Deputatlar bankları sərt tənqid etdilər
"Banklar haqqında" qanun dəyişdirildi
6 May 2016 16:12 SosialMilli Məclisin mayın 6-da keçirilən plenar iclasında bir sıra qanun layihələrinin müzakirəsi aparılıb. Əvvəlcə MM-in iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsini təqdim edib. Sənəddə bir sıra istehsal və xidmət sahələrinə tətbiq edilən vergilərin artırılması nəzərdə tutulur. Millət vəkili Vahid Əhmədov bildirib ki, bəzi sahələrə tətbiq edilən 18 % əlavə dəyər vergisi götürülməlidir: "Bizim qəbul etdiyimiz dəyişikliklər Azərbaycan iqtisadiyyatı üçün önəm daşıyır. Qanunda vergidən azad edilmə sənaye parkları ilə yanaşı onlarla müqavilə bağlayan podaratçı və subpodratçı qurumlara da aid edilir. Ancaq podaratçı təşkilatların vergidən azad edilməsi sonradan problem yarada bilər. Məncə, buna ciddi diqqət edilməlidir. Odur ki, vergi güzəşti ancaq sənaye parkları üçün gətirilən avadanlıqlara şamil olunmalıdır". Deputat qeyd edib ki, bəzi məhsullar üçün 18 % əlavə dəyər vergisinin tətbiqi problem yaradır. O, qeyd edib ki, xüsusən ərzaq məhsullarına tətbiq edilən 18 % əlavə dəyər vergisi azaldılmalı və ya ləğv edilməlidir. Deputat Cavid Qurbanov da həmkarının təkliflərini dəstəkləyib. Əlavə edib ki, bəzən Azərbaycan dəmir yolları üçün müəyyən avadanlıqlar alırlar: "Bu mallar ölkəmizdə istehsal edilmir, xaricdən gəlir. Ancaq gömrükdə onlara əlavə dəyər vergisi tətbiq edilir. Bu da, çətinliklər yaradır. Hesab edirəm ki, Nazirlər Kabineti bəzi vacib malları əlavə dəyər vergisindən azad edə bilər. Bu olduqca vacib məsələdir". Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov isə təklif edib ki, Azərbaycana gətirilən qəzet və kağız malları üzərindən əlavə dəyər vergisi götürülsün və bu dəyişiklik Məcəllədə öz əksini tapsın. Vitse-spiker Ziyafət Əsgərov isə deyib Azərbaycanda mətbuata dövlətin qayğısı hər zaman diqqət mərkəzində olub: "Müzakirələr zamanı bəzi deputatlar təklif etdi ki, mətbuata tətbiq edilən əlavə dəyər vergisi götürülsün. Lakin bu gün müzakirə mətbuatla bağlı deyil, daha çox sənaye parklarının stimullaşdırılması ilə əlaqəlidir. Əgər sizin bununla bağlı təklifləriniz varsa, qanunvericilik təşəbbüsü ilə çıxış edə bilərsiniz". Ardınca "Banklar haqqında" Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılıb. Deputat İlham Əliyev qeyd edib ki, banklar insanları fəlakətə sürükləyir. İndi də bu dəyişikliklər bank səhmdarlarının hüquqlarını artır. Millət vəkili deyib ki, bu yaxınlarda komitə sədri Ziya Səmədzadə ilə birlikdə Banklar Asosiyasiyasının təşkil edilən görüşdə iştirak ediblər: "Çox müsbət hal idi ki, orada bankların çoxunun rəhbəri də iştirak edirdi. Mən orada iradlarımı bildirdim. Bizə çoxlu sayda seçicilərimiz müraciət edilər. Onlar əsasən xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Təsəvvür edin ki, kredit müqavilələri elə kiçik şriflərlə yazılır ki, onları eynəklə oxumaq da mümkün deyil. Banka kredit almağa gələn insanı müqavilə ilə ilk tanış edən şəxs krediti verən mütəxəssis olmalıdır. Amma pul-maliyyə münasibətləri ilə yaxından tanış olmayan insanlar müqaviləni oxumadan imzalayırlar. Müqavilə dollar ekvivalenti olsa da, manatla krediti verirlər. Sonra isə devalvasiya olur və bəlli olur ki, sahibkar daha çox pul ödəməlidir. Mən görüşdə açıq dedim ki, insanları yükləmək olmaz. Öz risqlərini sığortalamaq üçün böyük faizlə kredit verirlər. Özü də, çox zaman müqavilədə faizi qeyd etmirlər. Mən sizdən xahiş edirəm ki, bu məsələyə ciddi yanaşmaq lazımdır, insanları fəlakətə sürükləmək olmaz". Deputat Elmira Axundova isə deyib ki, dəyişikliklər şəffaflığa və eyni zamanda kreditlərin verilməsinin sərtləşdirilməsinə xidmət edir: "Bu başadüşünləndir. Çünki son zamanlar bankların kredit siyasəti onların özünə ciddi ziyan vurub. Ancaq son dövrlər sahibkarlar kreditlər ala bilmirlər. Düşünürəm ki, bu dəyişikliklər qüvvəyə minsə sahibkarlar bir qədər də çətin duruma düşə bilər. Odur ki, hesab edirəm ki, kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara kreditlərin verilməsi bir qədər yumşaldılmalıdır. Əgər sahibkar kredit götürürsə və sənədində qüsur varsa ona köməklik göstərilməlidir ". Spiker Oqtay Əsədov qedy edib ki, kredit götürən insan faizi bilməlidir: "Artıq dollarla kredit məsələsi bağlanıb. Ancaq düz deyirsiniz ki, müqavilələr kiçik şriflərlə yazılır. Yəqin banklar kağız tapmırlar. Ziyad müəllim, xahiş edirəm Banklar Asosiyasiyasına məktub yazıb bu iradları bildirəsiniz". Müzakirələrdən sonra "Banklar haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi təsdiqlənib. Dəyişikliyə əsasən səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətlərində edilən yeniliyə əsasən, banka aiddiyəti olan şəxslə dəyəri bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüquq olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcək. Həmçinin, Müşahidə Şurasının səlahiyyətlərinə də eyni məzmunda əlavə edilir. Belə ki, səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aiddiyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5 %-dək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək Müşahidə Şurasının səlahiyyətində qalıb. Digər dəyişiklik isə banklara aidiyyəti şəxslərlə əməliyyatların aparılması ilə əlaqədardır. Belə ki, qanunun 40-cı maddəsinə edilən dəyişikliyə əsasən, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda banklar aidiyyəti şəxslərə kredit verə bilməyəcək. Həmçinin, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, Müşahidə Şurasının qərarı olmadıqda banklar aiddiyyəti şəxslərə kredit verə bilməyəcək. Qeyd edək ki, hazırda 40-cı maddəyə əsasən, kreditin verilməsinə və onun şərtlərinə dair Müşahidə Şurasının razılığı və İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda banklar aiddiyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə kredit verə bilmir.
Alim