Daha bir yolda təmir işləri aparılır

Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq işlərə start verilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, uzunluğu 29 km, eni isə 5-6 metr olan yol ötən əsrin 50-60-cı illərində salınıb. İstismar müddəti bitmiş yol torpaq və qara örtüklüdür.  Layihə çərçivəsində yol yatağının eni 10 metrə qədər genişləndirilir. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyinlərin eni isə 2 metr olacaq. Layihə çərçivəsində avtomobil yolunun altından suların ötürülməsi, əkin sahələrinin suvarılması üçün 110 yerdə müxtəlif diametrli suötürücü boruların tikintisi və mövcud 3 körpünün təmir-bərpası işləri də həyata keçiriləcək.

Ağsu rayonunun 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi həmin ərazidə kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq, həmçinin 8 min nəfər əhali rayon mərkəzinə və Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxış əldə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00