Universitetdə hüzün yaşandı
“Ana intiqamı” ADNSU-nu göz yaşına boğdu
6 May 2016 16:17 SosialMayın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Teatr Klubu Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Şuşanın işğalıyla bağlı səhnələşdirilmiş "Ana intiqamı" tamaşası nümayiş edildi. Tamaşa ADNSU kollkektivinə hüzün yaşatdı.
Tamaşada bir ananın şəhid oğlunun intiqamı ilə cəbhə bölgəsinə üz tutmasından bəhs edilir. Oğlunun ruhu ilə danışan ana şəhid balasının nişanlısına evini və oğlunun məzarını əmanət edərək cəbhəyə yollanır. Kənd ağsaqqalları, müəllim heyəti, qonşular Qumru müəlliməyə mane olmaq istəsələr də o, inadından dönmür. Elə düşünür ki, erməniləri öldürməklə oğlunun intiqamını almış olacaq. Lakin döyüş zamanı erməni əsgərinə silah qaldırsa da onu vurmağa əli gəlmir. Çünki hər şeydən əvvəl o, ANAdır. Qaçmasına imkan verdiyi xəbis erməni isə gəlib onu arxadan vurur... Ana ilə oğulun ruhu göylərdə qovuşur...
Tamaşadan sonra universitetin rektoru Mustafa Babanlı aktyor tələbələrimizlə bir-bir görüşərək, mükəmməl oyun üçün təşəkkürünü bildirdi. Rektor gənclərin diqqətinə çatdırdı ki, torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrinə hər an hazır olmaq lazımdır. Bunun üçün isə indiki vaxtda tələbələrimizdən yalnız elmləri, savadları ilə özlərini sübut etmələri tələb olunur.
Xatırladaq ki, "Ana intiqamı" tamaşasının qurluşçu rejissoru Vasif Uğurdur. Rollarda İTİF-in tələbələri Gülşən Qarayeva, Sənan Camallı, Fatimə Əlili, Elnur Əsədov, Ülvi Əsədov, Aqşin İsazadə, Məhluqə Bayramova, Fərhad Eyvazov, Gəncəli İmanov, Cəmilə Nəsirzadə və SABAH qrupunun tələbələrindən, Nicat Məmmədov, Sərxan Musazadə, Muhammad Namazlı iştirak ediblər.