Vətənpərvərlik hissinin formalaşdırılması milli mənlik şüurunun inkişaf etdirilməsi ilə birbaşa əlaqədardır

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində dövlət səviyyəsində məqsədyönlü addımlar atılır. Bu istiqamətdə ən ciddi irəliləyiş, gənclərlə geniş mənada işin aparılması ümummilli lider Hydər Əliyevin hakimiyyəti illərində müşahidə edilib. Heydər Əliyev istər Azərbaycana rəhbərliyinin birinci dönəmində, istərsə də müstəqillik əldə etdikdən sonrakı illərdə gənclərin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunması üçün məqsədyönlü tədbirlər həyata keçirib, ayrı-ayrı zamanlarda mühü dövlət sənədləri, proqramlar qəbul edib, fərman və sərəncamlar imzalayıb. Ona görə də haqlı olaraq bildirilir ki, bu günkü vətənpərvər gənclik Heydər Əliyevin əməli fəaliyyətinin nəticəsi, göstəricisidir.

Bütün zamanların ən böyük Azərbaycanlısı, görkəmli dövlət xadimi Heydər Əliyevin möhtəşəm fəaliyyəti Vətənə, xalqa xidmətin misilsiz nümunəsi olduğu kimi, onun mükəmməl konsepsiyaları, müdrik ideyaları da son dərəcə qiymətlidir. Bu baxımdan ulu öndərin vətənpərvərlik təlimi çox mühüm dəyərə malikdir. Dahi rəhbər müxtəlif məruzə, çıxış və nitqlərində bu məsələyə xüsusi diqqət yetirmiş, vətənpərvərliyin mahiyyəti, prinsipləri barədə qiymətli fikirlər söyləmiş, eyni zamanda bütün fəaliyyəti boyunca bu təlimin hərtərəfli şəkildə gerçəkləşdirilməsi üçün ardıcıl, konseptual tədbirlər həyata keçirmişdir.

Vətənpərvərliyin mahiyyətindən danışarkən ümummilli lider bunun mənəviyyatla bilavasitə bağlılığını vurğulayaraq qeyd edirdi: "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır".

Ulu öndər Heydər Əliyev onu da nəzərə çatdırırdı ki, vətənpərvərlik hissinin formalaşdırılması milli mənlik şüurunun inkişaf etdirilməsi ilə birbaşa əlaqədardır. Çünki milli mənlik şüuru milli özünəməxsusluğun bütün əlamətlərini özündə cəmləşdirir. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurmalıdır. Dahi rəhbər demişdir: "Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir". Göründüyü kimi, ulu öndərimiz daim Vətən və xalq mənafeyinin şəxsi maraqlardan üstün tutulmasını vacib şərt saymışdır. Müstəqil Azərbaycanın siyasi-ideoloji strategiyasında mühüm yer tutan və ulu öndərin böyük dühasının bəhrəsi olan vətənpərvərlik təlimi müstəqil dövlətimizin hərtərəfli inkişafının etibarlı təməlidir. Vətənpərvərliyi tarixilik və müasirlik kontekstində dəyərləndirən, ölkəmizin dünəni, bu günü və gələcəyi üçün əsas istiqamətverici təlim, bütün xalq üçün başlıca qayə sayan ulu öndərin nəzəri irsində soy-kökə qayıdış, milli tarixi yaddaşın bərpası kimi mənəvi keyfiyyətlər də mühüm yer tutur. Bu da təsadüfi deyil, çünki xalqımızın özünəməxsus zəngin tarixi keçmişini dərindən bilmək və ona hörmətlə yanaşmaq hər bir şəxsdə vətənpərvərlik hissini daha da qüvvətləndirir. Ümummilli lider deyirdi: "Xalqımız böyük xalqdır. Böyük tarixə, böyük mədəniyyətə malik olan xalqdır. Bu mədəniyyətimizi, onun qədimliyini, dünya miqyasında böyük şöhrətə malik olduğunu xalqımıza nə qədər dərindən anlatdıra bilsək, bir o qədər də xalqımızda vətənpərvərlik hissini, vətəndaşlıq hissini, azərbaycanlılıq hissini yüksəldərik". 

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov hesab edir ki, Azərbaycanın tarixinə nəzər sadıqda ulu öndərin həyata keçirdiyi bir sıra mühüm islahatlar və onların müsbət nəticələri aydın görünür: "Onun diqqət və qayğısı bu gün də hiss olunmaqdadır və hələ də onun ideyaları bizlərlə yaşayır, o ideyaların təsiri altında gənclər siyasətimizi, vətənpərvərlik siyasətimizi qururuq və icra edirik. Azərbaycanın tarixində  birinci dəfə əldə etdiyimiz müstəqillik dövrü türk-müsəlman dünyasında böyük bir tarixi hadisə kimi qələmə alınıb. Bildiyiniz kimi, 23 ay müddətində davam etmiş  müstəqillik tez bir zamanda süqut etmişdir. Bunun tarixinə nəzər saldıqda  görürük ki, müstəqilliyimizi qoruya bilməməyimizin səbəbi həmin vaxtlar ölkədə gənclərin intellektual səviyyəsinin, vətənpərvərlik duyğularının yetərincə olmaması, eləcə də bu sahəyə diqqətin ayrılmaması səbəbindən  baş verib. Çünki həmin vaxtlar milli ruh, milli mənəvi dəyərlər mövzusunda öz müstəqil siyasətimizi həyata keçirə bilmirdik. Çünki o vaxt çar Rusiyasının əsarəti altında olmuşduq. Daha sonrakı SSRİ-nin qurulması ilə Azərbaycan həmin respublika ittifaqlarının tərkibinə qatılmlşdı. Bildiyiniz kimi, həmin vaxtlar yalnız sovet ideologiyası var idi, Azərbaycanın milli mənəvi, vətənpərvərlik dəyərlərinə sahib olmasını əngəlləyirdilər. Təbii ki, bir müddət buna nail olmuşdular. Həmin rejimin, sovet maşınının həyata keçirdiyi siyasət özünü büruzə verməyə başlamışdı. Lakin 1969-cu ildə  ulu öndərin Azərbaycan SSR-nin birinci katibi seçilməsindən sonra uğurlar başlayır. Amma o, SSRİ-nin tərkibində Azərbaycanın müstəqil gənclər siyasətini, Azərbaycanda vətənpərvərlik duyğularının milli mənəvi duyğulara bağlılıq siyasətini açıq şəkildə həyata keçirə bilmirdi. Çünki həmin vaxt sovet siyasətinin ən başlıca məqsədi o idi ki,  Azərbaycanda milli ruh məhv edilsin. Amma bütün çətinliklərə baxmayaraq, ulu öndər milli mənəvi duyğularımızı dəstəkləyəcək işlər həyata keçirməyə başlayır. O, ilk olaraq Azərbaycanın tanınmış simalarına dövlət qayğısının   göstərilməsinə nail olur, Azərbaycanın yazıçılarına, şairlərinə, söz sahiblərinə, fikir professorlarına  dolayı yolla dəstək verir".  Seymur Orucov ulu öndərin 1972-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi açmasının əlamətdar hadisə olduğunu diqqətə çatdırıb: "Bu zaman Azərbaycanda hərbi-vətənpərvərliklə bağlı siyasət daha intensiv şəkildə həyata keçirilməyə başlandı. İl ərzində 8-9 azərbaycanlı gənc SSRİ-nin ali hərbi məktəblərinə göndərilirdi. Ondan sonrakı dövrlərdə də artıq Azərbaycan gənclərinin xaricdə, SSRİ məkanında ali məktəblərə ezam olunması, təhsil almaq üçün göndərilməsi artıq Azərbaycan gəncliyinin milli ruhunun özünə qayıtmasının ilkin oyanışı idi". Müstəqillik illərinin ilk vaxtlarında Azərbaycan gəncləri üçün çətin dönəm olduğunu deyən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, çıxış yolu yalnız ulu öndərin qayıdışı oldu: "Müstəqilliyimizin ilk illərinə nəzər salsaq, Azərbaycan elə bir vəziyyətdə idi ki, nəinki vətənpərvərlikdən danışmaq, hətta insanların öz konstitusion hüquqlarından istifadə etmək haqqı yox idi. 1988-ci ildən Qarabağda döyüşlərin başlaması və acı məğlubiyyətlər Azərbaycan gəncliyinin özünə inamını itirdiyini və vətənpərvərlik duyğularının səviyyəsinin aşağı düşdüyünü  göstərməyə başlamışdı. Lakin ulu öndərin ikinci dəfə- 1993-cü ildə hakimiyyətə yenidən gəlişindən sonra bütün sahələrdə olduğu kimi, vətənpərvərliklə bağlı siyasət də özünü yeni bir müstəvidə göstərməyə başladı. Ulu öndər Ali Sovetin sədri seçiləndən sonra  ilk görüşü 1993-cü il 22 sentyabrda məhz gənclərlə oldu. O, gənclərə vətənpərvərlik ruhunun aşılanması yönündə öz konsepsiyasını irəli sürdü. Gənclərlə görüşündə də onları hərbi-vətənpərvərliyə dəvət etdi. Hər dəfə çıxışında  qeyd edirdi ki, Azərbaycan vətəndaşları elə bir gənc yetişdirməlidir ki, onlar Azərbaycanın tarixini, mədəniyyətini, dilini dərindən bilsinlər. Çünki bu bilikləri özündə ehtiva etməyən gənc heç vaxt vətənpərvər ola bilməz. Daha sonrakı dövrlərdə gənclər forumunda gənclərlə görüşdə ulu öndər vətənpərvərlik mövzusunu öz gənclik siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Azərbaycanda bu siyasəti həyata keçirən məhz icra hakimiyyəti orqanları, QHT-lər, ictimai təşkilatlar bu siyasəti ana xətti tutaraq işlər görməyə başlamışlar.  Şükürlər olsun ki, indi Azərbaycan gəncləri vətənpərvər ruhda yetişirlər. Əvvəllər bu işi yalnız dövlət həyata keçirirdisə, artıq Azərbaycan gəncləri özləri vətənpərvərliklə bağlı layihələri könüllü şəkildə həyata keçirirlər. Azərbaycan gəncləri bu gün ulu öndərin ideyalarını birbaşa həyata keçirən cənab İlham Əliyevin ətrafındadır. Bu gün Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da ölkəmizin təbliğini aparır. Gənclərimizin səsi bir çox tanınmış ali məktəblərdən, elmi-tədqiqat mərkəzlərindən gəlir. Ölkə hüdudlarından kənarda olsalar da, onların ürəyi yenə də Azərbaycanla döyünür". Seymur Orucov gənclərə bu istiqamətdə fəal olmağı tövsiyyə edib və bildirib ki, gənclər siyasəti ilə bağlı yeni layihələri dövlət hər zaman dəstəkləməyə hazırdır".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00