Milli dəyərlərimizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz
21 İyun 2016 16:34 SosialGənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması bütün dövrlərdə ölkəmizdə prioritet məsələ olub. Düzdür, müəyyən zaman kəsiyində bu məsələyə bir qədər az, bir qədər çox diqqət ayrılsa da, lakin bütün halda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi diqqət mərkəzində olub. Açıq şəkildə etiraf etmək lazımdır ki, gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik ruhunun artırılması bir qayda olaraq ümummilli lider Heydər Əliyevin hər zaman diqqət yetirdiyi məsələlər sırasında yer alıb. İstər Azərbaycana rəhbərlik etdiyi 1969-82-ci illər, istərsə də 1993-2003-cü illər ərzində Heydər Əliyev daima gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində sistemli iş aparıb, bu sahədə məqaədyönlü tədbirlər həyata keçirib. Təsadüfi deyil ki, ümummilli lider gənclərlə keçirdiyi hər bir görüşdə, toplantıda onlara Vətənə məhəbbət hissi ilə böyüməyi, vətənpərvər ruhda olmağı tövsiyyə edirdi.
Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Respublika Komitəsinin keçmiş sədr müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Şaiq Əsgərov deyir ki, türk dünyasının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev öz parlaq nitqlərində, məzmunlu çıxışlarında XX əsrdə xalqımızın əldə etdiyi tarixi qələbəni - müstəqilliyimizin qorunub saxlanılmasında xalqın milli şüurunun güclü şəkildə oyanmasını və vətənpərvərlik şüuruna çatdırılmasını dönə-dönə təkrar edib: "Bütün varlığı, ruhu, duyğuları ilə xalqına, vətəninə bağlı olan, ömrünün milli dövlətçilik ideologiyasının inkişafına və bərqərar olmasına həsr edən, Azərbaycanı qarış-qarış qurub inkişaf etdirən Heydər Əliyev təkcə milli-mənəvi dəyərlərimizin, dövlətçiliyimizin təşəkkülünə töhfələr vermədi, milli mənlik və milli kimlik şüurumuzun inkişafına təkan verdi".
Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik şüuru, dil, mədəniyyət, vicdan azadlığı, iqtisadiyyat, elm konsepsiyalarının bugünkü inkişafımızın təməlini təşkil etdiyini qeyd edən Şaiq Əsgərov vurğulayıb ki, Heydər Əliyevin milli vətənpərvərlik ideyaları bu gün yeni mahiyyət alıb, daha da genişlənərək bütünlükdə xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilib, xalqımıza vətən sevgisi, vətən birliyi, vətən bütövlüyü hissi aşılayıb: "Ulu öndərin fikrincə, vətən yalnız insanların toplumu olan, sadəcə coğrafi ərazi deyil, vətən hər bir azərbaycanlının harada yaşamasından asılı olmayaraq, şan-şöhrəti, namusu, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, bəxti, taleyi, gücü, qüdrəti, ədəbi səcdəgahıdır. Səməd Vurğunun "Azərbaycan" şerini söyləyərkən ulu öndərin necə kövrəldiyinin hamımız canlı şahidiyik. Bugünkü müasir, müstəqil, çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, ağlını, zəkasını, öz xalqına, millətinə həsr etmiş ulu öndərimiz Heydər Əliyevin bizlərə, müasir nəsillərə ən müqəddəs, ən ülvi əmanəti, yadigarıdır. Heydər Əliyevin milli vətənpərvərlik ideyalarında ən önəmli məsələ bütün xalqımızda, xüsusən gənc nəsildə milli şüurun formalaşdırılması məsələsidir. Ümummilli liderin fikrincə, milli şüur öncə vətənpərvərlik şüurudur. Heydər Əliyev çıxışlarının birində göstərirdi: "O vaxt Azərbaycan gəncləri, elmi şüurla, vətənpərvərlik şüuru ilə yaşayan insanlar Azərbaycana qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi. Eyni zamanda, bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu göstərdi. Ancaq eyni zamanda, Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru var". Natiq qeyd edib ki, Heydər Əliyevin milli vətənpərvərlik ideyalarında ən önəmli yerlərdən birini də müasir nəsli milli ruhda, milli vətənpərvərlik ruhunda tərbiyə etmək məsələsi tutur: "Müasir nəslin milli ruhda tərbiyəsi: soy-kökümüzdəki, milli mədəniyyətimizdəki, adət-ənənələrimizdəki, milli-mənəvi varlığımızdakı müsbət və mütərəqqi cəhətləri yeniləşdirməkdən, dirçəltməkdən və təlim-tərbiyə prosesində ondan maksimum istifadə etməkdən ibarətdir. Ulu öndər Gənclərin I Forumundakı nitqində (1996-cı il) öz narahatlığını belə bildirirdi: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən tarixi yaxşı bilməyən, gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik sadəcə orduda xidmət deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik!". Ulu öndər Heydər Əliyevin fikrincə, dövlətçiliyimizin möhkəmlənməsi gənclərin bir şəxsiyyət kimi formalaşmasından - onların milli ruhda tərbiyəsindən çox asılıdır. Milli ruh, hər şeydən öncə, vətənpərvərlik ruhudur. Ulu öndər demişdir: "Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni torpağı müdafiə etmək, hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır".
Şaiq Əsgərov qeyd edib ki, vətənpərvərlik hissi tariximizə, doğma torpaqlarımıza bağlılıqdan, onları düşmənlərdən qorumaqdan başlayır: "İndiki halda milli vətənpərvərlik hissi hər bir azərbaycanlının bir vətəndaş kimi yerini, mövqeyini, ləyaqət və dəyanətini müəyyən edir, onu bu yolda misilsiz qəhrəmanlıqlar və fədakarlıqlar göstərməyə ruhlandırır. Heydər Əliyev gənclərin milli vətənpərvərlik, hərbi-vətənpərvərlik problemlərini daim diqqətdə saxlayırdı. Hərbi vətənpərvərliyi milli vətənpərvərliyin zirvəsi hesab edən ulu öndər gəncləri hərbi xidmətə hazırlamağa, orduda qulluq edən gənclərə qayğı göstərməyə, onların fiziki və mənəvi, hərbi-texniki hazırlığını yüksəltməyə xüsusi əhəmiyyət verirdi. Heydər Əliyev gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: "Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır". O, bildirib ki, milli vətənpərvərlik hissinin formalaşdırılması təbii ki, milli şüurun əsasında duran milli mənlik şüurunun inkişaf etdirilməsi ilə mümkün olduğunu qeyd edən məruzəçi vurğuladı ki, milli soy-kökə qayıdış, milli tarixi yaddaşın bərpası, milli soy-kökünü bilmək, onu sevmək kimi mənəvi keyfiyyətlər də ulu öndər Heydər Əliyevin milli vətənpərvərlik elmi konsepsiyasında önəmli yer tutur: "Xalqımızın özünəməxsus zəngin tarixi keçmişini düzgün, dərindən bilmək, həmişə öz tarixi keçmişimizə hörmət və məhəbbətlə yanaşmaq gənclərdə milli vətənpərvərlik hissini daha da artırır, möhkəmləndirir. Ulu öndərin hər il dövlət səviyyəsində keçirilən Novruz bayramında xalqın içərisində olması, xalqı təbrik etməsi, onun milli adət-ənənələrimiz, qədim adətlərimizin qorunub saxlanılmasına münasibəti onun öz milli soy-kökünə - azərbaycançılıq kökünə qəlbən bağlı olduğunu bir daha sübut edir. Ümummilli liderimiz Heydər Əliyevin şəxsi nümunəsi bütün xalqımızda milli vətənpərvərlik hissinin oyanmasında canlı örnəkdir. Yaxşı deyiblər ki, əgər bir milləti məhv etmək istəyirsənsə, əvvəlcə onun dilini məhv et. Göründüyü kimi, vətənə sevgi ana dilinə hörmətlə başlayır. Ana dilinə hörmət millətə hörmət, ana dilinə sevgi isə millətə sevgi deməkdir. Ulu öndərimiz çox zəngin və gözəl bir dildə, Azərbaycan dilində səlis, ifadəli, emosional, təsirli, mədəni danışması ilə fəxr edir, qürur və şərəf duyurdu, bununla da o, doğma dilimizi daha da şərəfləndirirdi. Dilimizə - milli sərvətlərimizə, mədəniyyətimizə, tariximizə nə qədər yüksək qiymət versək, qeyri millətlərin yanında xalqımızın dəyəri, qiyməti o qədər artar". Şaiq Əsgərov qeyd edib ki, ulu öndərin milli vətənpərvərlik ideyaları - milli şüurumuzun, milli mənlik şüurumuzun təşəkkülü, milli soy-kökümüzə, milli özünəqayıdış, milli özünüdərketmənin, milli-mənəvi sərvətlərimizə münasibətin təzahürü çox mühüm, humanist problemlərin-doğma dilimizə, dinimizə, tarixi keçmişimizə münasibətin öyrənilməsində Azərbaycan xalqının milli ruhu, milli vətənpərvərlik hissi, milli qüruru, milli mənliyi, milli heysiyyəti, vətəndaşlıq şüuru, milli mənəvi dəyərlərimizə hörmət və məhəbbətin ifadəsi olan perspektiv fəaliyyət proqramıdır.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir