Əmək Nazirliyi Qarabağ müharibəsi əlillərini yeni mənzillərlə təmin etdi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ağdaş və Göyçay rayonlarında 5 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Yeni evlərin təqdim olunması zamanı ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulanıb. Qeyd olunub ki, Azərbaycanda uğurla davam etdirilən mühüm sosial poqramlardan biri də Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin edilməsinə yönəlib. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bütün bölgələrində bu istiqamətdə məqsədyönlü işlər aparılır. Nazirlik tərəfindən keçən il 281 nəfər, cari ilin ötən dövründə isə 200 nəfərdən çox Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilib.

Yeni fərdi yaşayış evlərinin təqdim olunduğu Qarabağ müharibəsi əlilləri hər bir sahədə daim Prezident qayğısını hiss etdiklərini vurğulayıblar. Onlar müharibə əlilləri və şəhid ailələrinin maddi təminatlarının gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə aparılan işlərdən razı qaldıqlarını vurğulayıb, bütün bu işlərə və yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00