Əbülfəs Qarayev TÜSİAB-ın nümayəndə heyəti ilə görüşüb
23 İyun 2016 14:56 Sosialİyunun 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Türk Sənayesi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) üzvləri ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə TÜSİAB-ın idarə heyətinin sədri Cəlil Polat, təşkilatın katibi Ufuk Aydın, idarə heyətinin üzvləri Mehmet Əli Uğur və Mehmet Akbıyık iştirak edib. Nümayəndə heyətini salamlayan Əbülfəs Qarayev ölkəmizin qardaş Türkiyə Cümhuriyyəti ilə bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırıb. Eyni zamanda turizm sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacibliyi haqqında danışıb. Əbülfəs Qarayev turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu qeyd edib, son illər bu sahədə böyük irəliləyişə nail olunduğunu bildirib. Nazir iki ölkə arasında qarşılıqlı turist səfərlərinin artırılması üçün bir sıra vacib addımlardan danışıb, bu əlaqələrin inkişafının bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə edib. C.Polat həmçinin Türkiyə iş adamlarının Azərbaycanın turizm sənayesinə də investisiya qoymaqda maraqlı olduğunu diqqətə çatdırıb.