Rəsmi nikahı olmayanlara kəbin kəsən mollalar cəzalandırıla bilər
23 İyun 2016 14:55 SosialAzərbaycan müsəlman ölkəsi olduğundan ailə quran cütlüklərin kəbininin kəsilməsi normal hal kimi qəbul olunur. İslama görə, kişi ilə qadın həyatlarını birləşdirməyə qərar verdikdə, onların arasında mütləq kəbin kəsilməlidir. Yəni onlar arasında nikah bağlanması vacibdir. Reallıqda da Azərbaycanda elə ailələr var ki, uzun müddət yalnız dini kəbinlə yaşamalı olurlar. Lakin belə nikahın hüquqi qüvvəsi olmadığından yarana biləcək hər hansı problemin həllində sübut növü kimi istifadə oluna bilmir. Odur ki, ailə quran tərəflər arasında rəsmi nikah müqaviləsının bağlanması zərurəti yaranır. Ancaq məsələ orasındadır ki, hazırki şəraitdə bəzi din xadimləri və mollaların fəaliyyəti nəticəsində rəsmi dövlət nikah müqaviləsinin bağlanması məsələsi arxa plana keçib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən mövcud anlaşılmazlığın aradan qaldırılması məqsədilə təklif olunub ki, mollalar rəsmi dövlət nikahı olmayan cütlüklərin dini kəbinini kəsməsinlər. Fakt isə ondan ibarətdir ki, hazırda bu tövsiyəyə elə də ciddi şəkildə əməl olunmur. Odur ki, yaxşı olardı ki, rəsmi dövlət nikahı olmayan şəxslər üçün dini kəbin kəsən mollaların cəzalandırılması məsələsi gündəmə gətirilsin. Bir daha xatırladaq ki, əslində, kəbini kişi ilə qadın özləri kəsməlidir. Yəni tərəflər Allah qarşısında bir-birilə ailə qurduqlarını dilə gətirməklə əqd bağlamalıdırlar. Amma əgər bunu edə bilmirlərsə, onda onların kəbinlərini başqası kəsə bilər.