Respublikada yaradılmış ilk piknik zonasına gələn turistlərin sayı artmaqdadır
21 İyun 2016 15:27 SosialYeni yay turizm mövsümündən etibarən Bakı yaxınlığında - Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisində ölkədə ilk dəfə olaraq piknik zonası işə düşüb. "Qobulənd" istirahət mərkəzinin ərazisində fəaliyyət göstərən istirahət zonası ailəvi və qrup formasında istirahəti sevənlər üçün nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, istirahət mərkəzinin ərazisində vətəndaşların öz istirahətlərini mənalı və yaddaqalan keçirməsi üçün bütün şərait yaradılıb. Burada otel, restoran, uşaq əyləncə meydançaları, göl, balıq tutmaq üçün şərait var. İstirahət zonasının fərqli xüsusiyyəti burada piknik zonasının yaradılmasıdır. Belə ki, mərkəzin qonaqları restoranın xidmətlərindən istifadə etmədən ərazidə öz məhsullarını bişirə və lazımi ləvazimatları icarəyə götürməklə otura bilər. Göldən balıq tutmaq istəyənlər üçün də hər şərait mövcuddur. Bundan əlavə piknik zonasında müxtəlif əyləncə növlərindən istifadə etmək olar. Burada göldə katamaran, ərazidə velosiped sürmək, kartinq, qolf və elektrik avtomobilləri ilə gəzinti mümkündür. Piknik zonasında şeytan çarxı attraksionu, voleybol meydançası və tennis, bilyard stolları da ixtiyarınızdadır. Bakıdan uzaqda olmadığı üçün bura minik avtomobili ilə asanlıqla çatmaq olar. Minik avtomobili olmayanlar istirahət mərkəzinə qrup şəkilində avtobuslarla gələ bilərlər.