Xalça Muzeyində “Ailə festivalı” adlı tədbir keçiriləcək

25-26 iyun tarixlərində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Xalça Muzeyinin Uşaq Muzeyi şöbəsinin təşəbbüsü və Əsli Səmədovanın kuratorluğu ilə "Ailə festivalı" adlı tədbir keçiriləcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Ailə festivalı" adlı tədbirin proqramı müxtəlif yaş həddinin maraqlarına cavab verəcəkdir. Tədbirin qonaqları Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarixi və mədəniyyəti ilə yaxından tanış olacaqlar. Burada eyni zamanda, xalçanın yaranma prosesi ilə tanışlıq, ekspozisiya guşələrində müxtəlif maraqlı müsabiqələrin, muzeydə düzgün davranış və eksponatların dərk edilməsi məqsədilə oyunların keçirilməsi nəzərdə tutulub. Festivalın yüksək səviyyədə təşkili və keçirilməsi üçün muzeyin əməkdaşları ilə bərabər Əsli Səmədovanın təşəbbüsü ilə buraya cəlb edilən könüllülər də iştirak edəcəklər. Festival çərçivəsində Əsli Səmədovanın təşəbbüsü, UNESCO-nun və xarici muzeylərin dəstəyi ilə "Milli İrsimiz" layihəsi Nyu-Yorkun Metropolitan muzeyinin ailə turu motivi əsasında hazırlanmış "Detallarda gözəllik" adlı xüsusi ailəvi marşrut xəritəsinin, Londonun Viktoriya və Albert Muzeyinin əlaqələndirici oyunlarının, muzey kolleksiyasını əks etdirən foto-ovların, xüsusi rəngləmə və pazlların, "Art-detektiv" müsabiqələrinin nümayişini təqdim edəcək. Tədbirlərin əksəriyyəti 6 yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00