Müsabiqə qalibləri mükafatlandırılıb

Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzində Silahlı Qüvvələr Gününə həsr olunmuş "Yaşasın Qüdrətli Azərbaycan Ordusu!" adlı müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov, Müdafiə Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının əməkdaşları iştirak ediblər. Tədbirdə qeyd olunub ki, müsabiqənin keçirilməsinin məqsədi uşaq və yeniyetmələrdə milli vətənpərvərlik ruhunun inkişaf etdirilməsi, hərbi texnika, müasir silah və sursatlar haqqında təsviri sənət vasitəsilə uşaqların maarifləndirilməsidir. Müsabiqəyə Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri tərəfindən 263 əsər təqdim edilib. Müsabiqə üç yaş qrupu üzrə qiymətləndirilib. 6-8, 9-12 və 15-18 yaşlı uşaq və gənclər arasında keçirilən müsabiqədə ümumilikdə, 12 qalib iş seçilib. 10 nəfərə isə həvəsləndirici mükafat verilib. Qaliblər hədiyyələr və diplomlarla təltif olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00