çökək hamam yerləşir. Məlumat üçün qeyd edək ki, Çökək hamam 1606-cı ildə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilib. Bina günbəzlidir. Hamamda yenidənqurma işləri aparılarkən tarixi görkəm olduğu kimi saxlanılıb. Çökək hamama otelin birinci mərtəbəsindən birbaşa yeraltı tunel var ki, bu da turizm obyektində istirahət edən yerli və xarici turistlər üçün Gəncənin tarixi memarlıq abidəsi ilə yaxından tanış olmaq imkanı yaradır.
Gəncədə ilk vaqon istehsalı zavodu
İsveçrənin "Stadler Rail Group" şirkəti ilə Azərbaycanın "Railway İnternational Distribution" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında Gəncədə vaqon istehsalı üzrə birgə müəssisənin yaradılması haqqında müqavilənin imzalanması isə xarici investisiyanın ölkəyə cəlb edilməsi istiqamətində uğurlu addımdır. Həmin müqavilənin şərtlərinə əsasən Azərbaycanın Gəncə şəhərində ilkin olaraq ildə 60 vaqon istehsal gücünə malik zavod inşa edilir. Bu zavod İsveçrə istehsalı olan ən son texnoloji avadanlıqla təchiz olunur. Gəncə şəhərinin Kəpəz rayonu ərazisində inşa olunan zavodun cari ildə fəaliyyətə başlaması planlaşdırılır. İyirmi hektar ərazisi olan zavodun tikintisində və fəaliyyətində ekoloji standartlara cavab verən ən müasir texnologiya tətbiq edilir. Bu zavodda istehsal olunacaq vaqonların Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və İrana satılması da nəzərdə tutulub. Qeyd edək ki, "Stadler Rail Group" şirkəti sərnişin və ixtisaslaşdırılmış vaqonların, tramvay və parovozların istehsalı ilə məşğuldur. Şirkət 1942-ci ildən fəaliyyət göstərir və əsas inkişaf dövrü 1989-cu ildən başlayır. Şirkətin İsveçrə, Almaniya, Polşa, Avstriya, İtaliya, ABŞ və digər ölkələrdə zavodları fəaliyyət göstərir. Şirkətin istehsal etdiyi məhsullardan dünyanın 13 ölkəsində istifadə olunur.
Avropanın paytaxt şəhəri
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində qədim Gəncə şəhərində görülən işlər xüsusilə diqqət çəkir. Təsadüfi deyil ki, Prezident Administrasiyasının və "The Business Year" jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan 2016" xüsusi buraxılışının ("The Business Year-Azerbaijan 2016") təqdimat mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə "İlin birincisi" mükafatı təqdim olunub. O, müxtəlif ümumşəhər xarakterli təşəbbüslərin həyata keçirilməsində oynadığı rola və Gəncənin 2016-cı ildə "Avropa Gənclər Paytaxtı" seçilməsindəki xidmətlərinə görə bu mükafata layiq görülüb. Bütün bunlar onu deməyə əsas verir ki, Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Cavad Xanın etibarlı varisləri indi Gəncəni böyük ruh yüksəkliyi ilə yenidən qurur, abadlaşdırır, müasirləşdirir, inkişaf etdirir. Bunun nəticəsidir ki, artıq Gəncə sadəcə gəncəlilərin və ölkə vətəndaşlarının deyil, xarici turistlərin, o cümlədən avropalı gənclərin də sevimli məkanı, paytaxt şəhəridir.
Alim Hüseynli
Yazı Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim edilir