Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı heç bir problem yoxdur
6 May 2016 16:29 Sosial"Açıq Hökümət Tərəfdaşlığı İdarə Heyəti tərəfindən ölkəmizə qarşı qəbul edilmiş qərarın tam qərəzli olduğuna heç bir şübhə yoxdur". Belə bir açıqlama ilə çıxış edən "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov "OLAYLAR"-a deyib ki, bundan öncə də belə bir qərarı keçən ilin aprel ayının 15-də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü təşkilatı qəbul etmişdi: "Təşkilatın qərarı ilə Azərbaycanın statusu aşağı salınaraq onu tamhüquqlu üzvdən müvəqqəti üzvlüyə endirmişdilər. Bu qəbildən olan qərarlara ölkəmizə qarşı aparılan kampaniyanın tərkib hissəsi kimi baxılmalıdır". İqtisadçı deyib ki, Azərbaycan Mədən Sənayesində Şəffaflıq təşkilatının yaradılmasının təşəbbüskarlarından birincisidir: "Əgər ölkəmiz belə bir təşkilatın tələblərinə cavab verməsəydi, onda heç onun yaradılmasına təşəbbüs də göstərməzdi. Açıq Hökümət Tərəfdaşlığı İdarə Heyəti tərəfindən növbəti dəfə eyni motivlərlə uyğun qərarın qəbulu isə o deməkdir ki, burada hər şey "bir mərkəzdən" idarə olunur. Bu "mərkəzə" isə sapı özümüzdən olan qulbeçələr dəstək verirlər. Hər iki qərarda motivlər eynidir: - "vətəndaş cəmiyyətinin fəaliyyəti üçün mövcud olan problemləri həll etmədiyinə görə" bizi "cəzalandırırlar". Fikrət Yusifov deyib ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı heç bir problem yoxdur və ola da bilməz: "Yüzlərlə qeyri-hökumət təşkilatları sərbəst fəaliyyət göstərir, saysız-hesabsız internet portalları, qəzetlər müstəqil çalışırlar, minlərlə sosial şəbəkə istifadəçiləri mövcuddur. Belə olan halda Azərbaycan hökümətinə nə kimi iradlar irəli sürülə bilər? Əgər hansısa bir cinayətkar qeyri-hökumət təşkilatı adı altında dövlətçiliyimizə zərbə vurmaq yolunu seçibsə, deməli dövlətimiz buna göz yummalıdır? Bu nə qədər doğrudur? Ona görə də bu qəbil qərarların qərəzli olduğuna heç bir şübhəmiz yoxdur. Bizim işimiz haqq işidir və Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti bu haqq işi müdafiə etmək yolundadır".