Brüsseldə Xocalıya dair kitabın təqdimatı keçirilib
21 İyun 2016 17:19 SosialErmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanları - bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqınların problemləri hər il 20 iyun tarixində qeyd olunan BMT Ümumdünya Qaçqınlar Günündə diqqət mərkəzində olub. Belə ki, iyunun 20-də Brüsseldəki "Press Club Brussels Europe" da "Khojaly Witness of a war crime - Armenia in the Dock" ("Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə") adlı kitabın təqdimatı keçirilib.
Avropa Azərbaycan Cəmiyyətinin Brüssel ofisi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov, Azərbaycanın NATO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim , Avropa İttifaqı və Belçika diplomatları, mətbuat və QHT nümayəndələri, Azərbaycan diasporasının fəalları və beynəlxalq hüquq tərəfdarları iştirak edib.
TEAS-ın Brüssel ofisinin direktoru Mark Vervilgen öz giriş nitqini BMT Baş Katibi Pan Qi Munun sözləri ilə başladı: "Qaçqınlar da başqaları kimi adi insanlardır, sizin və mənim kimi. Onlar deportasiyaya məruz qalmazdan əvvəl adi həyat tərzi keçirirdi. Onların ən böyük arzusu yenidən öz evlərində və ölkələrində normal yaşaya bilməkdir."
O, nitqini davam edərək bildirib ki, bugünkü tədbirin əsas məramı bir milyona yaxın azərbaycanlının ədalətsizliyin qurbanı olması faktını buraya toplaşanların diqqətinə çatdırmaqdır. Onlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz evlərini və dogma torpaqlarını zorla tərk etməli olublar. Bu, Avropada olan ən böyük məcburi köçkün kontingentidir. Azərbaycan dünyada adam başına düşən ən çox məcburi köçkünü olan ölkələrdən biridir.
Mark Vervilgenin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının, Avropa İnsan Hüquqları Məhkəməsinin
(AİHM) və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Ermənistanın işğalçılıq siyasətini pisləməsi haqqında qəbul etdiyi müvafiq qətnamələrə baxmayaraq 20 ildən çoxdur ki, heç nə dəyişməyib.
Daha sonra, "Müharibə çinayətinin Xocalı şahidi. Ermənistan müttəhimlər kürsüsündə" kitabından bəhs edən M.Vervilgen vurğulayıb ki, Ermənistan 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş kütləvi insan qırğını ilə bağlı etdiyi cinayətlərə görə məsuliyyətini inkar etməkdə davam edir. Bunlar, hazırda Ermənistan prezidenti, o zaman isə səhra komandiri olan Serj Sarqsyan tərəfindən təşkil edilmişdir.
Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında Daimi Nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bildirib: "Mən bu müharibənin həm şahidi, həm də qurbanıyam. Ermənistan - Azərbaycan münaqişəsi nəticəsində torpaqlarımızın təqribən 20 faizi işğala məruz qalıb. Bir milyona yaxın azərbaycanlı öz torpağında məcburi köçkün və qaçqın vəziyyətində yaşayır.
Xocalı qırğını mülki əhaliyə təsviredilməz şəkildə təsir göstərmişdir. Ümumilikdə, 613 nəfər mülki şəxs öldürülmüşdür. Ölənlər arasında qadın və uşaqlar da vardı. Yüzlərlə insan itkin düşmüşdür. Ermənilər öz evlərindən qaçmağa məcbur olan və ailə üzvlərini itirən dinc mülki əhaliyə atəş açmışdı.
Bu faciə 24 il bundan öncə baş verib. Xocalı faciəsi haqqında məlumatlı olmağınız bizə gələcəkdə bu cür faciəvi ssenarinin təkrarlanmasının qarşısını almağa yardım edəcək. Bütün beynəlxalq təşkilatlar qəbul edir ki, hazırkı status -kvo davamlı ola bilməz".
Kitabın ərsəyə gəlməsi haqqında bəhs edən nəşrin redaktoru İan Pert bildirdi ki, ilk növbədə biz həqiqəti bərqərar etmək istəyirdik. Xocalı faciəsinə dair materialları dərindən bilən əcnəbi mütəxəssislərin iştirakı ilə tərtib olunan "Khojaly Witness of a war crime. Armenia in the dock" kitabı kompozisiyasına və əhatə etdiyi təkzibedilməz sənəd və materiallara görə sözün əsil mənasında unikal bir nəşrdir. Burada Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümkündür.
İan Peartın sözlərinə görə, biz güllələrdən qaça bilən və bəxti gətirmiş insanlardan müsahibə almağa nail olduq. Bu inanılmaz dərəcədə çətin oldu. Ona görə ki, bu ifadələr həm müsahibə vərənlər, həm də kitab tərtibatçıları üçün çox ağrılı idi: "Gəlin rəqəmlər haqqında yox, insanlar haqqında danışaq. Məsələn, o vaxt 12 yaşında olan və qohumu ilə birgə canını qurtara bilən Yasəmən Həsənova haqqında. Onun atası özünü
müdafiə qüvvələrinin sıralarında döyüşüb və sonradan həlak olmuşdur. Anası isə itkin düşmüşdü. Və bir neçə il sonra, o, anasının cəsədini televiziyada nümayiş etdirilən arxiv çəkilişlərdə görmüşdü. O, quyudan su götürdüyü zaman güllə ilə vurulmuşdu. Yasəmən demişdi ki, heç vaxt düşünməzdim ki, kimsə anasının əsir götürülmədən öldürüldüyünə sevinə bilər.
Hazırda Yasəmən müəllimədir. Şagirdləri ondan Xocalı haqqında soruşanda, o, deyir: "Mən onlara Xocalının əski tarixindən və nə qədər gözəl olduğundan danışıram".
Xahiş edirəm, öz torpaqlarına qayıtmaq istəyən bu insanlara yardım etmək üçün bütün imkanlarınızdan istifadə edin" - tədbir iştirakçılarına müraciət edən İan Peart belə deyib.
Sual-cavab sessiyasında çıxış edən Belçikadakı Ermənistan səfirliyinin diplomatının şərhinə İan Peart belə cavab verib: "Britaniyalı jurnalist Tomas de Vaalın "Qara Bağ" ("Black Garden") kitabında Ermənistan prezidenti Serj Sarqsyandan sitat gətirilir. Ondan Xocalı qətliamı haqqında soruşulanda, o, belə cavab verib: "Xocalıdan əvvəl azərbaycanlılar düşünürdü ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi sındıra bildik."
Məlumat üçün bildirək ki, ilk dəfə ingilis dilində nəşr olunan bu toplu 2014-cü ildə Londonun "İTHACA Press" nəşriyyatında işıq üzü görüb. Kitab rus, türk və fransız dillərinə tərcümə edilib. Kitab tanınmış Qərb nəşriyyatları tərəfindən Xocalı faciəsi haqqında nəşr edilən ilk topludur.