Turizm obyektlərinin nümayəndələri ilə görüş keçirilib
23 İyun 2016 16:52 SosialXaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisində yerləşən turizm obyektlərinin nümayəndələrinin iştirakı ilə görüş keçirilib. "OLAYLAR"-ın Dövlət Miqrasiya Xidmətinə istinadən verdiyi xəbərə görə, görüşdə qeyd olunub ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş və miqrasiya proseslərinin idarə edilməsi, həmçinin tənzimlənməsində innovativ metodların tətbiqi və şəffaflığın təmin edilməsi prinsiplərini prioritet kimi müəyyən edən Dövlət Miqrasiya Xidməti ölkəmizə təşrif buyuran hər bir əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin, eləcə də turistlərin ölkədə olma və yaşama qaydalarına əməl etmələrinin təmin olunması, onlara rahat, operativ və şəffaf xidmət üçün beynəlxalq standartlara cavab verən tədbirləri davam etdirir. Görüşdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində 10 gündən artıq qalmaq istədikləri halda qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına gəldiyi vaxtdan 10 gün ərzində Dövlət Miqrasiya Xidmətində olduğu yer üzrə qeydiyyata düşməsi prosedurları barədə izahedici söhbət aparılıb. Çıxışlarda diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə görə əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi qəbul edən tərəf - mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana yaxud başqa belə ictimai yerlərin müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi əcnəbinin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun və ya digər sərhədkeçmə sənədinin surətini onun olduğu yer üzrə qeydiyyata alınmasını təmin etmək üçün DMX-nin internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq ərazi üzrə regional miqrasiya idarəsinə təqdim etməlidir. Görüşdə diqqətə çatdırılıb ki, xarici qonaqların qalmaq üçün seçdiyi mehmanxanaların müdriyyəti qanunvericiliklə müəyyən olunmuş qaydada onların olduğu yer üzrə qeydiyyatlarının təmin edilməsi işinə məsuliyyətlə yanaşmalıdırlar.