TQDK əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə qəbul imtahanı keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 15-də 2016/2017-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. TQDK-dan APA-ya verilən məlumata görə, bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 6-dan etibarən TQDK-nın internet saytında müvafiq səhifəyə (https://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov)  daxil olaraq "Abituriyentin imtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı saytın müvafiq səhifəsində (https://eservices.tqdk.gov.az/brxvbak/yaddas_kitab.pdf) onlara "Yaddaş kitabçası" da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. TQDK-dan onu da bildiriblər ki, imtahanda 14 495 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 6859 abituriyent II qrup üzrə, 7636 abituriyent III qrup üzrə imtahan verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00