Əbülfəz Elçibəyin doğum günüdür

İyunun 24-də Azərbaycan Respublikasının demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin anadan olmasının 78-ci ildönümü tamam olur. 1938-ci il, iyun ayının 24-də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olan Əbülfəz Elçibəy 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. O, elmi fəaliyyəti dövründə "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək 1969-cu ildə tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparır, gizli tələbə dərnəkləri yaradır və azadlıq ideyalarını geniş şəkildə yayır. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da dönmədən təbliğ edir.  1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olur. O, Hərəkatın təşkilatlanmış forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olur. 1992-ci il, iyunun 7-də Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb. Əbülfəz Elçibəyin prezidentliyi dövründə əldə etdiyi ən ciddi nailiyyət və xalq qarşısında misilsiz xidməti isə  rus ordusunun Azərbaycandan çıxarılması oldu. Yorulmadan demokratiya və milli bütövlüyümüz uğrunda mübarizə aparan Əbülfəz Elçibəy uzun sürən xəstəlikdən sonra 22 avqust 2000-ci ildə - 63 yaşında qardaş Türkiyənin Ankara şəhərində əbədiyyətə qovuşur. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00